Xalq artisti, kinorejissor Eldar Quliyevlə Eldəniz Zeynalovun 80 illik yubiley tədbirində qarşılaşdıq. Çox nadir hallarda rastımıza çıxan bu fürsəti qaçırmayıb, Eldar Quliyevlə ayaqüstü həmsöhbət olduq.
-Xoş gördük sizi, Eldar müəllim. Necəsiniz?
-Çox sağ olun, yaxşıyam.
-Bu gün Eldəniz Zeynalov yad edilir. Onu necə xatırlayırsınız?
-O, mənim çəkdiyim “Bir cənub şəhərində” filmində baş rollardan birini oynayıb. Möhtəşəm, peşəkar aktyor idi. Təəssüf ki, öz bacarıqlarını tam göstərə bilmədi. Başqa və bəlkə də, özü üçün daha asan yolla irəlilədi. Bu yolda isə ancaq komediya aktyoru kimi yaddaşlarda qaldı. Halbuki o, həm də dramatik obrazlar yarada biləcək aktyor idi.
Bütün bunlara baxmayaraq, koloritli və milli aktyor kimi Eldəniz Zeynalov tamaşaçıların sevimli aktyorlarından birinə çevrildi. Heyif, aramızdan çox tez ayrıldı.
-Bəs bir insan kimi necəydi?
-Ünsiyyətcil idi. Tez özündən çıxırdı, amma kinli adam deyildi.
-Eldar bəy, indi bu cür istedadlı aktyorlar varmı?
-Mənə belə suallar verməyin. Çünki deyəndə belə aktyorlar yoxdu, hamı məndən inciyir. Axı Həsən Məmmədov, Həsən Turabov, Yaşar Nuri, Eldəniz Zeynalov kimi aktyorlar indi yoxdu.
İstedadlı aktyorlar ola bilər, amma o istedadı da inkişaf etdirmək şərtdir. Adlarını çəkdiyim aktyorlar gözəl məktəb keçiblər, teatrda onları yüklü rollarda sınaqdan çıxaran istedadlı rejissorlar olub.
Düzünü deyim ki, indi heç teatrda da bir-iki rejissordan başqa rejissor görmürəm.
-Kimlərdir onlar?
-Onlar köhnə məktəbin yetirmələridir. Məsələn, biri elə Azər Paşa Nemət. O, Adil İsgəndərovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun məktəbini keçib. Bu rejissorlar aktyorlara potensialını açmaq üçün şərait yaradırdılar. Aktyorlar Şekspirin qəhrəmanlarını, Azərbaycanın klassik əsərlərində müxtəlif səpkili rollar oynamaqla inkişaf edirlər. Klassika olmadan aktyor inkişaf edə bilməz.
-Hazırda nə işlə məşğulsunuz? Yeni film gözlənilirmi?
-Planlar çoxdur, amma onları gerçəkləşdirmək üçün münbit şərait yoxdur.
-Kinematoqrafiyaya göstərilən qayğıdan razısınızmı?
-Təəssüflər olsun ki, qayğı göstərilmir. Kino bu gün nəinki ikinci, heç on altıncı yerdə də deyil.
-Bəs çəkilən filmləri necə qiymətləndirirsiniz?
-Bu barədə danışmaq istəmirəm.
-Niyə?
-Kino kadrı qurub “motor” demək deyil. Mən istəyirəm peşəkar insanlar film çəksinlər və yaxşı film çəksinlər.
Nərmin