27 Fevral 2017 14:23
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com görkəmli yazıçı Saday Budaqlının "Payız nağılı" hekayəsini təqdim edir:

Hava yenicə qaralmışdı. Qadın pəncərə arxasında dayanıb, qaranlıqdan çölə baxırdı. Otağın işığını özü yandırmamışdı. Çünki işıq yananda otağın içi bayırdan görünürdü. Onda nə belə rahatca pəncərədən baxa bilirdi, nə də fikirləşə. Özünü narahat hiss eləyirdi. Elə bilirdi ki, kimsə onu görür. Tək onu yox, hətta nə düşündüyünü də görür.

Yol fənərlərinin işığından torpaq ləkə-ləkə idi. Küçə yamaqlı yorğanını başına çəkib uyuyurdu.

Yollar qaranlığa sevinirlər. Amma dünya yaranandan adamlar qaranlıqdan qorxurdu. İndi də küçədən əl-ayaq yığılmışdı. Hərdən-hərdən kiminsə tələsən addım səsləri eşidilib tezcə itirdi. Yenə sakitlik, yenə fənərlərin işığından xal-xal olmuş torpaq, lal-dinməz evlər, ağaclar... Amma qadın min dəfə gördüyü bu kələ-kötür yola, bir-birinə bitişmiş divarları ilə işığını gizlədən evlərə, öz kölgəsinə bürünmüş ağaclara baxmağı xoşlayırdı.

Evdə də sakitlik idi. Qadının sakitliyi qorumaqdan savayı özgə bir işi yoxdu. Əri çayını-çörəyini yeyib otağına çəkilmişdi, yatana kimi də orda olacaqdı: Nəsə oxuyacaqdı, nəsə yazacaqdı, nəsə... Qadın üçün bunlar "nəsə" idi. Çünki əri öz iş-gücündən ona heç nə danışmırdı. Səhər gedirdi, bir də yatmağa az qalmış qayıdırdı. Yorğun-arğın qayıdırdı, çörəyini yeyib bəzən o saat da yatırdı; bəzən də beləcə otağına çəkilib "nəynənsə" məşğul olurdu.

Əri günün çoxunu işdə keçirdiyinə görə evlərinə gəlib-gedən az olurdu.

Gələndə də ərinin iş yoldaşları gəlirdi, yeyirdilər, içirdilər, içən olmasa da qonaqlara görə hərdən əri də azca içirdi, amma yenə bütün gecəni yatammırdı, tez-tez durub havaya çıxırdı. Bu vaxt o da arxasınca çıxırdı, ərinin çiyninə bir şey salıb, avazımış sifətinə baxa-baxa dayanırdı. Əri bəzən buna görə acıqlanırdı, yanından qovurdu, amma hərdən heç nə demirdi, hətta elə bil bundan xoşlanırdı. Və ancaq bu vaxtlar öz işindən: planı verdiyindən, direktorun onun xətrini istədiyindən, onu irəli çəkəcəyindən, aspiranturaya hazırlaşdığından, maşın alacağından, nələrdən, nələrdən yerli-yataqlı danışırdı. Amma hər dəfə də ərinin bu vaxtlar öz iş-gücündən danışması qadına qəribə gəlirdi. Çünki o vaxtlar ərinin nəsə başqa bir şey deyəcəyini, başqa bir şey danışacağını gözləyirdi. Ərisə hey işindən danışırdı. Qadın gözlərini ondan çəkməyib gözləyirdi, o qədər baxırdı ki, əri kiçilib-kiçilib uzağa çəkilirdi, bircə ağzı yaxında görünürdü; bu ağız açılıb yumulurdu, açılıb yumulurdu, amma qadın heç nə eşitmirdi.

Səhərlərsə əri durub yenə işə gedirdi və qadın yenə evdə tək qalırdı. Evin, həyət-bacanın qayğısı az olduğundan günortaya kimi sil-süpür eləyib, yemək hazırlayıb qurtarırdı. Sonra harasa getməyə hazırlaşırdı, xeyli güzgünün qabağında dayanıb özünə bəzək-düzək verirdi, saçını cürbəcür darayıb tökürdü. Amma geyinəcəyi paltarı seçməkdə həmişə çətinlik çəkirdi. Paltarı çox idi, əri tez-tez başqa şəhərlərə ezamiyyətə gedirdi. Qadın bu şəhərlər haqqında da ərindən heç nə eşitməmişdi. Ancaq bilirdi ki, orda yaxşı-yaxşı dükanlar var, o dükanlarda qəşəng paltarlar satırlar. Əri həmişə o paltarlardan alıb gətirirdi, zavodda kiməsə verib satdırırdı, amma onu da yaddan çıxartmırdı.

Qadın xoşladığı paltarları dolabdan çıxarıb çarpayının üstünə atırdı. Birini seçib əyninə taxırdı. Amma geyinəndən sonra nəsə ürəyinə yatmırdı. Ya ona elə gəlirdi ki, həddindən çox bəzənib, ya da əksinə, ürəyinin istədiyi kimi yaxşı bəzənmirdi. Axır ki, paltarlardan birini könülsüz geyinirdi, könülsüz geyindiyinə görə də heç hara getmirdi.

Elə gün olurdu ki, əyninə təzə paltar geydiyi, bəzənib-düzəndiyi qadının yadından çıxırdı, ərini də bu paltarda qarşılayırdı. Amma yaxşı ki, əri heç nə hiss eləmirdi, heç nə soruşmurdu. Özüsə gecə ərinin yanına girəndə ayılırdı, amma yenicə soyunduğu paltara baxanda ona elə gəlirdi ki, doğrudan da bu gün harasa gedib, hardasa olub, çünki gördüyü ağaclar da həmişəki ağaclar deyildi, doqqazın ağzına əkdiyi qızıl güllər də, günəş də, axtardığını tapmaqdan ümidini üzmüş adam kimi pəncərənin qabağında yatıb qalan yol da. Yola yağış yağırdı, külək əsib damcıları evin divarlarına, pəncərələrinə çırpırdı, gün çıxıb isti şüalarını nəm daşlarda soyudurdu. Qar yağanda qadın həyətə baxırdı, çünki qar az yağırdı, asfalt yolda qalmırdı, torpaqsa nəfsi tox allah bəndəsi kimi yaradanın azdan-çoxdan verdiyinə sevinib şükrlə gözünün üstə saxlayırdı.

Qar yağanda qadın musiqiyə qulaq asmağı xoşlayırdı. Qar musiqiyə uyğun yağırdı. Musiqinin ritmi güclənəndə qar da güclənirdi, lopalanırdı. Elə ki, musiqi həzinləşirdi, qar dənələri birdəncə havada dayanırdı, yellənə-yellənə, çözələnə-çözələnə itib gedirdi.

Qış günəşi kişi kimi təmkinli, soyuqqanlı olurdu, yaz günəşi qadın kimi odlu, uşaq kmi sadəlövh. Qadın səhər-səhər üzünə düşən gün işığına ayılırdı, gözünü açıb o saat da çölə baxırdı. Yatdığı yerdən ağacların əli çatmadığı göy görünürdü, bir də talvarın üstü. Qışda üzünə düşən gün işığının soyuqluğundan, bir də talvarın üstünə atılmış dəmiri ağardan qırovdan bilirdi ki, havada nə qədər şaxta var. Yayda da, yazda da gün işığı onu aldatmırdı. Amma nə vaxt ki, vaxtından çox yatırdı, ayılıb çölə baxmasa da bilirdi ki, gün çıxmayıb, hava buludludu. Bircə belə səhərlər qadın havanın necə olacağını bilmirdi, ona görə həmin gün harasa getmək üçün hazırlaşmırdı, bəzənib-düzənmirdi.

Gecələr, işdən yorğun gəldiyinə görə əri daş kimi yatırdı. O isə yatammırdı. Sakitlik, qaranlıq, adamsızlıq onu çölə dartırdı. Durub eyvana çıxırdı. Saatlarla belecə dayanıb qaranlığa baxırdı. Ya evin damını qamçılayan şıdırğı yaz yağışına qulaq asırdı, ya çöl fənərlərindən püskürən qara baxırdı, ya da gecənin sükütundan gözünü çəkmədən bu sükutdaca əriyib-əriyib yoxa çıxırdı.

Dünən elə ilıq, elə aylı gecə idi ki, yenə dözə bilmədi, ərini oyatmamaq üçün ehmalca durub həyətə düşdü.

Yupyumuru, narıncı ay uzaqda, qollu-budaqlı cövüz ağacının arxasından zorla boy göstərirdi. Dünyanı işıqlandıran da ay deyildi, cövüz ağacı idi. Cövüz ağacının yarpaqlarının gümüşü işığı idi.

Nə torpaq vardı, nə səma, nə də evlərin, ağacların kölgəsi. Kölgəsiz evlər, ağaclar bir həzin, mavi boşluqdan asılıb qalmışdı. Paltar kimi kölgəsini soyunub atmış ağaclar su qırağında dayanıb xoşbəxt-xoşbəxt özünə baxan çılpaq, şux qızlara oxşayırdı.

Bu qızlar onu ay təbəssümlərilə çağırırdılar, tələsdirirdilər. Onlara qoşulmaq üçün, onlar kimi gözəl görünmək üçün bəzənmək lazım deyildi.

Qadın suya girirmiş kimi, paltarını soyunub ehmalca mavi boşluğa girdi, qızlara qoşuldu. Ay işığı bədəninə hopurdu, içinə axırdı. Qadın mahnı oxuyurdu, gülürdü, oynayırdı və özünə baxmasa da bilirdi ki, heç vaxt belə gözəl olmayıb.

Bu nağıllı gecənin nə qədər çəkdiyini qadın indi də pəncərə arxasında dayanıb qaranlıqdan çölə baxanda da yadına salammırdı. Ancaq onu bilirdi ki, evə qayıdıb yatmış ərini görəndə çılpaqlığından utanıb ayılmışdı. Ayağının sızıltısını da, payız gecəsinin soyuğunu da onda hiss eləmişdi...

Hardansa, çox-çox uzaqdan, uzaqlığın özü kimi sirli bir səs gəlirdi. Birdəncə qadının bədəni uçundu, tezcə pəncərədən çəkilib həyətə düşdü, eyvanın işığını yandırdı.

Eyvanın işığı qaranlıqdan qorxan uşaq kimi həyətdən o yana adlamırdı. Bağ zil qaranlıq idi, qaranlıqdan hərdən qopub düşən almaların tappıltısı eşidilirdi.

Bu sirli səsin nə olduğunu ayırd etmək üçün qadın həyətin ortasında dayanıb qulaq kəsildi. Səsi ayırd edəndə ürəyi atlandı. Başını qaldırıb göyə baxdı. Durnalar köçürdü. Yerin, göyün tənhalığında durna qatarı bircə öz səsinə sığınmışdı. Bu sirli səs köçdən düşüb qalmış durnaları çağrırdı; gedirik, deyirdi, eyy gedirik, harda qaldın, harda qaldın?!.

Son dəfə haçan durna köçü gördüyü qadının yadına gəlmirdi.Gözünü zorla seçilən haçadan ayırammırdı.Baxdıqca ürəyi çırpınırdı, əl-ayağı soyuyurdu. Birdən istədi ki, ərini də çağırsın. Bəlkə o da çoxdandı durna köçü görmür, durna səsi eşitmir.Bəlkə heç ömründə görməyib...

Arvadınım səsinə kişi çölə bir az gec çıxdı. Baxıb qadını görmədi. Bir- iki ağız çağırdı.. Gözləməyə həvəsi gəlməyib evə keçdi. Amma evdə də durmağa hövsələsi çatmadı. Nəsə özünü birdən narahat hiss elədi. Yenə eyvana çıxıb qadını səslədi. Cavab almayıb həyətə düşdü, bağa baxdı və ancaq bu vaxt durna qaqqıltısını o da eşitdi.

Durna qatarı ağır-ağır uzaqlaşırdı.

Göy də, ulduzlar da, ulduzlu səmanın altda ağır-ağır uzaqlaşıb itən durna qatarı da yerdən gözəl görünürdü.

Və bəlkə ordan, o ulduzlu səmanın altdan, o durna qatarının yanından yer də, işığını çölə sərmiş bu ev də eləcə gözəl görünürdü...

1980


Müəllif:

Oxşar xəbərlər