10 Mart 2017 17:10
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan Teatr Xadimləri İttifaqının yaranmasının 120 illiyi qeyd olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib.

Azərbaycan Teatr Xadimləri İttifaqının ölkəmizin ən qocaman yaradıcı təşkilatlardan biri olduğunu söyləyən nazir müavini yaxın günlərdə 120 illiklə bağlı təntənəli tədbir təşkil olunacağını qeyd edib.

Əsası 1897-ci ildə qoyulmuş bu təşkilat “Artistlər İttifaqı” adı ilə fəaliyyətə başlayıb, 300-dək artist və səhnə həvəskarını tərkibində birləşdirib. 1920-ci ildən “Türk Aktyorlar İttifaqı”, 1948-ci ildən “Azərbaycan Teatr Cəmiyyəti” kimi fəaliyyətini davam etdirən bu qurum 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılıb.

Sovet hakimiyyəti dönəminə qədərki illərdə Teatr Xadimləri İttifaqının sələfləri olan teatr birlikləri və cəmiyyətlərinə Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları, Abbas Mirzə Şərifzadə kimi maarifpərvər ziyalılar başçılıq ediblər.

Sonralar isə Teatr Cəmiyyətinə xalq artistləri Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov rəhbərlik ediblər. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri xalq artisti, rejissor Azərpaşa Nemətdir.

Milli teatr prosesində fəal iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqı müstəqillik illərində müxtəlif formatlı teatr festivalları təşkil edib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər