Dünən İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə IV Beynəlxalq CNR kitab festivalının açılışı oldu.
Prezident kitab stendlərini gəzərək həm nəvələri üçün kitab aldı, həm kitab imzaladı, həm də vətəndaşlarla foto çəkdirdi.
“15 Temmuz” mövzusuna həsr olunan kitab sərgisinə Türkiyənin tanınan bir çox nəşriyyatları – Türkiye İş Bankası yayınları, Yapıkredi yayınları, Kırmızı Kedi yayınları, Türk Dil Kurumu yayınları, Atatürk Kültür Merkezi Başkanlığı yayınları və s. – ilə yanaşı yeni fəaliyyətə başlayan və müəyyən sahə üzrə ixtisaslaşan nəşriyyatlar da qatılmışdılar.
Adətən, bu kimi sərgilər İstanbulun mərkəzindən çox uzaqda yerləşir, amma buna baxmayaraq kifayət qədər qatılım olur.
Açılış günləri daha çox maraqlı olduğu üçün biz də kitab sərgisinə yollandıq və Türkiyənin kitab mühitini bir daha kəşf etmək üçün bütün stendləri gəzməyə çalışdıq.
Ən diqqətimi çəkən isə Ərdoğanın dəfələrlə məhkəməyə verdiyi Ergün Poyraz adlı yazarın yeni çap olunan “Diplomsuz” kitabının stendlərdə olması idi.
Sərgi salonunun girişinə “Xoş gəlmişsiniz, Prezident” ifadələri yazılsa da, bu kitab rahat şəkildə “Siyah-Beyaz” yayın evi tərəfindən vətəndaşlara təqdim olunurdu.
Ərdoğan, şübhəsiz ki, bu kitabı oxuyub. Özü və partiyası ilə bağlı hər nüansı diqqətdə saxlayan Prezident dəfələrlə əleyhinə yazılan kitablara, iddialara görə məhkəməyə baş vurub, çox hallarda da davanı qazanıb. Amma müəllifin kitabın girişində də yazdığı kimi, tez-tez gündəmə gələn diplom qalmaqalına görə hələ ki məhkəməyə baş vurmayıb. Bu isə iddiaların hələ daha çox gündəmdə qalacağını göstərir. Məlumatı olmayanlar üçün qısaca deyək ki, Türkiyə siyasətində aşağıdan yuxarıya qədər böyük yol keçmiş R.T.Ərdoğanın Marmara Universitetində təhsil aldığı deyilsə də, diplom ala bilməməsi iddiası var və bu onun müxalifləri tərəfindən zamanla gündəmə gətirilir.
***
Sərgidə ilk baş çəkdiyim stend Bakıdan tanıdığım dostum Gökbəy Uluçun qurduğu “Kutlu” Yayın Evi oldu. Bakıda ali təhsil alan Gökbəy Türk Dili Dərnəyi də yaradıb, türk dili və türk əlifbası ilə bağlı işlər görür. Orxon-Yenisey əlifbası olaraq da adlandırılan türk əlifbası ilə kitablar çap edən “Kutlu” yayın evinin sahibi həm də bu əlifbanın öyrədilməsi ilə də məşğul olur.
Bizə çap etdiyi kitablardan örnəklər göstərən Gökbəy Uluç özünün həmmüəllifi olduğu kitablardan birini də hədiyyə etdi.
Bu kimi sərgilərdə daha çox bukinist stendlərini gəzməyi sevirəm. Belə stendlərdə 50-100 il əvvəl çap edilən nadir kitablar olur ki, bir kolleksioner üçün bunlar çox önəmlidir. Bu stendlərdən bir neçə köhnə dərgi alıb Atatürk Araşdırma Mərkəzinin stendinə doğru gedirəm. Bütün sərgilərdə kitablarını 50 faiz endirimlə satan bu mərkəzdə Mustafa Kamal Atatürkün həyat və fəaliyyəti ilə yanaşı, Türkiyə Cümhuriyyətinin siyasi tarixi ilə bağlı da mühüm kitablar çap olunur. Bu stenddə Aygün Attarın “Karabağ sorunu kapsamında ermeniler ve ermeni siyaseti”, Musa Qasımlının “Türkiye-Sovyet Sosyalist Cümhuriyetleri Birliği ilişkileri 1960-1980” kitabları satışda idi. Türk Dil Kurumunun yayınları içərisində isə “1926 Bakü Türkoloji Kurultayı.Tutanaklar” kitabı xüsusi seçilirdi.
Adətən belə sərgilərdə, ən çox Frans Kafka, İlber Ortaylının kitabları daha çox gözə çarpır. Bir çox nəşriyyatlar isə Atatürkün “Nutuk”unu çap etdiklərinə görə vitrinlərdə daha çox rast gəlmək olur.
İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetinin bütün sayları kitablaşdırılaraq bir nəşriyyat tərəfindən çap edilib. Baxmayaraq ki, 40 faiz endirim var idi, amma bir neçə cild olan bu möhtəşəm kitabı almaq, imkanımız xaricində oldu. Ona görə də, İdil-Ural türklərinin 110 il öncə çap etdikləri “Ülfət” qəzeti ilə bağlı bir kitabı alaraq özümüzə təsəlli verdik.
Sərgidə müxtəlif dünyagörüşə uyğun kitablar tapmaq mümkündür. Əgər bir stenddə öldürülən jurnalist Uğur Mumcunun kitabları satılırdısa, yaxın bir stenddə Kərbəla, Qədir-Xum hadisələri ilə bağlı kitablar oxuculara təqdim edilirdi.
Eləcə də, gündəmi təqib edən kitablara da rast gəlinirdi. Məsələn, araşdırma mərkəzi olan SETA tərəfindən ABŞ-ın yeni prezidenti Donald Tramp haqqında iki nəşrə, Türkiyənin referenduma gedəcəyi başqanlıq sistemi ilə bağlı bir kitaba da təsadüf etdik.
Təəssüf ki, Azərbaycanla bağlı çoxlu nəşrlərə rast gəlinmir. Halbuki, bu kimi sərgilər kitabların oxuculara daha rahat çatması üçün önəmli fürsətdir. Azərbaycanla bağlı Türkiyədə kitablar çap edən nəşriyyatlar var, lakin onlar hələ ki yeni qurulduqları üçün üzə çıxa bilmirlər...
Kitab sərgisi martın 5-nə qədər davam edəcək. Bu müddətdə müxtəlif imza günləri keçiriləcək, endirimlər təqdim ediləcək. Yəqin ki, növbəti günlərdə Ərdoğanı örnək alan digər yüksək vəzifəli şəxslər də sərgiyə gələcəklər. Bu isə cəmiyyətdə kitaba marağı artıran önəmli məsələdir...
Dilqəm ƏHMƏD