2 Mart 2017 11:49
4 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 29-da əməkdar artist Rəhman Rəhmanovun 60 illik yubileyi qeyd olunacaq. Uzun illərdir çalışdığı Kukla Teatrında onun yubileyi ilə bağlı yeni səhnə əsəri hazırlanır. Bizim də ora gəlişimiz elə tamaşanın məşq prosesinə təsadüf etdi. Dekorasiyaları qurulan tamaşada məşqlərin şahidi olub, bizə ayrılan zamandan istifadə etdik – səbəbkarla həmsöhbət olduq.

Aktyorun doğma, sevimli məkanında aldığımız müsahibəni təqdim edirik:

-Rəhman müəllim, yeni tamaşanızı təhvil vermək ərəfəsindəsiniz. Təbrik edirik, deyəsən yubileyinizə həsr olunan başqa bir tamaşa da olacaq.

-Yox, yubileyimə həsr olunan tamaşa elə budur. Sözün açığı, teatr bu tamaşanı mənim yubileyimə hədiyyə edir, mən də onu balalara hədiyyə edəcəm. Çünki tamaşaya onlar gəlib baxacaqlar.

-Bu əsər öz seçiminiz olub?

-Bir neçə əsər təklif olundu. Mən “Pişiyin evi” əsərini seçdim. Mənim uşaqlığım bu əsər və bu səpkidən olan əsərlərlə keçib.

- Yəqin evinizdə də pişik saxlayırsınız.

-Həmişə evimdə pişik olub. İndi biri qalıb. Həyətdə də it saxlayıram.

-60 yaşınızın neçə ilini bu teatra həsr etmisiniz?

-43 ildir burda işləyirəm. Həm o vaxtlar, həm də sonralar çox teatrlar məni dəvət ediblər. Amma mənə ən doğma olan Kukla Teatrıdır. Çünki 26 yaşından burda işləyirəm. Və elə o vaxtdan da ömrümü bu teatra bağladım. Bura mənim ikinci evimdir. Bəlkə də elə birincidir.

-Adətən aktyorlar pillə-pillə irəliləyib, nəhayət, Akademik Dram Teatrının səhnəsinə çıxırlar. Amma siz elə karyeranıza məhz orda başlamısınız.

-Bəli, Akademik Milli Dram Teatrında yardımçı heyətin aktyoru olmuşam. Böyük sənətkarlarla işləmişəm.

-Səhv etmirəmsə, sizi teatra Lütfi Məmmədbəyov gətirib.

-Lütfi Məmmədbəyov mənim müəllimim idi. Ona bütün ömrüm boyu borclu qalacam. Bu sənətə məni o gətirib, səhnədə necə dayanmağı, necə hərəkət etməyi o, mənə öyrədib. Şükür edirəm ki, onun kimi bir insanın tələbəsi olmuşam...

-Sözünüzü kəsəcəm, bir neçə gün öncə “Azdrama”da Lütfi Məmmədbəyovun 90 illik yubileyi qeyd olundu. Çıxış edənlər Lüfti müəllimdən onlara həm mənəvi, həm də maddi çox şeylər qaldığını dedilər. Sizə Lüfti müəllimdən nə yadigar qaldı?

-Sizə bir maraqlı hadisə danışım: 13 yaşından Lütfi müəllimin rəhbərlik etdiyi xalq teatrının üzvü olmuşam. İki ildən sonra dedi ki, İncəsənət İnstitutu ilə danışmışam, səni ora götürəcəklər və müəyyən qədər güzəşt edəcəklər. Bu, çox böyük iş idi. Mənsə ona dedim, Lütfi müəllim, mən hələ orta məktəbi bitirməmişəm. O, mənə bu yaxşılığı etmək istəyirdi və inanırdı ki, məndən yaxşı aktyor olacaq.

Onun daha bir yaxşılığı 15 yaşında ikən məni “Azdrama”ya aparması oldu. Apardı və dedi ki, yardımçı heyətin aktyoru ol, ustad sənətkarlarla səhnəyə çıx, məşqlərinə bax, böyük məktəb keçmiş olacaqsan. Doğurdan da, böyük məktəb keçdim.

Amma nə gizlədim, İncəsənət Gimnaziyasının 4-5-ci sinfində oxuyanda Kukla Teatrına, kukla tamaşalarına meylim yarandı. Çünki Kukla Teatrı vaxtaşırı öz tamaşalarını bizim İncəsənət Gimnaziyasında nümayiş etdirirdi.

Dostum bu teatrda texniki işçiydi, bir gün onu ziyarət üçün bura gələndə, zala girib, səhnəni gördüm və daha dözmədim. Dostuma dedim, görəsən, teatrda mənə iş olar? Dedi aktyor ştatında yer yoxdur, amma texniki işçi ola bilərsən. Beləcə məni işə götürdülər. İnanırsınız, səhnənin damına çıxırdım, təmizləyirdim, pərdələrini silirdim. Bunu da bütün teatr görürdü. Texniki işçi ola-ola mənə xırda-xırda rollar da həvalə edirdilər. Görürdülər bura fəhləliyə deyil, aktyorluğa görə gəlmişəm. Təyinatla teatra aktyor göndərmişdilər, amma boş qalan aktyor yerinə onu deyil, məni götürdülər. Çünki mən aktyor kimi özümü doğrultmuşdum. Beləcə 1974-cü ildən bu teatrdayam.

-Düşünmək olarmı ki, “Azdrama” sizə çətin gəldi yaxud orda qalıb mübarizə aparmaq istəmədiniz...

-Yox, qətiyyən çətin deyildi. Fəxr edirdim ki, Mövsüm Sənani, Məlik Dadaşov kimi sənətkarlara bir səhnəyə çıxıb, Tofiq Kazımov kimi böyük rejissorun quruluşlarında epizod da olsa oynamışam. Fuad Poladov, Hökümə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli və daha kimlər, kimlərlə işləmişəm...

Əlbəttə, hər bir aktyor istəyir göz qabağında olsun. Bizim öndə gedən aktyorlarımız “Azdrama”dadır. Amma əgər əsl sənətkardırsa, onun harda işləməyinin fərqi yoxdur. Kukla Teatrının aktyorları səhnə arxasında qalırlar, tanınmırlar.

-Siz onlardan daha şanslı oldunuz, tanındınız.

-Şükürlər olsun ki, mən həm səhnə arxasında, həm də televiziya tamaşaları, bədii filmlər, seriallarda çıxış etmişəm. Ona görə də tamaşaçı məni tanıyır. Və hardasa tamaşaçı sevgisini qazana bilmişəm.

-Tanınmağı, tamaşaçı sevgisini Çingiz Əhmədovla olan tandeminizə borclu hiss edirsinizmi?

-Hələ 1976-77-ci illərdə Azərbaycan Televiziyası üçün hazırlanan cürbəcür verilişlər və televiziya tamaşalarında iştirak edirdim. Tanınmağım bununla başladı. Kukla Teatrının yeganə aktyoruyam ki, kukla ilə tanınmışam və o obraz indiyə qədər yaddaşlardadır. O da 37 il bundan əvvəl Anarın “Qaravəlli” əsərindəki oynadığım Balaqədeş rolu idi. İndiyə qədər də televiziyanın Qızıl Fondunda saxlanır.

Çingizlə birgə hazırladığımız “Ordan- burdan” 90-cı illərin məhsulu idi. Həmin veriliş 10 il mütəmadi olaraq Azərbaycan Televiziyasında nümayiş olundu. O verilişlə insanlar bizi daha da çox tanıdılar, daha çox sevdilər, aktyor kimi potensialımızı kəşf etdilər. “Ordan-burdan” o vaxtlar televiziyada bu səpkidə olan yeganə veriliş idi. Amma bu gün belə verilişlərin sayı çoxdur.

-Verilişin bağlanmağına səbəb siz idiniz?

-Faciə yaşadım, oğlum rəhmətə getdi. Ona görə daha işləyə bilmədim. 2012-ci ildə Heydər Əliyev adına Respublika Sarayında sonuncu dəfə “Ordan-burdan” ın konsertini elədik və onunla da bitdi. O vaxtlar sıralarımızda Rəhmətlik Ofeliya Aslan, Novruz Qartal da var idi.

-Çingiz müəllimlə söhbətimizdə demişdi ki, illər sonra yenə o verilişin bərpasına çalışdınız. Sizcə, bu, niyə alınmadı?

-Bəli, alınmadı. Yaş da öz işini görürdü. Uşaqlar böyüyürdü, qadın paltarı geyinmək artıq mümkün deyildi. Ona görə də davam etmədik.

-Sözlərinizdə sanki peşmanlıq hiss etdim. Qadın paltarı geyindiyinizə görə peşmansınız?

-Bizdən əvvəl Yaşar Nuriylə Rafael Dadaşov “Ordan-burdan” tamaşasında qadın paltarı geyinib. Hələ çox-çox əvvəllər də belə aktyorlarımız olub. Məsələn, Ağdamski...

-Ağdamskinin zamanında teatrda qadınlar demək olar ki, yox idi.

-Doğrudur, amma aktyor hər şeyi bacarmalıdır. O, hər roldan istifadə etməlidir.

-Bəs ailənizdə buna etiraz edənlər olurdumu?

-O vaxt cavan idik, uşaqlar balaca idi. Bir də burda etiraz edəcək bir şey də yox idi.

-Özünüz dediniz ki, qadın paltarlarını geyinmək artıq mümkün deyildi.

-Teatrda da hər bir obrazı yaradanda bunu yaşa uyğun edirlər. Cavanı cavan, qocanı qoca oynayır. Biz artıq cavan deyildik və artıq qadın paltarı geyinə bilməzdik.

-Bədii film və seriallarda az-az görünməyinizin səbəbi nədir?

-Azərbaycanda yaxşı seriallar nümayiş olunur, gözəl rejissorlarımız da var. Tamaşaçı da toplaya bilirlər. Bu, böyük işdir. Seriallarımız əladır.

Bir neçə il əvvəl məni bir türk rejissor – Osman Albayraq seriala çəkdi. 50 seriyada rol aldım, çünki məni qane edən qonorar verirdilər. Və məhz buna görə seriala çəkilmişəm. İndiki seriallardan da təkliflər almışam, alıram, amma maddi cəhətdən mənə sərf etmir. Onsuz da başqa aktyorlar seriallara çəkilir, bizim çəkilməyimizin nə mənası var. Biz artıq etdiyimizi etmişik.

40 il hamı üçün işlədim, son üç ildir ancaq uşaqlar üçün işləyirəm. Məndən hərdən soruşurlar ki, sizi necə görək. Deyirəm Kukla Teatrına gəlin.

O ki, qaldı filmə... Doqquz bədii filmə çəkilmişəm. Bəsimdir. Təklif gəlsə, yaxşı olar, amma maddi durumu da gərək yaxşı olsun. Serialda işlədiyim türk rejissor bir dəfə mənə dedi ki, əgər sən Türkiyədə belə bir seriala çəkilsəydin, milyoner olardın. Amma inanın, mən ömrümdə xaricə gedib, orda çəkilmərəm. Azərbaycan mənə bəs edir.

-Doğurdan? Çox qəribədir.

-Mən sırf azərbaycanlıyam. Və ancaq Azərbaycan tamaşaçısı üçün oynaya bilərəm. Həm də çəkilməməyimin bir səbəbi də xəstəliyimlə əlaqədardır. Söz əzbərləmək lazımdır, xəstəliyimlə əlaqədar bunu eləmək çətindir. Üstəlik, çəkiliş zamanı da yoruluram. Şükürlər olsun ki, ölkə başçımız mənə prezident mükafatı verir, işləyib teatrdan da maaş alıram.

-Səhhətiniz sözünüzə baxırmı?

-Şükür Allaha, yaxşıyam. Amma müalicə daimidir. Özü də bahalı müalicədir. Dərmanlar, iynələr, bahalı sistemlər... Bunlar olmasa, mən bir ay yaşaya bilmərəm. Çox pis xəstəlikdir. Prezident mükafatı olmasa, maddi cəhətdən bu xəstəliyimin qarşısında duruş gətirə bilmərəm.

-60 yaşınızdan geriyə boylananda nələr düşünürsünüz?

-Heç nəyə peşman deyiləm. Yaxşı sənət növü seçmişəm. Özümü də bu sənətdə hardasa doğrulda bilmişəm. Adım çəkilir, dövlət mükafatlarım, fəxri adım var. Bununla fəxr edirəm. Sənətlə əlaqədar heç bir peşmanlığım yoxdur.

-Onda ağrılarınız daha çox tale payınıza düşür.

-Elədir, həyatda ağrılarım çox olub.

Nərmin Muradova

FOTOLAR: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər