Teleqraf.com Mahir.N.Qarayevin tərcüməsində Uilyam Folknerin "Emili üçün qızılgül" hekayəsini təqdim edir:
I
Miss Emili Qrirson vəfat edəndə mərhumənin dəfninə bütün şəhər axışıb gəlmişdi: kişiləri – qəhr olmuş abidəyə sonsuz ehtiram və rəğbət qarışıq anlaşılmaz bir duyğu çəkib gətirmişdi; qadınlar isə bu evdə həm aşpazlıq, həm də bağbanlıq edən qoca xidmətçi istisna olmaqla azı on ildən bəri bir allah bəndəsinin ayağı dəyməyən qədim imarətə baş soxmaq ehtirasından korun-korun yanırdılar.
Yetmişinci illərin dəmdəməki ruhunda – eyvanları şəbəkə, damı günbəz və millərlə bəzədilən, neçə vaxtdı ağardılmadığından əhəngi büsbütün solub-saralmış kvadratşəkilli nataraz bina şəhərimizin bir vaxtlar barmaqla göstərilən ən kübar küçəsində inşa edilmişdi. Zaman ötdükcə qarajlar və pambıqəyirmə müəssisələri bu məhəllədə qərarlaşan mötəbər ailələri bircə-bircə sıxışdırıb aradan çıxartmışdı; yalnız Qrirsonların köhnə dəbli imarətləri pambıq furqonlarının və benzindoldurma stansiyalarının başı üzərindan inadkar bir vüqarla boylanmaqda davam edir, sanki hamısına meydan oxuyurdu. Lakin budur, indi miss Emilinin də Cefferson civarındakı döyüşlərdə həlak olan federal ordu əsgərləri və konfederatların qəbirlərindən salınmış (aralarında naməlum qəbirlərin də az olmadığı) panteonda, kol-kos basmış köhnə məzarlıqda öz yerini tutmaq növbəsi yetişdi.
Sağlığında miss Emili şəhərin mənəvi məsuliyyət daşıdığı mühafizəkar əski adətlərin və əxlaqi borcun bir növ mücəssəməsi hesab olunurdu; bu qayda 1894-cü ildən – miss Emilinin atasının ölümündən dərhal sonra Ceffersonun o zamankı meri polkovnik Sartorisin (həmin şəxs ki, zənci arvadların küçələrə önlüksüz çıxmasına fərmanla qadağa qoymuşdu) onu vergidən azad etdiyi vaxtdan şəhərə irsən keçmişdi. Miss Emili bunu heç də xeyriyyəçilik saymırdı; polkovnik Sartoris nəsə dolaşıq bir şey düzüb-qoşmuşdu ki, guya miss Emilinin atası haçansa şəhərin büdcəsinə pul ödəyibmiş və guya bu üsul borcu qaytarmağın ən münasib yolu idi. Belə nağılı yalnız polkovnik Sartoris nəslinin adamı uydura bilərdi və bu cür uydurmaya elə yalnız arvad xeylağını inandırmaq olardı.
Ancaq şəhər bələdiyyəsində tam başqa bir dövrün tərbiyəsini görmüş daha müasir düşüncəli yeni nəslin nümayəndələri iş başına keçdikdə bu saziş aşkar narazılıq doğurmağa başladı və təzə ilin elə ilk günü miss Emiliyə vergi bəyannaməsi göndərildi. Fevral ayı çatdı, di gəl, miss Emilidən səs-soraq çıxmadı. İşi belə görəndə ona rəsmi məktub yazıldı; məktubda təvəqqe olunurdu ki, miss Emili imkan daxilində zəhmət çəkib şerifin kontoruna təşrif buyursun. Bir həftə gözləyəndən sonra mer şəxsən məktub yazdı və özünün onlara gələ biləcəyini, yaxud miss Emilinin ardınca avtomobil göndərmək imkanında olduğunu ayrıca qeyd etdi. Və mer cavab aldı: köhnə formatlı kağızda, nazik kalliqrafik xətlə, solğun mürəkkəblə yazılmış cavabın məzmunu ondan ibarət idi ki, bəs miss Emili artıq xeyli müddətdi evdən bayıra çıxmır, vəssalam; miss Emiliyə göndərilən vergi bəyannaməsi də, izahatsız-filansız, eləcə kağıza bənd edilmişdi.
Bələdiyyə idarəsi xüsusi iclas çağırdı; miss Emilinin evinə bir neçə nəfərdən ibarət nümayəndə heyəti göndərildi. Heyət üzvləri müştərilərin üzünə səkkiz, bəlkə də on il qabaq – çini qablara naxışsalma dərslərinin sona yetdiyi gündən bağlanmış qapını ehmalca tıqqıldatmağa başladılar. Qoca zənci qapını açıb gələnləri alaqaranlıq holla buraxdı; hollun tən ortasında daha qaranlıq olan yuxarı otaq üçün pilləkən vardı. İçərinin havası ağır idi; adamı hər yandan kəsif bir iy vururdu. Onları dəri üzlü ağır mebellər düzülmüş qonaq otağına aparan zənci pəncərələrdən birinin taxta şəbəkəsini qaldırarkən içəri düşən gün işığında dərilərin üstündəki iri-iri çatları və oturacaqlardan qalxan toz burumlarını görmək heç də çətin olmadı. Buxarının önündəki tutqun qızılı rəngə çalan molbertdə isə mərhum atanın pastellə çəkilmiş portreti vardı.
Təpədən dırnağacan qara libasa bürünmüş bəstəboy pota qadın qızılı dəstəkli qara əsasını yerə basa-basa içəri girəndə gələnlər hamısı bir nəfər kimi ayağa qalxmışdı. Qadının boynundan zərif halqaları enli kəmərinəcən uzanıb orda yoxa çıxan qızıl zəncir asılmışdı. Yüngülsümük olduğundan miss Emili sadəcə kök deyil, piy basmış xəstəhal arvad təsiri bağışlayırdı; sanki üfürülüb şişirdilən sallaq və əprimiş əndamı durğun bir bataqlığın dibində illərcə xəbərsiz-ətərsiz qalıb ağırlaşmışdı. Meyit kimi qansız sifətin ətli qırışları arasından işaran zil qara gözlər xəmir kündəsinə basılmış bir cüt kömür parçasına bənzəyirdi; bu gözlərin qaçaraq baxışları gəlişlərinin səbəbini izah edənəcən bir-bir qonaqların üzündə gəzişmiş, bir sifətdən qopub o birinə sancılmışdı.
Əyləşmək üçün miss Emili heç kəsə yer təklif etməmişdi: qapı ağzında lal-dinməz dayanıb eləcə qulaq asmış və o çağacan gözləmişdi ki, danışan adam axır ki karıxıb susmuşdu; bu zaman otaqdakılar hamısı qızıl zəncirin ucundakı gözəçarpmaz saatın çıqqıltısını eşitmişdilər.
Miss Emilinin cavabı kifayət qədər quru və soyuq səslənmişdi: «Mən Ceffersona vergi ödəmirəm. Səbəbini mənə polkovnik Sartoris izah edib. Hansınız maraqlansa, şəhər bələdiyyəsindəki kağızlara baxa bilər».
- Biz elə də eləmişik, miss. Biz şəhər hökumətiyik. Bəyəm siz şerifin imzasıyla göndərilən məktubu almamısınız?
- Nəsə elə bir şey almışdım. Demək, o özünü şerif sayır… Ancaq mən Ceffersona vergi ödəmirəm.
- Sənədlərdə buna dair heç nə göstərilməyib, miss. Görünür ki, biz...
- Siz polkovnik Sartorislə görüşün. Mənim Ceffersona heç bir borcum yoxdur.
- Miss Emili, axı...
- Sartorislə danışın (polkovnik Sartoris azından on il vardı ki, ölmüşdü). Mənim Ceffersona heç bir borcum yoxdur. Tob!
Xidmətçi dərhal qapı ağzında peyda olmuşdu.
- Bu centlmenləri bayıra ötür.
II
Beləliklə, miss Emili otuz il əvvəl – iy-qoxu məsələsində onların dədələrini nə təhər xamlamışdısa, indi də özlərini çaşbaş salıb darmadağın eləmişdi. Həmin məsələ miss Emilinin atası öləndən iki il sonra, sevgilisinin onu təzəcə atıb getdiyi günlərdə ortaya çıxmışdı. Atasının vəfatından sonra onsuz da bütün günü evə qapanıb qalan, bayırda çox nadir hallarda görünən miss Emili adaxlısı sivişib aradan çıxdıqdan sonra öz tənha qəsrində sanki həmişəlik qeybə çəkilmişdi. Şəhərin xanımları onu yoluxmaqçün bir neçə yol toparlanıb qapısına getsələr də, di gəl, üzlərinə qapı açan olmamışdı; ümumiyyətlə, bu qapının arxasında yaşayışın hələ də davam etdiyini yalnız əlindəki ərzaq zənbili ilə hərdənbir küçədə gözə dəyən qoca xidmətçidən – onda hələ xeyli cavan olan zəncidən bilmək olurdu.
- Lap nə qədər təmizkar da olsa, mətbəxi qaydasında saxlamaq kişi xeylağının hünəri deyil, – deyə xanımlar yer-yerdən uzaqgörənlik edirdilər.
Və elə bu səbəbdəndi ki, iy məsələsinin ortaya çıxması camaatı bir elə təəccübləndirməmişdi. Bu, əlçatmaz bir yüksəklikdə qərar tutmuş Qrirsonları sanki rəiyyətlə bağlayan daha bir halqa, bir calaq kimi idi. Bununla belə, hər halda miss Emilinin qonşusu qosqoca merin – səksən yaşlı şəhər hakimi Stivensin yanına şikayətə getməkdən də qalmamışdı.
- İndi sizin məndən tələbiniz nədir, xanım? – axırda hakim ondan soruşmuşdu.
- Tapşırın, qoy ölçü götürsün. Bəyəm daha qanun-filan işə yaramır?
- Qanunluq burda bir şey yoxdur. Bu, hara getsə zəncinin əməlidir: yəqin ilanı, ya da siçanı öldürüb həyət atıb. Mən özüm onu görüb danışaram.
Ertəsi gün daha iki nəfər şikayət etmişdi; özü də şikayətçilərdən biri kişi xeylağı idi və qonşu qadından fərqli olaraq, öz narazılığını o çox nəzakətlə bildirmişdi.
- Cənab hakim, mütləq tədbir görmək lazımdır. Şəxsən mən dünyasında razı olmaram ki, miss Emilini narahat eləyək, ancaq nəsə bir şey fikirləşmək lazımdır.
Həmin axşam şəhər bələdiyyəsinin üç ağsaqqal və bir gəncdən ibarət məşvərət şurası yığışmışdı. Cavan nəslin nümayəndəsi əlüstü sözə başlayıb:
- Burda nə çətin iş var ki, ona yazılı xəbərdarlıq göndərmək, özü də konkret vaxt qoymaq lazımdır ki, evini qaydaya salsın; yox, əgər bu bir fayda verməsə... – deyə üdülüyüb tökəndə hakim onun sözünü yarımçıq kəsmişdi:
- Siz nə danışırsız, cənab, axı necə cürət edib xanımın üzünə demək olar ki, ondan iy gəlir? Yox, bu cür yaramaz.
Sabahısı gün gecədən xeyli ötmüş dörd nəfər kişi quldur kimi miss Emilinin həyətinə soxulub divarların dəlmə-deşiyini iyləyə-iyləyə evin dörd həndəvərini ələk-vələk eləmişdi. Kişilərdən biri eynən toxumsəpənlər kimi tez-tez əlini çiynindən asdığı meşin çuvala salıb-çıxarır, künc-bucağa xlorlu əhəng səpirdi. Sonra zirzəmiyə enib oranı da dərmanlamışdılar. İşlərini görüb geri qayıdanbaş qəfil işıqlanan pəncərələrdən birinin arxasında miss Emilinin heykələbənzər cansız fiquru görsənmişdi; kişilər ayaqlarının ucunda ehmalca çəmənliyi adlayıb yol qırağındakı ağaclığa təpilmiş, qaranlıqda yoxa çıxmışdılar. Və bir-iki həftəyə iy tamam çəkilib getmişdi.
Adamların miss Emiliyə acıması da elə o vaxtlardan başlanmışdı; dost-doğmaca bibisi Uayet qarının ömrünün sonlarına yaxın necə xəriflədiyini, axırda da əməlli-başlı havalandığını yada salıb belə nəticə çıxartmışdılar ki, deyəsən özlərini hədsiz tox tutmaq Qrirsonların köhnə mərəzidir; hər halda, qohumlarının nəzərində bizim şəhərin cavanları miss Emiliyə nəinki tay deyildi, heç onun əlinə su tökməyə də yaramazdılar. İndiki kimi gözümüzün önündədir: atası əlində qamçı, ayaqlarını gen qoyub şəstlə artırmada dayanardı, bir az arxada, açıq qapının arasında isə ağ geyimli zərif Emili. Elə ona görə yaşı otuzu haxlayan qızın hələ də evin bir küncündə qarıdığını görəndə ürəyindən tikan çıxan şəhər əhli nəinki buna sevinir, həm də özünü qisası alınmış sayırdı: bizim fikrimizcə, indi münasib bir adam rast düşsəydi, Emili daha heç kəsi vecinə almaz, hətta havalı bibisindən də çəkinməyib əlüstü razılıq verərdi.
Atası öləndə məlum oldu ki, kişi öz qızına quruca evdən savayı heç nə qoymayıb və açığı, bu, çoxlarının ürəyindən xəbər vermişdi. Düşünürdük ki, indi biz artıq miss Emilinin qayğısına qalıb halına acıya biləcəyik – ehtiyac və yalqızlığın dadını duya-duya, nəhayət, o da öz xudpəsəndliyindən əl çəkib allah ümidinə yaşamağın əbədi qorxusunu hamı kimi dərk edər.
Atası ölən günün sabahısı el adətincə həm başsağlığı, həm də əl-ayaq vermək məqsədilə təşrif buyuran şəhər xanımlarını o, qapı ağzında, öz həmişəki geyimində qarşılamışdı – üz-gözündə hüzndən zərrəcə əsər-əlamət olmayan, bir tikə də göz yaşı sezilməyən miss Emili atasının ölmədiyini təkidlə elan edərək, nə keşişlərin, nə də həkimlərin heç bir cəhdinə məhəl qoymadan düz üç gün öz dediyinin üstündə durub cənazənin evdən çıxarılmasına icazə verməmişdi; yalnız qanun üzrə müəyyən ölçü götürmək məcburiyyəti çatdıqda qəfildən inadından əl çəkib təslim olmuşdu və meyiti dərhal aparıb basdırmışdılar.
O zaman bunun dəlilik əlaməti olması heç kəsin ağlına gəlməmişdi, axı miss Emilini anlamaq çətin deyildi: atası evdən o qədər cavanın ayağını kəsmişdi ki, eyni aqibətlə üzləşən adamlar kimi, indi bu büsbütün yalqızlaşmış qadının da yapışmağa özgə həç nəyi qalmamışdı.
III
Sonra miss Emili xeyli müddət xəstə yatdı.
Biz onu təzədən görəndə saçlarını qısa kəsdirmişdi və buna görə yeniyetmə qızlara bənzəyirdi; bir müddət də keçəndən sonra o öz ciddi və qəmgin görkəmiylə eynən kilsə vitrajındakı zərif mələk təsvirlərini xatırlatmağa başladı. Bu həmin əyyamlardı ki, hökumət küçələri səkilətmək qərarı vermişdi; müqavilələr imzalanmış və yayda (onda miss Emilinin atası dünyasını dəyişmişdi) iş əməllicə qızışmışdı; şəhərdə inşaat briqadası – Homer Berronun başçılığı altında zənci və qatırlardan ibarət işçi qüvvəsi peyda olmuşdu.
Sifəti gündən qapqara yanmış boylu-buxunlu, çılğın təbiətli Berron xalis yanki idi: tünd qara saçları, açıq rəngli gözləri, çox gur səsi vardı. Arxalarınca dəstə-dəstə qaçışan oğlan uşaqları onun zəncilərə necə təpinməsinə, o yazıqların da başları üzərində qaldırıb-endirdikləri ağır külünglərin ritminə uyğun tərzdə necə oxumalarına heyranlıqla tamaşa edərdilər. Tez bir zamanda bu yanki az qala bütün şəhərlə curlaşdı: hansı küçədə qəhqəhə, hansı tində hay-küy səsləri ucalırdısa, demək, Berron orda – yığnağın başındaydı. Az keçmiş camaat onu miss Emili ilə birgə görməyə başladı: icarəyə götürdükləri üstüaçıq, sarı təkərli ikiadamlıq faytonda onlar hər bazar günü gəzintiyə çıxırdılar.
Əvvəl biz ona sevinmişdik ki, deyəsən nəhayət miss Emilinin də canında həyata qarşı nəsə bir maraq oyanıb, çünki şəhər xanımları əminliklə bildirirdilər ki, «Qrirsonlar şimallını, üstəlik də günəmuzd işləyən birisini dünyasında özlərinə yaraşdırmazlar». Ancaq yaşlılar bir az fərqli düşünürdülər: əsl ledi bədbəxtliyə düçar olanda da öz şərəf və ləyaqətini uca tutmalıdır. Düzdür, söz onların ağzından eynən bu şəkildə çıxmırdı; düşünməyinə bu cür düşünsələr də, dildə sadə deyirdilər: «Yazıq Emili. Gərək qohumları vaxtında ona bir gün ağlayaydı».
Miss Emilinin həqiqətən Alabamada qohumları vardı; intəhası havalı Uayet qarının mülkü üstündə atası hələ neçə il qabaq onlarla əməlli-başlı ağızlaşmış, münasibətləri elə korlamışdı ki, aradakı bu umu-küsüyə, bu incikliyə görə Alabamadan heç dəfnə də gələn olmamışdı.
«Yazıq Emili» kəlməsinin ilk dəfə dildən-ağızdan çıxmasıyla cürbəcür dedi-qoduların dil-ağıza düşməsi bir oldu. «Elə bilirsiz ortalıqda nəsə var?» – deyə hamı bir-birindən ehtiyatla, çəkinə-çəkinə soruşur, cavab da belə olurdu: «Əlbəttə var, niyə də olmasın?»
Və beləcə, miss Emilinin qulağından uzaq, od tutub yanan bazar günləri evini günəşin qaynar şüalarından qorumaqçün qalın pərdələr çəkilmiş pəncərəsinin altındaca, yaxud küçə uzunu hərəkət edən inşaat briqadasının ardınca pıçıltılar elə hey baş alıb gedirdi: «yazıq Emili».
Lakin hamı onun sındığını iddia eləsə də, miss Emili yenə əvvəlki qaydada başını dik tutub şax gəzir, özünü qabaqkından da təşəxxüslü aparmaqla sanki Qrirsonlar nəslinin son nümayəndəsinin ləyaqətini nəyin bahasına olur-olsun isbatlamağa çalışırdı; camaatın məzəmmət dolu bütün bu mənasız dedi-qoduları isə, deyəsən öz müstəsnalığına və haqlı olmasına inamını daha da gücləndirmişdi, vəssalam. Elə aptekdən siçan zəhəri alanda da o özünü bu cür ötkəm aparmışdı. Onda «yazıq Emili» deyiminin ilk dəfə səsləndiyi gündən artıq bir il ötmüşdü və bu müddətdə axır ki, Alabamadan iki əmisi qızı da ona baş çəkməyə gəlmişdi.
- Mənə zəhər lazımdır, – aptekçiyə belə demişdi.
Yaşı otuzdan adlayan miss Emili azacıq sınıxsa da, yar-yaraşığı üstündəydi; qara gözləri soyuq bir təkkəbbürlə baxırdı, gicgahlarının dərisi də hələ tarım idi – bizim təsəvvürümüzcə, yalnız mayak gözətçisi bu sifətdə ola bilərdi.
- Mənə zəhər lazımdır, – o demişdi.
- Baş üstə, miss Emili, hansından buyurursunuz? Yəqin siçan zəhəri, eləmi? Mən məsləhət görər...
- Mənə ən güclüsü lazımdır, adının dəxli yoxdur.
Aptekçi bir neçə zəhərin adını sadalayıb demişdi:
- Bunlarla lap fili də yıxmaq olar. Ancaq sizə ən yaxşısı...
- Arsen, – deyə miss Emili onun sözünü yarıda kəsmişdi. – Arsen yaxşıdırmı?
- Arsen? Bəli, mem. Ancaq siz gərək...
- Mənə arsen gərəkdir.
Aptekçi başını dikəldib onunla göz-gözə gələndə miss Emili bu baxışları kirpik çalmadan qarşılamışdı; onun donuq sifəti alay bayrağı kimi meydan oxuyurmuş.
- Bir halda ki, sizə məhz arsen lazımdır, qoy olsun. Ancaq qanuna görə ondan nəyə qarşı və necə istifadə edəcəyinizi siz qabaqcadan bildirməlisiniz.
Miss Emili başını ehmalca dala atıb aptekçinin dik gözünə baxmışdı; aptekçi bu baxışa tab gətirməyib, axırda dönüb çıxmış və bir də həmin otağa qayıtmamışdı; arsen bağlısını da ona zənci oğlan gətirib vermişdi. Evdə bağlını açarkən miss Emili qutunun üstündə bu sözləri oxumuşdu: «Siçan əleyhinə».
IV
«Zəhərləyəcək özünü» – ertəsi gün hamı belə deyir, hamı da fikirləşirdi ki, əslində ondan ötrü ən salamatı elə budur.
Homer Berronla oturub-durduğu ilk günlər biz onun ərə gedəcəyini qət etmiş, Sığınlar Klubunda avaralanmağı özünə peşə etmiş yankinin başına toplaşan cahıllara subaylığın sultanlığından dəm vurduğunu eşidəndə isə düşünmüşdük ki, miss Emili onu tora salıb dərsini verər. Ancaq sonra yenə də hər bazar günü onların yanımızdan ötüb keçən qoşa gəzdikləri faytonun arxasınca baxıb köks ötürürdük: yazıq Emili. Günün altında par-par parıldayan faytonda miss Emili həmişə başını dik tutar, şlyapasını yan qoyan Homer Berron isə damağında siqar, sarı əlcəkli əlindəki qamçını şəstlə oynadardı.
İşi belə görən bəzi qadınlar giley-güzara başlamışdılar ki, bəs guya onların bu hərəkətləri həm cavanlara pis təsir göstərir, həm də şəhərin ad-sanına ləkədir. Kişilər qaşınmayan yerdən qan çıxarmamağı məsləhət görsələr də, arvadlar dil-boğaza qoymamış və baptist keşişini dilə tutub, miss Emilinin yanına göndərə bilmişdilər (bütün qohumları kimi miss Emili də yepiskop kilsəsinə mənsub idi). Keşiş bu görüşün necə keçməsi barədə heç kəsə bir kəlmə danışmasa da, miss Emili ilə təkrar görüşdən qətiyyətlə boyun qaçırtmışdı. Və növbəti bazar günü camaat yenə onları öz faytonlarına minib küçələri dolaşan görmüş, sabahısı isə keşişin arvadı Alabamadakı qohumlara məktub göndərmişdi.
Beləliklə, miss Emili yenə öz evində tək deyildi, biz də qulaq kəsilmişdik ki, görək bu işlərin sonu necə olacaq. Əvvəlcə hər şey öz köhnə axarıyla davam edirdi, sonra isə biz onların evlənəcəklərini yəqin elədik – söz yayılmışdı ki, bəs guya miss Emili zərgərə hər əşyasının üzərində H.B. hərfləri yazılmış gümüş ləvazimat dəsti sifariş verib. İki gün sonra, gecə köynəyi də daxil olmaqla onun bir dəst kişi paltarı aldığını da öyrənib rahatca köks ötürdük: demək evlənmələri doğruymuş. Və biz bu işə ürəkdən şad idik, ən çox da ona görə ki, əmisinin hər iki qızı Qrirson xislətli olmaqda miss Emilidən də betər idilər; onlara baxanda miss Emili şükürlüydü.
Şəhərin küçələrində işin başa çatmasından bir müddət sonra Homer Berronun yoxa çıxması elə bu səbəbdən camaatı bir elə təəccübləndirmədi. Nikah barədə heç nə bildirilməməsi şəhər əhlini bir qədər məyus eləsə də, belə düşünürdük ki, yəqin miss Emilini öz evinə köçürtməklə bağlı hazırlıq görməyə gedib, ya da imkan yaradıb ki, miss Emili öz qohumlarından canını biryolluq qurtarsın (onlara qarşı əməlli-başlı qəsd hazırlanmışdı və bu işdə biz hamımız miss Emilinin tərəfindəydik). Həqiqətən də, bircə həftənin tamamında qızlar Alabamaya qayıtmışdılar, üç gündən sonra isə hamının güman etdiyi kimi, Homer Berron təzədən şəhərdə peyda olmuşdu: miss Emilinin qonşusu axşamın alatoranında zənci xidmətçinin onu dal qapıdan içəri buraxdığını öz gözləri ilə görmüşdü.
O gündən daha Homer Berronu gördüm deyən olmadı. Bir müddət elə miss Emili də gözə dəymədi. Xidmətçi əlində zənbil gündə bir dəfə evdən çıxır və bazarlıq edib qayıdırdı, evin giriş qapısı isə həmişə bağlı olurdu. Pəncərə arxasında hərdənbir ötəri görünsə də (həyəti dərmanlanan gecə görsəndiyi kimi), miss Emili düz yarım il bayıra çıxmadı. Biz işin bu tərəfini də anlayır və bunu doğru olaraq atasının ruhuna yozurduq: görünür, könlü istəyən qadın həyatını qurmaqda hər dəfə onun qəsdinə durmuş bu ruh hələ də evdən çəkilib getməmişdi və deyəsən, heç getmək fikri də yox idi.
Biz onu təzədən görəndə, miss Emili hədsiz kökəlmişdi; dən düşmüş saçlarının ağı isə ildən-ilə çoxalıb axırda istiotla duz qarışığı rənginə çaldı; adətən tükənməz enerjili işgüzar kişilərdə müşahidə edilən saçın bu cür rəngi miss Emilidə yetmiş dörd illik ömrünün sonunacan dəyişib eləmədi. Çini qablara naxışsalmadan dərs dediyi altı-yeddi il saya alınmasa (onda yaşı qırxa yaxın idi), bütün bu müddət ərzində evin giriş qapısı bağlı qaldı. Alt mərtəbədəki otaqlardan birini miss Emili vaxtilə emalatxana eləmişdi və polkovnik Sartorisin yaşıdlarının qızları, qız nəvələri bazar günləri əllərinə iyirmi beş sent nəzir pulu verilib göndərildikləri kilsəyə hansı həvəslə yollanırdılarsa, eyni həvəslə də bu otağa dərs almaqçün gəlirdilər. Miss Emili vergidən də elə məhz o vaxtlar azad edilmişdi.
Fəqət zaman ötdü, dövran dəyişdi, təzə nəsil köhnəni əvəz elədi; yaşa dolub bu evi həmişəlik tərk edən şagirdlər də öz uşaqlarının əlinə fırça-boya, qadın jurnallarından kəsilmə rəngli şəkillər verib daha onun yanına yollamadılar. Son şagirdin arxasınca örtülən qapı bir də heç kəsin üzünə açılmadı. Şəhərdə rüsumsuz poçt xidməti yaradılanda təkcə miss Emili öz qapısına üstündə nömrə olan metal lövhə vurdurmadı, poçt qutusu asdırmadı; ha desələr də, nə qədər dilə tutmağa çalışsalar da, heç kəsə qulaq asmayıb razılaşmadı ki, razılaşmadı.
Günlər, aylar, illər bir-birini əvəzləyirdi; əlində bazar zənbili hər səhər ərzaq dalınca yollanan zəncinin saçları da elə bizim gözlərimiz önündə ağardı, beli yavaş-yavaş büküldü. Hər dekabr ayında miss Emili rəsmi vergi kağızı alır, bir həftə sonra elə aldığı şəkildə də kağızı poçtla geri göndərirdi. Arabir onu alt mərtəbənin hansısa pəncərəsində görənlər olurdu; çox güman ki, üst mərtəbə ümumiyyətlə bağlı qalırdı. Lal-dinməzcə, tam hərəkətsiz oturan miss Emili daşdan yonulma bütü andırırdı; heç onun bizlərdən kimisə görüb-görmədiyini də dürüst bilmək olmazdı.
Bax, o elə bu cür – dərkolunmaz və inkaredilməz bir büt kimi – hamımızın öyrəşib isinişdiyimiz, hamımıza məhrəm olan heyrətamiz görkəmindəcə bir nəsildən o birinə adlayırdı. İndi də budur, canını tapşırdı; neçə vaxtdı naxoşlayıb yorğan-döşəyə düşən, toz basmış alaqaranlıq otaqda öz xəstə canıyla əlləşən bu zavallı qadın gör nə müddətdi ki, qocalıb-qartımış, əldən-dildən düşmüş xidmətçi zəncinin tək umuduna qalmışdı.
Əslində, onun heç xəstələndiyini də doğru-dürüst bilən bir allah bəndəsi yoxdu; biz zəncidən bir söz qopartmaq, nəsə soruşub öyrənmək ümidini çoxdan itirmiş və bu vəziyyətlə barışmışdıq – bu məxluq bircə kəslə də kəlmə kəsmir, ömür-billah ağzını açıb dillənmirdi; çox güman, heç miss Emili ilə də danışmırdı və bəlkə elə bundandı ki, səsi pas atıb xır-xır xırıldayırdı.
Miss Emili alt mərtəbədəki otaqların birində, qoz ağacından qayrılma iri, ağır miçətkənli çarpayıda keçinmişdi; onun ağsaç başı uzun illər gün işığı dəymədiyindən sapsarı saralıb kif atan köhnə balışın arasında itib batmışdı.
V
Xəbəri hamıdan birinci eşidib tezbazar, tələm-tələsik özünü yetirən qadınları zənci elə giriş qapısının ağzındaca qarşılayaraq içəri buraxmış, o saat da boğuq pıçıltılar evi başına götürmüşdü; gələnlərin həris baxışları otağın günc-bucağını dolaşdığı zaman zənci sakitcə aradan çıxmışdı – o, içəri otaqlardan adlayıb evin dal artırmasından aşağı enmiş və həmişəlik qeyb olmuşdu. Əvəzində miss Emilinin əmisi qızları əlüstü özlərini yetirmişdilər, ertəsi gün isə bütün şəhər dəfnə axışıb gəlmişdi.
Miss Emilinin cənazəsi alınma güllərin əhatəsində idi; tabutun baş tərəfində atasının dərin fikrə qərq olmuş zərli portreti qoyulmuşdu, şəhər xanımları da cənazə ətrafında sıx dövrə vurub hüznlə xısınlaşırdılar. Evin qənşərindəki artırmada və çəmənlikdə oturan ixtiyar qocaların bəziləri səliqə ilə yuyulub-ütülənmiş konfederat ordu formasında idilər, söhbətlərindən də belə məlum olurdu ki, miss Emili onların yaşıdı imiş və guya cavanlıqda onunla hələ rəqs də etmişdilər; hətta aralarında mərhuməyə xüsusi nəvaziş göstərən, sevgisini izhar edənlər də tapıldı. Bir sözlə, bütün yaşlı adamlara xas olduğu kimi, onlar da zaman və hadisələrin kələfini dolaşıq salmışdılar. Belələrinə görə keçmiş – uzaqlarda əriyib itən dar bir cığır deyil, bizim günlərdən vur-tut son on ilin kəsimiylə ayrılan geniş və həmişəyaşıl bir çəmənlik kimidir.
Hər kəsə gün kimi apaydın idi ki, qapısı indiyəcən də bağlı olduğundan üst mərtəbədəki otaqlardan birinə qırx ildən çoxdu bir allah bəndəsinin ayağı dəyməyib. Odur ki, miss Emilinin cənazəsini kəmali-ədəblə aparıb torpağa tapşırandan sonra, tez həmin qapını sındırıb açdılar.
Sərt zərbənin təsiriylə neçə illərdən bəri yığılıb qalmış tozu ərşə qalxan otaq sanki bəylə gəlinin zifaf gecəsi üçün hazırlanmış və buna uyğun mebellə təchiz olunmuşdu. Havada qəbir üfunəti vardı. Nazik toz layı hər tərəfi basmışdı: çəhrayı abajurlu lampa, çəhrayı taxtın rəngi bozarmış qırçınları, bər-bəzək stolu, masa üzərində bir-birinə qarışmış xrustal ətir şüşələri – hamısı toz içindəydi; tutqun gümüşü rəngli üzqırxan ləvazimatının üzərindəki yazılar da seçilməz olmuşdu. Elə oradaca qalstuk və yaxalıq gözə dəyirdi; onları sanki indicə çıxarıb ora qoymuşdun, amma qaldıranda yerində tozdan apaydın seçilən aypara şəkilli izləri qaldı. Stulun söykənəcəyindən isə kostyum asılmışdı; döşəmədə bir cüt kişi çəkməsi, böyründə də corablar vardı.
Kişi özü isə çarpayıda uzanmışdı.
Biz nəfəsimizi içimizə qısaraq cınqırımızı da çıxartmadan bir xeyli müddət beləcə durub, donuq bir istehza ilə qorxunc tərzdə üzümüzə ağaran kəlləyə tamaşaya elədik. Ölü kimisə qucaqlamış kimi uzanmışdı, lakin sevgi-məhəbbət nəvazişlərindən daha uzunömürlü olan və sanki bütün əyər-əskiklərə sığal çəkib hamarlayan əbədi yuxu zavallının sevgilisini ondan qopartmışdı; bir vaxtlar gecəköynəyi olmuş cındasıyla üstü örtülən qalıqları isə illərlə uyuyub qaldığı bu çarpayıya əriyib qarışmışdı.
Kişinin özü də, böyründəki balış da hamar kül qatının altında itib-batmışdı.
Və yalnız bu zaman biz ikinci balışın üzərində yüngül baş izini sezdik. Kimsə irəli əyilib barmağının ucunu ehmalca balışa toxunduranda biz bu gözəgörünməz külün kəsif iyindən udquna-udquna bir az qabağa durub bunun bozumtul rəngə çalan bir çəngə uzun qadın teli olduğunu gördük.