Teleqraf.com Sevinc Elsevərin "Sırğalıq" hekayəsini təqdim edir:
Uşaqlıqda qulağımın sırğalığını oynatmaq adətim idi. Məndə bu adət bələkdə olandan yaranıbmış. Həmişə sol əlim sırğalığımda, ağzımdakı əmziyi sümürə-sümürə yatırammış. Günü bu gün də sırğalığımı sığallamaq, sıxmaq, əlləmək xoşuma gəlir. Heyf ki, uşaqlığımdakı kimi sırğalığımla oynamağıma qulağımdakı sırğalar mane olur. Çox vaxt mən sırğalarımı çıxarıb qulağıma dinclik verir, oturub kitab oxuya-oxuya, ya televizora baxa-baxa sırğalığımı oynadıram. Həmişə də əlbəttə ki sol qulağımın sırğalığını. Bəzən mən sırğalığımla oynamaq arzusuna düşəndə sırğalarımdan sadəcə birini çıxarıram, cibimə qoyuram. Sırğalığımla oynayıb doyandan sonra sırğamı yenidən taxmağı unuduram. Oğlanlar kimi bir qulağımda sırğa gəzdirirəm. Bu adətimə görə bu günə kimi onlarla sırğamın bir tayını itirmişəm. Termonun üst çəkəcəyində belə taykeş sırğalardan azı iyirmi-otuzunu tapmaq olar. Onları o ümidlə saxlayıram ki, bəlkə hansınınsa digər cütünü də tapdım. Bəzən tapıram da.
Balaca olanda təkcə öz qulağımla oynamağı sevmirəmmiş. Kim məni qucağına alırdısa, onun da qulağı ilə oynayırdım. Qulaqları oynada-oynada yuxuya gedirəmmiş. Məni yuxuya vermək üçün kimsə qulağını ixtiyarıma verirmiş. Atamın, anamın, nənəmin, xalalarımın, dayılarımın, bibilərimin, əmilərimin, qonşudakı adamların hamısının qulağı ilə oynamışam. İndi də yadımdadı ki, kimin qulağının sırğalığı ətli, kiminki çox incə, kiminki narın tüklə örtülü, kiminki böyük, kiminki xırda idi. Nənəmin qulağını oynada-oynada yekəltmişdim. Bir dəfə də özüylə həmyaşıd xalası qızı nənəmin üzünə dedi ki, qulağı uzun olanlar çox yaşayırlar. Nənəm də gülə-gülə məni göstərdi: “Bu şeytan balası darta-darta qulağımı uzadıb”.
Xalası qızı nənəmdən çox ömür sürdü.
Bir vaxt gəldi ki, atam da mənim xəstəliyimə tutuldu. O da qulaq oynatmağa başladı. Həmişə də mənim qulağımı oynadırdı. Biz oyun oynayırdıq. Oyunun qaydası belə idi ki, mən sırğalarımdan muğayat olmalı idim. Özümü ayıq-sayıq aparmalıydım ki, atam qulağımdan sırğamı çıxartmasın. Atam da qulağımdakı sırğaları məndən xəbərsiz çıxartmalı idi. Bu oyunu oynadığımızda mənim yeddi-səkkiz yaşım olardı. Oyun dəhşət xoşuma gəlirdi. Bəzən atam sırğamı elə çıxardırdı ki, heç ruhum da incimirdi. Bəzən isə dərhal xəbər tuturdum, atamın oğurluğunun qarşısını alırdım. Mənimçün çox əyləncəli saatlar idi. Heç düşünmürdüm ki, atam bu oyunu mənimlə niyə oynayır. Ancaq illər sonra bu oyunun sirrini kəşf etdim.
Atamın Səfər adlı dayısı oğlu var idi. İşsiz qalandan sonra o, arvadını atasıgildə qoyub Rusiyaya yollandı. Bir gün eşitdik ki, Səfər get-gedə varlanmaqdadı. Arvadına çoxlu qır-qızıl, norka papaqlar göndərir. Evdə danışırdılar ki, Səfər Dilbərə on beş papaq göndərib. Bir adamın on beş papağının olmağına təəccüb edirdim.
Dilbər on beş papağı neyləyir axı? Amma sonra başa düşdüm ki, Dilbər papaqları satırmış. Çünki həmin papaqlardan birini atam özü üçün, birini də anam üçün almışdı.
Böyüklər danışanda başa düşdüm ki, Səfər Rusiyada hər hansı bir işin qulpundan yapışaraq pul qazanmır. O, rus qızlarından oğurladığı qır-qızıl, norka papaq, dəri kurtkaları sataraq varlanır. Səfər qızlarla tanış olur, onların evinə gedir, içirlər, sevişirlər, axırda da Səfər qızı soyub qaçır.
O, hətta ən bərk küləklər kimi küçədə adamların başından norka papaqlarını alıb aparırmış.
Kəndimizdən Rusiyaya yollanıb bu zəhmətli işi görən xeyli insan var idi. Atam da səfərə hazırlaşırdı. Atam mənim qulaqlarımın üstündə kurs keçmişdi. Qızların qulaqlarını tumarlayıb sırğalarını ruhlarını incitmədən oğurlamağı öyrənmişdi. Usta bir oğru sayıla bilərdi.
Anamın da razılığı ilə atam Səfərə qoşulub Rusiyaya getdi. Səfərin maşını ilə yola çıxmışdılar. O, maşını da Rusiyada qazandığı pullarla almışdı.
Atam gedəndən sonra çox darıxırdım. Bütün günü əlim qulağımda idi. Ən çox da darıxanda qulağımla oynayırdım. Yazı yazanda, dərs hazırlayanda, yemək yeyəndə. Artıq qulağım yara olmuşdu, dərisi qabıq bağlayırdı. Atam həftədə bir dəfə gecələr zəng edirdi. Onda telefonun yanında sıraya düzülür, atamla danışmaq növbəsi gözləyirdik. Qardaşımla mən, anam, nənəm. Hamıyla danışıb qurtarandan sonra atam anama deyirdi ki, balaca bacımın da səsini eşitmək istəyir. Bacım hələ danışa bilmirdi. Nənəm deyirdi ki, ayağı dilini basıb. Guya tez yeridiyi üçün danışmağı ləngiyir. Danışsın deyə onu cürbəcür falçılara aparmışdılar, nə qədər bildirçin yumurtası yedizdirmişdilər. Xeyri olmamışdı. Bacım ancaq gülməyi və ağlamağı bacarırdı. Anam atamın məsləhəti ilə bacımı çimdikləyib ağladırdı. Uşaq xəttin bu başında ağrıdan, qorxudan çığırıb ağlayanda atam onu əzizləyirək, “səsinə qurban olaram sənin. Mənim gözəl mələyim, balaca mələyim ” deyirdi. Anam üçün bacımı ağladıb səsini çıxartmaq güldürüb səsini çıxartmaqdan asan gəlirdi. Bir dəfə də qadının ağlına gəlmədi ki, uşağı güldürsün, atam gülüşünü də eşitsin. Uşağı ancaq ağladırdılar. Bu da mənim ürəyimi ağrıdırdı. Artıq atamın zəng eləməsini istəmirdim. Bilirdim ki, axırda balaca Sonanı ağladacaqlar. Anamın çimdiklədiyi yerdən öpürdüm. Uşaq danışmasa da, artıq hər şeyi başa düşürdü. Əliylə anamın çimdik aldığı yeri göstərib “uuuuuu” deyə zarıyırdı. Mən də öpməkdən başqa heç nə bacarmırdım, anamın çimdiklərindən onu müdafiə eləyə bilmirdim. Sona telefon aparatından qorxmağa başlamışdı. Axşamlar telefon çalanda mən ona, o, mənə baxırdıq. Baxışlarımız toqquşurdu, amma mən gözlərimi qaçırıb telefonu üstünə qoyduğumuz alçaq şkafın yanına qaçırdım.
Bir yandan da nənəm qanqaraçılıq yaradırdı. Hər addımda anamı izləyir, danlayır, anam evə gələn zənglərə cavab verəndə hirslənirdi. Deyirdi ki, telefonu qoy özüm götürüm. Sənin ərin evdə yoxdu.
Bir dəfə su motorumuz xarab oldu. Su ilə təminatımızı həyətdəki quyu ödəyirdi. Motor xarab olanda əlimiz yerdə qalırdı. Anam qonşumuz Sənubərlə bacılıq idi. Motorun xarab olduğunu, susuz qaldığımızı ona danışmışdı. O da ərini göndərmişdi ki, motorumuza baxsın. Nənəm bunun üstündə anamı ağ yuyub qara sərdi. “Ərin evdə yoxdu, qonşunun kişisi sənin qapından girir” deyə der-der deyindi.
Atamın tez qayıtmağını iki səbəbdən arzulayırdım. Həm bacımı az çimdikləyib ağlatsınlar, həm də nənəmin qısqanclığı qurtarsın.
Telefon danışıqlarının birində atam xəbər verdi ki, tezliklə Səfər dayı ilə yola çıxacaqlar. İki-üç günə kəndimizə çatacaqlar.
Biz atamı da, onun gətirəcəkləri hədiyyələri, qazandığı pulları da həsrətlə gözləyirdik. Nənəm tellərimi oxşayıb deyirdi: “atası balama təzə don alacaq, sırğa alacaq, boyunbağı alacaq!”
Atam səhərə az qalmış, alatoranlıqda evimizə çatmışdı. Ağzı –burnu əzilmiş, qan içində. Gözlərinin altında bənövşəyi rəngdə yumruq şəkli. Səfər dayı da onun kimi.
Ona qorxuyla baxırdıq. Pal-paltarları palçığın içində idi. Sonra öyrəndik ki, çeçenlər yolda atamgilin qabağını kəsib bütün pullarını, mallarını soyublar. Eşidib-bilənlər hamısı sevinirdi ki, nə yaxşı çeçenlər atamgili öldürməyiblər, sağ buraxıblar. Yaxud maşınlarını əllərindən almayıblar. Hətta paltarlarını soyundurub lüt yola salmayıblar. Nənəm şükür edə-edə deyirdi ki, gecə-gündüz, namaz üstündə atama dua eləyirmiş. Elə ona görə də atam sağ-salamat qayıdıb. Allah çeçen quldurlarına imkan verməyib ki, atamgili öldürsünlər.
Bu, atamın Rusiyaya sonuncu gedişi oldu. Anamgilin Səfər dayının arvadından aldıqları norka papaqlar da qardaşımla mənim ucbatımdan yandı. Az qala evimiz yanacaqdı, yaxşı qurtardıq. İşığımız tez-tez sönürdü. Şam yandırırdıq. İşıqlar yanandan sonra anamın unudub söndürmədiyi şamı götürüb şifonerin içinə girmişdik.Balaca bacımı da özümüzlə aparmışdıq. Üçümüz də şifonerin içindəki qaranlığı şamla qovub sevinirdik. Bu vaxt anamın uzun donlarından biri şamdan od almağa başladı. Qardaşımla mən qorxub qaçdıq. Gizlincə qonşu otağa keçib anamla nənəmin böyründə oturduq. Guya heç nədən xəbərimiz yoxdu. Ağlımıza gəlmirdi ki, Sona şifonerin içində qalıb yana bilər. Biz cəzalanmaqdan, döyülməkdən qorxub qaçmışdıq.
Bir az sonra Sona qaça-qaça otağa girdi və kəkələyə-kəkələyə dedi: “Pa-t-da-dı! Pat-da-dı!”
Atam, anam və nənəm Sonanın nə demək istədiyini əvvəlcə başa düşə bilmədilər. Sona ilk dəfə idi dil açıb nəsə söz demək istəyirdi. Onlar həm də sevinirdilər. Nənəm uşağı çağırıb əzizləməyə hazırlaşırdı, bu vaxt anam uşağın üzündəki həyəcanı, vurnuxmağını görüb dedi:
– O, deyəsən partladı deyir axı!
Yaxşı ki, lalın dilini həmişə anası başa düşür. Yalnız anamın Sonanın nə dediyini təsbit eləməyindən sonra atam dik atıldı:
-Yanıq iyi gəlir!
Böyüklərin dalınca biz də o biri otağa qaçdıq. Alov nəinki bütün şifoneri bürümüşdü, tavana qalxmaq üzrə idi. Böyüklər sıçrayıb hərəsi bir qab dalınca qaçdı. Kimi vedrə, kimi vanna, kimi ləyən götürüb həyətdəki quyunun yanına tələsdi. Atam su motorunu işə saldı. Qablar tez-tez doldurulur, böyüklər yanğına su tökürdülər. Yanğın söndürüləndən sonra anam dedi ki, şifonerin gözlərindən birinə pensilin ampullarını qoyubmuş. Bacım soyuqlamışdı, öskürürdü, həmin vaxt ona iynə vurulurdu. Həmin dərman bacımın həyatını ikiqat xilas eləmişdi.
Yanğın vaxtı atamla-anamın bütün paltarları, o cümlədən Səfər dayıdan aldıqları norka papaqlar yanıb külə dönmüşdü.