22 Fevral 2017 15:10
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 21-də Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi və Cenevrədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə əməkdaşlıq şəraitində bütün dünyada keçmiş və davam edən müharibələrin qurbanlarınıa həsr olunmuş anım konserti təşkil edilmişdir.

Teleqraf.com xəbər verir ki, tədbirdə 25 il bundan əvvəl 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsi xüsusilə yad edilmişdir. Bu hadisə – 106 qadın, 63 uşaq və 70 ahıl da daxil olmaqla 613 nəfər mülki şəxsin vəhşicəsinə öldürüldüyü - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli kütləvi qırğın hadisəsi olmuşdur.

Anım konsertində azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və Almaniyanın “Rhein-Quartett” adlı kamera ansamblı çıxış etmişdir. Konsert proqramı müxtəlif beynəlxalq təşkilatları, media, vətəndaş cəmiyyəti və diplomatiya ictimaiyyətinin 150-yə yaxın nümayəndəsi qarşısında təqdim olunmuşdur.

Anım tədbirini Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov açıq elan etmişdir. O, auditoriyaya silahlı münaqişələrin qarşısının alınmasında BMT-nin rolunu və beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında təşkilatın əhəmiyyətini vurğulamışdır. O, bildirmişdir: “İkinci Dünya müharibəsindən sonra BMT-nin yaradıldığı zaman beynəlxalq ictimaiyyət düşünürdü ki, münaqişələrdən azad bir dünya qurmaq mümkündür. Təəssüf ki, bu baş verməmişdir. Xocalı qırğını Azərbaycanın yaxın tarixinin ən ağrılı səhifəsidir. Biz keçmişin dərslərini öyrənməliyik. Buna görə də biz, bu axşam bütün müharibə və münaqişələrin qurbanlarını anırıq ki, Xocalı qırğını kimi hadisələr bir daha təkrarlanmasın.”

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter: “TEAS-ın direktoru olaraq Dağlıq Qarabağda gedən müharibəni qeyd etməsəm düzgün olmaz. Düz 25 il bundan əvvəl erməni işğalçılarından xilas olmaq üçün evlərini qoyub qaçan 613 nəfər kişi, qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. İki tamamilə eyni münaqişə olmur. Hər bir yeni müharibənin öz dəhşətli siması olur. Onları bir ortaq cəhət birləşdirir: bu da ən çox həmin müharibənin mərkəzində olan günahsız mülki vətəndaşların əzab çəkməsidir.

Konsert “Rhein-Quartett” kamera ansamblının qərb və azərbaycanlı bəstəkarlarının əsərlərini ifa etməklə davam etmişdir. Özü Birinci Dünya müharibəsinin qurbanı olmuş bəstəkar Enrike Qranadosun “Orientale” (ispan üslubunda kompozisiya), Əfrasiyab Bədəlbəylinin duyğusal “Azad Bir Quşdum”, Xəyyam Mirzəzadənin həzin “Bərzəni” adlı əsərləri çox ecazkar şəkildə ifa edilmişdir.

Anım gecəsi məşhur fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” adlı simfonik poemanın ifası ilə yekunlaşdırılmışdır. Əsərdə skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqinin elementlərindən geniş istifadə edilir.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin hərbi işğalını pisləyən və işğalçı qüvvələrin tamamilə çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu günə qədər Dağlıq Qarabağ və ona bitişik yeddi rayon da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir. Bunun nəticəsi olaraq Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən, evlərini tərk etməyə məcbur edilmiş bir milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində məskunlaşıb və onların yalnız bir arzusu var – sülh şəraitində öz evlərinə və torpaqlarına qayıtmaq arzusu.


Müəllif:

Oxşar xəbərlər