14 Mart 2017 15:52
2 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ilə yaxındır çəkilən “The game” filmi martın 29-dan kinoteatrlarda nümayiş olunacaq. “Yarasa Art Pictures”in istehsalı olan filmdə əməkdar artistlər Elşən Rüstəmov, Bəhruz Vaqifoğlu, Əbdülqəni Əliyev, Vüsal Murtuzəliyev, Pərviz Məmmədrzayev, Cəmilə Tağızadə, Pərvin Abıyeva, Ayşen Batıgün, Eray Türk, Serkan Genc və başqaları çəkilib.

“The game” Orxan Bayramovun ilk bədii tammetrajlı filmidir.

Teleqraf.com-un filmlə bağlı suallarını ekran əsərinin rejissoru Orxan Bayramov cavanlandırıb.

-Orxan bəy, filminizdə həm Azərbaycan, həm türk, həm də rus aktyorlar yer alacaq. Əsas qəhrəmanlar kimlərdir?

-Süjeti öz ardınca aparan türklər, rus və Azərbaycan mafiyasıdır. İki mafiyanın arasında qalan üç sərsəri var. Filmin sonunda əsas dörd qəhrəman görünəcək.

-Daha çox komediya yüklüdür?

-Macəra komediyasına yaxındır. Biz sözləri eşidib gülmürük, hərəkətlər gülüş doğurur. Eyni zamanda, həyəcan doğuran ekşn səhnələri var.

-Belə bir film çəkmək kimin ideyası idi?

-Mən macəra-ekşn janrında filmləri sevirəm. Bu filmin ideyası da mənə məxsusdur. İdeya yaranandan sonra ssenarini yazdırmaq üçün türk dostlarımıza müraciət etdim.

-Niyə məhz türk?

-Azərbaycanda da çox axtardım, çəkilən filmlərə baxdım. Amma mənim istədiyim ssenarini yaza bilən ssenarist qarşıma çıxmadı. Bəlkə də var, sadəcə, bunun üçün daha çox axtarmaq və vaxt lazım idi. Vaxtımız isə məhdud idi, ona görə Türkiyəyə getdik. “Paramparça” serialının ssenari müəlliflərindən Eren Azakla razılaşdıq. Behi verib işə başladıq. O ssenarini yazıb göndərir, mənsə düzəlişlərimi edirdim.

-Hazırlıqlara nə zaman başladınız?

-Üç ay hazırlıqdan sonra 2015-ci ilin sentyabrın 10-dan çəkilişlərə start verdik. Çəkilişlərimizin 80 faizi Şəkidə aparılıb. Oktyabrın 5-də mövsüm dəyişikliyinə görə Şəkidə bərk yağışlar yağdı, ona görə biz çəkilişləri saxlamağa məcbur olduq. Sonra hava şəraiti dəyişmədi. Adətən, ssenaridə üç gün yay aylarına təsadüf etdiyi üçün bizə günəşli hava lazım idi. Üzərindən bir il keçəndən sonra iyul ayında çəkilişlərə yenidən başladıq.

Bu, bizim üçün çox çətinliklər yaratdı. Artıq aktyorların görkəmi dəyişmişdi, məkanları ot basmışdı, demək olar hər şey dəyişmişdi. Xüsusi qəhrəmanlıq göstərib bütün səhnələri yenidən qurmuşuq. Avqust ayında çəkilişlərə yekun vurduq. Ardınca post-prodakşn işləri oldu. Hələ də işlərimiz davam edir, bəzi qrafik işləri həll edirik. Artıq mart ayının 29-dan filmi kinoteatrda görə biləcəksiniz.

-Qəhrəmanlarınız Şəkiyə nəyə görə gedirlər?

-Filmin süjet xətti “Şərqin ürəyi” adlı almazın axtarışı ilə davam edir. Bu daş tarixdə Yekaterina daşı kimi məşhurdur. Sankt-Peterburqda saxlanır. Filmin əvvəli real, ardı isə təxəyyül əsasında qurulub. Üç sərsəri – türkiyəli Dərya, Tayfun, Sedat İstanbulda bir xəzinə tapırlar və onu orda yaşayan azərbaycanlı professora göstərirlər. Məlum olur ki, həmin yer Şəki imiş. Onlar da Şəkiyə almazın ardınca gəlirlər və gözləmədikləri halda rus və Azərbaycan mafiyası ilə üzləşirlər. Bütün sərgüzəştlər həmin almazın axtarışı ətrafında cərəyan edir.

-Kommersiya sektorunda baş verən canlanma nəticəsində hər il xeyli film kinoteatrlarda nümayiş olunur. Bir-ikisini çıxmaq şərtilə əksəriyyəti komediya janrındadır. Sizin filminiz bu filmlərdən nə ilə fərqlənəcək?

-Bizdə gənclər üçün macəra komediyası, döyüş filmləri çox azdır. İndi Azərbaycanda çəkilən komediyalar söz komediyasıdır. Bizdə isə hərəkət komediyasıdır və çalışmışıq ki, tamaşaçı zövqünə xidmət edən maraqlı bir film ərsəyə gətirək.

Artıq tamaşaçı Hollivud filmlərində gördüyü döyüş, partlayış səhnələrini yerli filmlərimizdə, eləcə də, türk aktyorlarını ancaq türk filmində deyil, bizim filmdə də görəcəklər.

-Belə başa düşürəm ki, işə çox pul xərclənib...

-Türk ssenaristi ilə anlaşmaq, aktyorları burda yerləşdirmək – büdcənin yarısı elə buna xərclənib. Bir aktyorun burda qalması, normal yaşayışı üçün lazım olan hər şeylə təmin olunması maliyyə tələb edir. Özü də 44 gün...
Bu filmə əksər kommersiya filmlərinə sərf olunan məbləğdən daha çox maliyyə xərclənib. Azərbaycan səviyyəsində ən bahalı film də adlandırmaq olar.

-Yəqin siz də digər rejissorlar kimi maliyyənin mənbəyini açıqlamayacaqsınız.

-Çünki risklidir. Filmin prokat məsələsini gözə almaq lazımdır: Azərbaycan tamaşaçısının 100-150 mini filmə baxmağa gəlir. Hesab edirik ki, reklam o qədər güclü, tamaşaçı o qədər ayıq olmalı və bu cür filmlərə meyilli olmalıdır ki, biz sərf etdiyimiz məbləği götürə bilək. Ona görə hələ maliyyəni açıqlamaq istəmirəm.

-Türkiyədə nümayiş olacaqmı?

-Bəli, nəzərdə tutulub. Film Azərbaycanda nümayiş olunandan sonra Türkiyəyə göndəriləcək.

-Filmin treylerində diqqətimi çəkən səhnə qızların döyüş səhnələri idi. “Oğlan evi - 2”də də Rumiyyə Ağayevanın döyüş səhnələrindən istifadə olunmuşdu.

-Bizdə bu ideya “Oğlan evi - 2”dən öncə formalaşmışdı və ilk olaraq da biz lentə almışdıq. Hətta o kadrlar filmin ilk treylerində əksini tapıb.

Bizim iş üçün həm Gülşən, həm də Pərvin Abıyeva bir ay müntəzəm məşq edirdilər. Çəkilişlərdə ikisi də çox zədələnmişdilər. Elə vaxt olurdu bədənləri, ayaqları gömgöy olurdu.

Nərmin Muradova


Müəllif: