24 Fevral 2017 12:41
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Oqtay Qorçunun "Gedirəm... məni axtararsınız..." hekayəsini təqdim edir:

Onu otağa salıb dedilər ki, bir az gözləsin, çünki yanına gələn var və hazırda sənədləşmə aparırlar, indilərdə buraxacaqlar içəri. Eşitdiyi xəbərə sevindi, həm də qəribə bir nigarançılıq sardı onu, elə bil ürəyinə damdı, könülsüz düşündü: “Deyəsən bu gün də xoş xəbər olmayacaq”. Yəqin yenə şikayət eşidəcək, yenə də yanında gözünün yaşını sel kimi axıdıb onu da kövrəldəcəkdi kimsə. “Lənət şeytana! Səbir edək görək...” pıçıldayıb iri mavi gözlərini zillədi zindan təki ağır qara qapıya. Özünə təsəlli verə-verə bir əlçim ümiddən dağ qurdu anın qovarağında, özünə ürək-dirək verdi: “Heç nə də olmayacaq, boş şeydi” və darıxmamaqdan ötrü barmaqlarının quluncunu sındıra-sındıra gözləməyə davam etdi. Ayağa qalxdı, əl-qolunu açdı, bəzi idman hərəkətləri elədi, bir az otağın içində o baş-bu başa gəzindi, qayıdıb təzədən oturdu, masada nağara ritmi tuta-tuta taqqıltı saldı, nəhayət, dəhlizdə ayaq səsləri eşidildi və gələn adamın hənirini duyunca nağara musiqisini kəsdi. İnsafən bu dəfə çox gözlətmədilər onu. Əslində bekarçılıq onu bezdirsə də heç darıxmağa macal da tapmadı, yavaş-yavaş vərdiş edirdi qazamat həyatına. 52 gündən çox idi ki, məhkəməsiz-filansız həbsdə saxlanan adam gözünü azadlığa dikib dururdu.

Şaqqıltıyla qapı açıldı, içəri girən adam çiyninin üstündən geriyə boylanıb arxasında dayanana “Ört!” əmrini verdi, guya bu kəlməni amiranə tərzdə söyləməsəydi dəmir qapını açıq qoyacaqdı uzun, sarışın gözətçi. Qapı örtüldü və içəri girən şəxsi görən kimi tanıdı, həmin adamdı yenə, onu istintaq zamanı dindirən kişi. Salam verdi, köhnə dost təki görüşdü onunla bu dəfə tək gələn adam, canıyananlıqla hal-əhval tutdu, bir yerinin ağrıyıb-ağrımadığını soruşdu, sonra onunla üz-üzə əyləşib dərindən nəfəs aldı, hələ zarafatyana göz də vurdu məhbusa. Bambaşqa birisi idi sanki qarşısında, heç belə görməmişdi onu, yaman üzügülər və kefi kök, həm də şıq görükürdü bu gün. Parıldayırdı elə bil zalım oğlu, göyə çalan kostyumu da lap əyninə biçilmişdi, çox yaraşırdı ona.

“Giriş pis başlamadı, görək bu gün nə istəyəcək məndən, nə olmalıdır axı? Yenə dilə tutacaq ki, sənə kömək eləmək istəyirəm, gərək yardımçı olasan, bildiyin nə varsa hamısını danışasan. Biz hər şeyi bilsək, sən də azad olarsan. Nə deyəcək ki? Belə-belə qəşəng sözlər, sonra da valı dəyişəcək... Başlayacaq ki, ay nə bilim ağıllı ol, sən insanları tanımırsan, vaxtı itirmə... Qələt eləyirlər, elə hamısı! Mən yalançı deyiləm, mən satmıram, qoruyuram, gizlədirəm, yaşayıram ki, dostlar da yaşasın. Qoy bildiklərini eləsinlər... Aman, nə murdar havası varmış bu yerin!”

Onun göy gözlərinin içinə baxa-baxa sinəsini arıtlayıb lombasıyla qırağa elə tüpürdü ki, qarşısındakı “Vay!” deyə bağırdı, sonra iyrənə-iyrənə qan qusurmuş təki bir neçə dəfə xırıldadı, yerə tüpürüb diksinə-diksinə xeyli məhbusun qarasınca söyləndi, hələ dilindən ana söyüşü də çıxdı. Dindirmək üçün indi burada oturan adamın necə bir vəziyyətə düşdüyünü görmək böyük bir zövq, gözəl tamaşa idi onun üçün. Bir anın içində parıldayan bu adam büzüşüb dönmüşdü qara zibil paketinə. Qəzəbdən fınxırıb siqaret yandırdı və tüstünü dustağın üzünə üfürüb hədələdi: “Baxarıq... Görək haraya qədər gedəcəksən belə, səni elə sındırım ki...”

Gözlərini döyə-döyə baxdı qəzəbli adama. Boğanağa düşdü sanki birdən-birə, bezmişdi artıq eyni suallardan, dodağının altında mızıldandı:

- Yenə başlayacaqsan da...

Yüngülcə köksünü ötürdü, onu dindirəcək adama gözünü dikdi, bir daha özünə səbir, dözüm arzulayıb sakitcə gözlədi. Və özünü, içini-çölünü dönə-dönə çırpıb silkindi, şeytana lənət oxudu. Hələ gözü-könlü də açıldı bir az. Sevincək əhvalla xəbərdarlıq etdi:

- Qardaşım, mən hazıram ha!

- Sakit otur! Burada hər şeyi mən həll eləyirəm, eşitdin?

Kinsiz, nifrətsiz, qəzəbsiz, hətta bir az da sevirdi bu binada oturub ona və başqalarına əzab verən bu adamları. Onsuz da o, kimsəyə sığınmayacaq, əfv diləməyəcək, qanunsuz saxlandığına, həbs edildiyinə görə heç şikayət ərizəsi də yazmayacaqdı, çünki elə bir zaman gələcəkdi ki, bu adamların hamısı ayağına düşəcəkdilər onun, dizin-dizin sürünüb “Bizi də gizlət, bizə də sığınacaq, ev tap” deyə yalvaracaqdılar. O bu şəxsləri onlardan da yaxşı tanıyırdı və elə tanıdığına görə də indiki şəraitdə şikayətli olmağın nə qədər gülünc göründüyünü anlayırdı. Həbs eləməyi, işgəncə verməyi özünə peşə seçənlərin qarşısında gərək sınmayaydı da, onlara yazığı gəlsə də onsuz da onların dediyini eləməyəcəkdi, intəhası əl çəkmirdilər, zəli kimi yapışıb qopmaq bilmirdilər yerdə özünü ixtiyar sahibi bilənin bazburutlu əlaltıları. Ağır-ağır qalxdı, dikəlib onu dindirəcək adama altdan-yuxarı qıyqacı bir nəzər saldı, səbirli ədayla qarşısındakını indi görürmüş kimi hələ “Xoş gəldin” də söylədi. Söhbət başlayanadək özünü tarazlamağa çalışdı, dindirməni keçirən şəxsin zəhmli görkəmi qarşısında dimdik durdu.

Şübhəli şəxs kimi tutulanı belə toxtaq görən qara eynəkli, qoltuğu qovluqlu müstəntiq başının işarəsiylə ona stulu göstərib dilləndi: “Gəzmə, otur, rahat danışaq”. Oturmağıyla da müstəntiqin ağzı açıldı, yenə dili durmadı: “Balam, yaman kefi kök görsənirsən bu gün, nədir, yoxsa yaxşı xəbər almısan? De, biz də bilək də, birdən dostun plan-zad cızar, çaşıb buralara gələr, səni qaçırdar, xəbərimiz olmaz ha! Muğayat ol, belə bir plan olsa əvvəlcədən de, biz də işimizi bilək. Ayıbdı axı, gərək qapıda maşın qoyaq sizin üçün, yoxsa qaçıb getməyin bir yana, piyada qalarsan yolda, biabır olarıq. Xəbər elə əvvəldən, yoxsa inciyərəm ha səndən, eşitdin?!”. Öz şit zarafatına özü də elə ürəkdən güldü ki, onun da dodaqları qaçdı, ancaq dillənmədi. Araya düşən qısa sükut da meh təki əsib keçdi. Nəhayət, söhbətə başlamağa qərarlı müstəntiq siqaret yandırıb hələ ona da birini uzatdı. Başını buladı. Sorğu-sual başlandı.

- İndi necəsən?

- Mənim heç vaxt pis günüm olmur, lap əlayam!

- Yaxşı! Yaxşı!

Və keçdi mətləbə:

- Belə... Hə... Dünyadır da, hər şey olur, bax, heç kim də bilmir ki, sabah başına nə gələcək. Neyləmək olar e, həyatdı da. Özün bilirsən ki, biz istəsək də, istəməsək də belə qurulub hər şey. Biz buyruq quluyuq, nələrisə dəyişmək bizim işimiz deyil. Biz bilmirik, işimizi görürük, vəssalam! Dünyanın qəribə işdəkləri var, hər sirr bir gün aşkara çıxır. Yəni dediyim odur ki, bir-birimizi incitməyək gərək. Əslində, bu həm də ümumi işimizin xeyrinə olar, yəqin sənin fikirləşməyə xeyli vaxtın da olub. Bilirsən, bax, açıq danışıram səninlə, sən də bilirsən e, intəhası yenə deyirəm, bax, bizim güdükçülər hər addımını izləyiblər sənin. Onsuz da heç nəyi gizlədə bilməyəcəksən, yeganə əlac bildiklərini danışmaqdı. Biz sənin də, onun da kim olduğunu lap yaxşı bilirik. Hə... Belə... Başlayaq da, nə deyirsən? Bildiyini danış, səni eşidirəm...

- Yaxşı, əgər belə operativ işləyirsinizsə, əgər hər şey sizə məlumdursa, onda məndən nəyi eşitmək istəyirsiniz?

- Sən də çox şey bilirsən, hamısını da danışacaqsan. Elə bu gün. Eşitdin?

- Onu tanımıram, görməmişəm.

- Yalan deyirsən!

- Onun adını sizin kimi mən də camaatdan eşitmişəm. Nə istəyirsiniz e, məndən?

- Bizi dolayırsan? Bu günəcən sağ qaldığına görə mənə borclusan, ay yazıq! Bilirsənmi, mən olmasam burada başına nə oyunlar gələr sənin? Bilirsən, əlbəttə, lap gözəl bilirsən, amma... Adam gərək haqqı itirməsin, ay namərd! Sənə danış deyirəm, danış da, yoxsa sənə yalvarmalıyam, hə?! Hamısını danış! Elə bu gün danışacaqsan hər şeyi...

- Onu şəxsən tanımıram, belə qiyabi bilirəm ki...

- Yalan deyirsən!!!

- ...Sonra da kitablarını tapıb oxudum...

- Yenə yalan deyirsən!

- Mən yalan danışmıram! İnanmırsan heç inanma, özün bilərsən...

Əməlli-başlı ovqatı təlx oldu müstəntiqin. Kefinə soğan doğrayan məhbusa elə qəzəbləndi ki, hirsindən köynəyinin yaxasını açmaq üçün dartışdıra-dartışdıra bir-iki düyməsini də qırıb tökdü yerə. Boğula-boğula qıcındı:

- Qulaq as, deyəsən başın bədəninə ağırlıq eləyir ha! Danış, bildiyinin hamısını danış!

- Hədələməyin! Vallah, günahdır, belə zülm olmaz axı. Zorla boynuma qoyursunuz ki, yalan ifadə verim. Ağır günaha girirsiniz. Böyük günahdır! Günah!

- Ağzına-ağlına gələni danışma, istəyirsən anan-bacın görüşünə bura gəlib...

- Bir dəqiqə. Bir dəqiqə, bu hədədir, bu əxlaqsızlıqdır mənə qarşı. Mən vəkil tələb edirəm!

- Burada hakim də, vəkil də mənəm!

- Bəs qanun nə üçündür?! Hanı o ali qanunlarınız, harada qaldı?

Bu yerdə müstəntiq susdu və birdən səsini yumşaldıb sorğu-suala davam elədi:

- Sən cavan oğlansan, gözəl gələcəyin var, insafən heç pis adama da oxşamırsan, ancaq məni də başa düş, əlimizdə fakt var. Fakt nə deməkdir, yəqin başa düşürsən də. Onsuz da danışacaqsan, özgə çarən yoxdur onsuz da. Hər şey, hər şey aydınlaşanacan buradan çıxmayacaqsan. Bizi də düzgün anla, sizi bura gətirməkdə məqsəd əslində sizi cani bilib barənizdə hansısa ittiham irəli sürmək deyil, məqsədimiz üçün sadəcə bu da lazımdır, yəni hamı necə danışır sən də elə. Sadəcə bildiyini danışacaqsan, vəssalam! Sonra da buradan çıxıb düz gedəcəksən evinə-eşiyinə. Onsuz da biz onun kim olduğunu bilirik, bu dövlət qurulandan o, axtarışdadır. İndi isə əla fürsət yaranıb. Danış, əzizim, tərslik eləmə, danış, oğul, danışsana, axı sən onu uşaqlıqdan tanıyırsan. Uzun illər yoldaşlıq eləmisiniz, bir yerdə, eyni məhəllədə böyümüsünüz, nə işləriniz olub... Harada işləmisinizsə biriniz o birini çəkib yanına. Görürsənmi, əzizim, biz də bir şey bilirik ha. Danış, bu qədər inad etmək nəyə lazımdır axı? Danış! Yersiz hərəkətdir, bu yaşında özünü qəhrəman kimi hiss edirsən yoxsa? Allah bilir neçənci ildə gəlib sığınmısan ona, neçə vaxtdır ki, onun evində qalırmışsan, eləmi?! Səni işdən qovublarmış özü də, illərlə onun evində yaşayıb onun çörəyini yemisən, onun qazancını xərcləmisən, əyninə pal-paltarı, ayaqqabını, hətta bahalı siqareti də onun puluyla almısan, yalan deyirəm?! Əlbəttə ki, yox! Görürsən ki, biz də boş yerə papağı günə yandırmırıq ha. Danış! Ay yazıq, ayrı əlac yoxdur e, danışmalısan onsuz da. Çox şey bilirik haqqında. Ancaq hər şeyi özün danışsan yaxşı olar, başla görək...

- Mənə ad günümdə bahalı İsveç saatı alıb bağışlayıb, bu fakt kifayətdir?!

- Məzələnirsən?!

Qəfildən qolaylanıb sol əliylə dustağın ağzının üstünə şillə vurdu:

- Danışacaqsan! Hər şeyi da-nı-şa-caq-saan!!!

- Uff! Əl çəkin də məndən. Bilmirəm, heç nə bilmirəm. Heç nədən, heç kimdən xəbərim yoxdur! Onusa heç tanımıram da...

- Dostuna yaxşılıq eləmək istəyirsənsə hər şeyi danışmağa məcbursan, başa düş ki, bu onun da xeyrinə olar. O özündən mif uydurub, ondan qəhrəman olmayacaq. O pul paylaya-paylaya bu şəhəri dəli eləmək istəyir, nə var e, qara camaatın başını aldadır da, yoxsa elə bilir bu yerlərin sahibi yoxdur?! O xalqa sahib çıxa bilməz, çünki bu ölkənin hökmdarı var. Bizim tək rəhbərimiz! Allah onu göy təki dirəksiz eləsin, ancaq o hər şeyi bizə verib ala bilər. Sən gəl bizim vaxtımızı hədər yerə alma, ağıllı adamsan, danış görək nə bilirsən, nə eşidib görmüsən?

- O, idealistdir, mən də onun vurğunuyam, bir də ki, o nə kimsəni dəli eləyib, nə də peşman. Mən ona özüm qədər inanıb canımdan da artıq sevirəm, bunu eşitmək istəyirdin?! O ancaq ehtiyacı olanların yanında olub həmişə. O, yardım etməkdən zövq alır. Ondan öyrənmək gərəkdir.

- Deməli, danışmaq istəmirsən?

Ayağa qalxıb qapını döydü, kəlpeysəri içəri çağırıb əlini uzatdı məhbusa:

- Ölüncə döyün! Sındırın bu...

Sözünü bitirməyə imkan vermədi, təlaşla bağırdı:

- Yaxşı! Yaxşı! Bu zülm də yerdə qalmaz, yaxşı, danışaram hər şeyi, sən isə mənə yaxın da durma, öküz! Barmağını da toxundurma!

- Danışırsan?

- Əgər onun yerini sizə söyləsəm, bəs mənim taleyim necə olacaq?

- Elə bu gün çıxacaqsan azadlığa, sənə söz verirəm!

- Sonra yenə tutub gətirəcəksiniz, eləmi?

- Sözümüz sözdür! Nə danışırsan, ay kişi, mən sənə söz verirəm e, kişi kimi! Kişi sözü!

- Axı mənim günahım olmaya-olmaya mən niyə burda olmalıyam ki?

- Vardı günahın, özü də çox. Sənin də günahın var. İntəhası olan oldu, keçən keçdi daha. Hə, haradadır o?

- Günahım ona dost olmaq...

- Tez ol da, yerini de, vaxt keçir...

- Mən necə satım onu sizlərə, axı günaha batıram ey, lənət şeytana!

- Çərənləmə, yerini söylə!

- Kifayətdir, lap ağını çıxartdınız! Sizə dözdüm ki, bəlkə... Düzələn deyilsiniz heç biriniz, onsuz da adam olmayacaq sizdən, daha mənim səbrim də aşıb-daşdı. O hər yerdədir, ünvanı da ki... Dünya böyük, səma, dənizlər, dağlar, sirli, gizlin qalan hər şey və...

Göz qırpımında dəyişdi hər şey. Səbirli məhbus, təhər-tövrünü dəyişmədən əllərini qoşalayıb uzatdı qazamatın tavanına və günəş təki parıldayan əllərin uzanmağı ilə də otağa gün doğdu sanki. Ağappaq işıq otaqdakıları öncə xumarlandırdı, müstəntiq bir anlıq huşa getdi elə bil, sonra vahiməyə düşdü, qorxudan dizləri büküldü. Ətraf bəyaza qərq olmuşdu. Beton divarlar, köhnə elektrik lampası, mis qab-qacaq, stol, stul və divardan asılan, üstündə ağ at rəsmi olan köhnə təqvim də əridi bu bəmbəyaz nur topasının içində. Hətta bahalı ingilis alışqanı da, ağzı yeni açılan, içindən iki siqaret əskik olan “Malboro” qutusu da şüaların işığına sancılıb nura sovruldu. İşığın mərkəzində, kameranın düz ortasında, burum-burum burulan işıq selinin sinəsində canlı cazibə qüvvəsi təki duran və getdikcə hər şeyi nəzarətinə alan, eləcə də gözlər baxa-baxa ayaqları-əlləri uzanan, az qala binaya belə boy verən min bir adla tanınan adsız adam qorxusundan titrəyə-titrəyə ayağının altında yıxılıb qalan müstəntiqə, keşikçilərə baxmadan əks-səda verən zabitəli səsiylə dilləndi:

- O - mənəm! Səfehlər, siz ucuz ölümə də layiq deyilsiniz, mən öldürmək üçün burada deyiləm. Ona görə də bu azadlığı sizə ithaf edirəm. Siz də qaçın, qaçın qurtulun, bədbəxtlər! Vaxt yetişib daha burada qalmağa ehtiyac yoxdur, mən getdim!..

Məni hər yerdə axtarırlar, hamısı da sizin kimi adamlar. Siz də axtarın məni, ancaq sabah qəzetlərdə oxusam ki “Sehrbaz qaçdı”, bax, onda vay halınıza! Eşitdiniz də məni?!

Cavab gözləmədən bəyaz nura qoşub gözdən itdi.

29 iyul-13 avqust, 2013-cü il, Bakı


Müəllif:

Oxşar xəbərlər