7 Mart 2017 16:41
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

1937-ci ilin yanvarın 1-də dünyaya göz açıb. Böyük sənətkar Həsənağa Salayevin sayəsində sənətə gəlib. Gəlib və özünü doğruldub, onu himayə edən insanın kölgəsində yox, özündən işıq saçmağa başlayıb.

O zaman teatra gələn və uşaq obrazları yaradan balaca oğlan böyüyüb Azərbaycanın xalq artisti, tanınmış aktyoruna çevrilir. Və çox sevilir... Kinoda ilk rolu Adil İsgəndərovun rejissoru olduğu “Əhməd haradadır” kinokomediyasında Rəngsaz Əhməd idi. Onu tanıdan film isə rejissor Eldar Quliyevin “Bir cənub şəhəri”ndə Tofiq obrazı oldu.

Teatda son tamaşası Bəhram Osmanovun quruluş verdiyi “Köhnə ev” idi. Faciə obrazının yanğısı ilə yaşayan, komediya ustası Eldəniz Zeynalovu dostlarının xatirələri ilə anırıq.

Bir məşhur sözü vardı: “Ləhli-lülü”

Xalq artisti Azər Paşa Nemət: “Eldəniz Zeylanov həyatda ən maraqlı, məzəli əhvalatların yaradıcısı idi. Onun düşündüyü, quraşdırdığı zarafatların hamısı bu gün el sözü kimi yaddaşlarda iz buraxıb.

Teatr Xadimləri İttifaqının zalı onun ən çox sevdiyi məkanı idi. Evi yaxın idi, ona görə hər gün gələr, hətta səhər yeməyini də burda yeyərdi. Eldənizin bir "Toyota" maşını vardı, sükanı solda yox, sağda yerləşirdi. Bir gün dedim ki, ay Eldəniz, ayıbdı, bu maşını dəyiş. Dedi, Azər Paşa, həyatımda ilk maşınımın sükanı sağdadır, bundan sonra da gərək elə maşın alım ki, sükanı sağda olsun. Çünki mən solda sürə bilməyəcəm. Eldəniz həmişə çox hazırcavab idi.

Bir məşhur sözü vardı: “Ləhli-lülü”. İndi mən o sözdən çox istifadə edirəm. O sözə o qədər gözəl intonasiya verirdi ki, eşidən insana ləzzət edirdi. Yaradıcılığıb boyu çox baş rolları olmadı. Amma kinoda, televiziyada, teatrda, radioda etdiyi hər çıxışı yadda qaldı.

Şikayətlənirdi ki, hamı məni komediya aktyoru kimi tanıyır, amma mən faciə aktyoruyam. Yadımdadır, Otellonun monoloqunu ingilis dilində hazırlayırdı. Sözümün canı odur ki, Eldəniz öz üzərində çalışan aktyor idi.

Onunla gözəl günlərimiz, macəralarımız olub... Böyük sənətkarıdı, həm də əhli-hal idi. Onu hər yerdə tanıyır, sevirdilər”.

“Teatra onu Həsən Turabov qaytardı”

Xalq artisti Hacı İsmayılov: “Eldəniz yeddi yaşında 3 nömrəli məktəbə gedib, ikinci sinifdə 13 nömrəli məktəbə keçib. 13 nömrəli məktəb isə 199 nömrəli məktəbin daxilində yerləşirdi. Yeddinci sinfi isə 199 nömrəli məktəbdə bitirib.

Həmin məktəbin axırıncı mərtəbəsində 57 nömrəli fəhlə-gənclər məktəbi vardı. Eldənizin kiçik qardaşı Tofiqlə mən o məktəbi bitirmişik. Beləcə, Eldənizlə həyat yollarımız həmişə toqquşub.

Eldəniz 1951-ci ildə Kommunal İnşaat Texnikomuna daxil olur. Hamı elə bilir, o, təhsilini davam etdirəcək, amma belə olmur. Təhsilini yarımçıq qoyub Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) gəlir. Hamı institutu dörd ilə bitirəndə Eldəniz 6-7 ilə bitirir.

Elə olurdu, teatra altı ay, bəzən bir il gəlmirdi. Axırda teatrdan ayrıldı. Amma görkəmli sənətkarımız Həsən Turabov Eldənizi yenidən teatra gətirdi. Daha doğrusu Eldənizi buna məcbur etdi. O illərdə mən İlyas Əfəndiyevin “Ağıllılar və dəlilər” tamaşasında Ağadadaş Nəcəfov rolunu ifa edirdim. Eldəniz teatra gələndə onu mənə dublyor verdilər.

Bir gün Həsən müəllim məni çağırdı, dedi ki, sən bu rolu çox oynamısan, daha oynama. Qoy, Eldəniz oynasın. Mən də razılaşdım.

Eldəniz çox səliqəli geyinməyi xoşlayırdı. Xoşlayırdı ki, əynində kostyumu, boğazında qalstuku və cibində də dəsmalı olsun. Bu, onun zövqündən xəbər verirdi.

Ərköyünlüyünə, şıltaqlığına baxmayaraq bütün rejissorlar- Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, Əşrəf Quliyev, Ələsgər Şərifov, Ağakişi Kazımov, Məmmədkamal Kazımov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov - çalışırdılar ki, Eldəniz onların tamaşasında rol alsın. Balaca, böyük rol olsun, fərq etməz, təki o olsun”.

“Həsən Məmmədovu kino aləminə o tanıtdı”

Xalq artisti Rafiq Əzimov: “Eldəniz Teatr İnstitutunda oxuyanda bir neçə müəllimdən dərs alandan sonra bizim kursa gəldi. Həsən Məmmədov, Eldəniz Zeynalov və mən bir kursda oxuduq, təyinatımızı da Akademik Teatra aldıq.

Eldənizin teatrın səhnəsində “Toy” komediyasında yaratdığı Kərəmov rolu Həsən Məmmədov kimi aktyoru kino aləminə tanıtdı. Həsən Məmmədov o tamaşada Surxay rolunda çıxış edirdi. O vaxt “Böyük dayaq” filmini çəkən rejissor Həbib İsmayılov Həsən Məmmədovu məhz bu tamaşada kəşf edib, filmə dəvət etmişdi.

Mən Eldənizlə bir çox tamaşalarda tərəf-müqabili olmuşam. İndiyə qədər çox aktyorlar görmüşəm, amma Eldəniz kimi rayonlarda hörməti olan ikinci bir sənətkara rast gəlməmişəm.

Yaratdığı Satira Teatrı ilə çox səfərlərə gedirdik. Eldənizdən danışanda onun məzəli əhvalatlarını yada salmamaq mümkün deyil. Bir gün Eldəniz İttifaqın bufetinə gəlir, soruşur ki, yuxarıda nə səs-küydür? Deyirlər, Həsən Turabovun oğlunun toyudur. Deyir, bəs nə əcəb Həsən mənə bunu deməyib?

Nəysə, axırda gəlir məclisə. Həsən Eldənizin yanından ayrılanda deyir, qardaşım, nə badə içəsən, gözlə, toyun axırında ikimiz də əməlli-başlı vurarıq. Elə Turabov bir addım uzaqlaşan kimi Eldəniz başlayır içməyə. Toyun axırında, bəy-gəlin üçün buludda aş gələndə Eldəniz təəccüblənir. Soruşur ki, bu nədir belə? Başa salırlar ki, bu adət-ənənədir. Toylarda həmişə aş verirlər. Eldəniz də cavabında “heç qoyursunuz ki, toyun axırına qalım”.

Doğurdan da toydan əvvəl onu həmişə içməyə aparırdılar. Eldəniz bu gün də yaşayardı... Özünə qulluq etsəydi, hələ çox yaşayacaqdı...”

“Onda nə Hamlet, nə də Otello alınmadı, çünki...”

Xalq artisti Eldar Quliyev: “Eldənizlə işləmək bir tərəfdən çətin, bir tərəfdən asan idi. Onunla tək qalanda iş prosesi asan olurdu, ətrafında o biri aktyorlar olanda Eldənizlə işləmək çətin idi. Maraqlısı odur ki, Eldəniz kinoda məşq edə bilmirdi. Buna heç gərək də yox idi: çıxırdı kamera önünə, yaşayırdı, oynayırdı.

Amma o biri aktyorlara məşq lazım idi. Buna görə mən əvvəl o biri aktyorları çağırırdım, onlarla məşq edirdim, sonra onların arasına Eldənizi buraxırdım. Filmin səsyazma prosesi də elə olurdu. Eldənizi bəlkə ona görə dublyaja çağırmırdılar. O, ancaq öz rollarını yazırdı. Aktyorlar üçün sinxron tutmaq çətindir, Eldəniz bir dəfədə tuturdu. Di gəl, ikinci, üçüncü dəfə artıq bezirdi.

Eldəniz rol gərəyi təyin olunmuş vəziyyətdə özünü oynayırdı. Heç kimi oynaya bilmirdi, daha doğrusu istəmirdi. O, özünü həmin anda necə hiss edirdisə elə oynayırdı. Çox istedadlı idi. Amma öz üzərində az işləyirdi. Bəlkə ona görə onda nə Hamlet, nə Otello alındı. Öz üzərində bir az da işləsəydi Eldənizin qarşısında durmaq olmazdı. Ona dramatik, tragik rollar oynamaq lazım idi. Bax, o zaman biz ayrı Eldənizi tanıyardıq.

Çox sevimli aktyor idi. Hara gedirdisə, onu çox isti, səmimi qarşılayardılar. Amma bunlar onun istedadının qarşılığında az idi. Təəssüf ki, Eldəniz komediya aktyoru kimi tanındı.

O vaxtlar televiziyanın efirində “Səhər görüşləri” verilişi yayımlanırdı. Biabırçı veriliş idi, bunu hamımız bilirdik. Amma Eldəniz bu verilişlərdə iştirak edirdi. Onlar da Eldənizin populyarlığından istifadə edirdilər. Bütün bunlar da aktyoru inkişafdan saxlayır”.

“Onu çərçivəyə salmaq mümkün deyildi”

Xalq artisti Ağakişi Kazımov: “Mənim nəzərimdə Eldəniz ciddi rollar oynamaq istəyini bir Eldar Quliyevin “Bir cənub şəhərində”, bir “Köhnə ev” tamaşasında, bir də Vaqif Mustafayevin çəkdiyi “Hər şey yaxşılığa doğru” filmində gerçəkləşdirə bildi.

Biz onunla iki tamaşada- “Darıxma” və “Qəribə oğlan”da birlikdə işləmişik. Həmişə məşqə hazır gəlirdi, obrazı çox incələyəndə ucuzlaşdırırdı, səthiləşdirirdi. Bir insan kimi onunla İrəvana, Tiflis, Moskva, eləcə də rayonlara təşkil olunan çox qastrol səfərlərində olmuşuq.

Çox səmimi, sərt zarafatlı, kobud sözlü insan idi. Bunların hamısı Eldəniz idi.

Obrazı necə duyurdusa, elə də oynayırdı. Onun ifasında “Toy” komediyasına bir neçə dəfə baxmışam. Oynadığı rol bir dəfə faciə, o biri dəfə komediya oldu. Eldənizi çərçivəyə salmaq mümkün deyildi. Amma sevincimiz, sevimlimiz, unudulmaz dostumuz, böyük sənətkarlar sırasına daxil etdiyimiz və bunu da sübut edən bir insan idi”.

“Onu hamı aldada bilərdi, çünki inanırdı”

Xalq artisti İlham Namiq Kamal: “Eldəniz həddindən artıq saf insan idi. Onu hamı aldada bilərdi, çünki hamıya inanırdı. Fəaliyyətinin ən az hissəsini teatra həsr etdi.

Eldənizi tanıdan kino, estrada və televiziya oldu. Bunu danmaq olmaz. 89-cu il idi. Atam rəhmətə getmişdi. Eldənizlə Mikayıl Mirzəyev böyük bir məclisdə idilər, birdən eşidiblər ki, atam rəhmətə gedib. O saat ikisi də sözü bir yerə qoyub ki, biz bizim məclisə də baş çəkməlidirlər. Orda da deyiblər ki, gedib, qayıdacağıq. Gəldilər məclisə...

Məclisi idarə edən həddindən artıq ziyalı molla idi. Arada Füzulidən, Nəsimidən qəzəl deyirdi. Elə o əsnaların birində Eldənizin səbr kasası daşır, deyir, ay molla, səndən xahiş edirəm, “Yasin”i oxu, “Fatihə”ni ver, şeir lazım olsa Mikayıl deyəcək. Heç vaxt zarafatından qalmazdı.

Eldəniz el adamı idi, yemək-içməyi sevirdi. Özü də ağayana yeyib içirdi. Yaxşı da pul xərcləyirdi. Eldəniz dəyanətli idi. Onun üçün ayrıca ssenarilər yazırdılar”.

Eldəniz Zeynalovun ölümü daha doğrusu buna aparan hadisə həkim səhvindən qaynaqlandı. Günlərin bir günü o bərk yıxılır və budu sınır, əməliyyat zamanı həkim səhvi ucbatından ayağında damar problemi yaranır. Problem böyüdükcə böyüyür, özü ilə başqa problemləri də bərabərində gətirir. Zaman keçdikcə o yeriməyə çətinlik çəkir və yatağa məhkum olur. Daha dözə bilmir... İki il çəkdiyi ağrı-acılar 2002-ci ilin noyabrın 5-də bu dünyaya gözlərini əbədi yummaqla bitir.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər