Əməkdar İncəsənət xadimi, Dövlət mükafatı laureatı, tanınmış kinoşünas, ssenarist, rejissor Aydın Dadaşov dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə oğlu Orxan Dadaşov məlumat verib.
Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdamda anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib.
Onun yazdığı “Dramaturgiya”, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Ekran publisistikası”, “Televiziya reklamı”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, “Kinoşünaslıq”, “Rejissorluğun üslub problemləri”, “Müasir Azərbaycan dramaturgiyası” dərslikləri, “İran kinosunun inkişaf təmayülləri” monoqrafiyası tədris prosesində geniş istifadə olunur.
1975-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayan Aydın müəllimin onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.
Nərmin