15 Mart 2017 11:13
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünən vəfat edən tanınmış dramaturq Aydın Dadaşovun son müsahibəsini təqdim edir:

"Dram nəzəriyyəsi” müəllimi kimi tanınan Aydın Dadaşovu ədəbiyyat, sənət adamları, kinosevərlər yaxşı tanıdığına görə xüsusi təqdimata ehtiyac yoxdur. O elə mütəxəssisdir ki, onunla ədəbiyyatın, sənətin istənilən sahəsindən doyulmaz söhbətlər etmək mümükündür. Aydın müəllimin ən özəl, gözəl xüsusiyyəti "intellektual havalanmaya”, öyrətməyə, öyrənməyə eyni dərəcədə hazır olması və öz keçmişinə heyran olub, gələcəyə ümidsiz olmamasıdır.

- Aydın müəllim, doğrudanmı öyrətmək üçün, öyrənmək vacibdir?

- Əlbəttə, predmetin dinamikasını davamlı olaraq öyrənməsən öyrətmək mümkünsüzdür. Çünki daim öz üzərində çalışan savadlı tələbələrlə ünsiyyət formada olmağı tələb edir. Digər tərəfdən hər kəsin beyni əslində bir informasiya bankı sayıldığından mübadilə prosesində materialların qarşılıqlı yerdəyişməsi labüddür. Bu günün barometri kimi ətrafdan daha çox xəbərdar olan tələbədən potensial informasiya alıb əvəzində ona nəzəri müddəa ötürmək maraqlıdır. Dram nəzəriyyəsini etüdlərlə öyrənirik. Sonradan oğlanları ilə də auditoriyada rastlaşdığım lənkəranlı bir tələbə vaxtilə belə bir etüd yazmışdı: "O qədər kasıb idik ki, bacımla toyuğun yumurtlamasını gözləyirdik. Oxuya-oxuya həyətə girən dilənçi torbasıdan çıxardığı çörəyi qapının ağzına qoyanda, toyuq bizdən qabaq cumdu. Neftçalalı bir tələbə qız isə yazmışdı ki, uşaqlıqdan arzum idi ki, bizim evdə kartofla soğan bir yerdə olaydı ki birləşdirib nəsə hazırlayaq.... Nə yazıqlar ki, kartof olanda soğan olmurdu, soğan olanda kartof... Başqa bir tələbə qız isə Şəmkirdəki uzunömürlü qarı ilə söhbətini diktafona yazmışdı. Qocalıb dünyasını dəyişən övladlarını itirən, nəvə-nəticələrindən uzaqlaşan qarı hansısa iş adamının nə vaxtsa ona lüləkabab gətirməsindən iştahla danışır. İmkanı varsa bu xörəyin dadına baxmağı jurnalist qıza da məsləhət görür... Ərzaq müşkülü tədricən qaydaya düşsə də, nadanlıq, mənəviyyatsızlıq problemi tüğyan edir. Ağdamlı qız isə ilk və son dəfə ailəi doğma Üçoğlan kəndinə getməklərindən, həmin ərəfədə dünyasını dəyişən yaxın qohumun yasında atanın yas yerində allı-güllü geyindiyinə görə ananı paya ilə döyməsi barədə yana-yana yazmışdı. Dram nəzəriyyəsi müəllimliyinin ləzzəti ondadır ki tələbələr sənə cilalanmamış xam material ötürür. Qalır nəzəriyyənin tətbiqi... Ədəbiyyat, sənət döbrün nəbzini tutmalıdır. Mövzu problemin həllinə yönələn hadisələr toplusudur... Problem tərəqqinin qarşısını kəsən amildir... Tərəqqi isə ölümlə, məhrumiyyətlə mübarizənin dinamikasıdır...

- İndiki əsərləri oxuyanda bir neçə cərəyanın bir mətn daxilində birləşdiyini görürük. Nəticədə tam mənada hansısa cərəyana aid edilməsi mümkünsüz olan qəribə mətnlərlə üzləşirik. Sizcə, bunun səbəbi nədir?

- Bilirsiniz, üslub müəlliflə bağlı problemləri səciyyələndirir. Üslub ideyanın maddiləşmə formasıdır ki, üç tipi var; peşəkar, fərdi və ictimai. Peşəkar üslub peşə cəbbəxanasına bələdçilik dərəcəsidir. Yəni peşəkar üslub deyəndə, məsələn, tutaq ki, təkiyənin qurulması, formanın müəyyənləşməsi, epizodların riyazi montajı nəzərdə tutulur. "Montaj” sözü fransızcadan tərcümədə quraşdırma deməkdir. Hətta xırda bir şeir də bu quraşdırma prosesindən keçir. Montaj bu gün elmə, hətta genetikaya da tətbiq olunan bir prosesdir. Təkcə ədəbiyyata və kinoya aid termin deyil. Məsələn, ədəbiyyatda Aleksandr Soljinetsınə məxsus "Qəzet montajı” deyilən prinsip var. Montaj prinsipi bir müstəvidə bir neçə informasiyanın yerləşdirilməsidir. Hər bir insan beyni bir informasiya bankıdır. Sən hər hansı bir beynə informasiya yerləşdirmək üçün onun müəyyən yolunu və biçimini tapmalısan. Sistemsiz, quraşdırılmamış, qablaşdırılmamış çılpaq informasiya heç kəsə gərək deyil. İnformasiya üç prosesdən keçir – informasiyanın qəbulu, emalı və təqdimatı. Aleksandr Soljenetsın "Qəzet montajı” deyəndə paralel olaraq ki, bir səhifəyə yerləşdirilən, tutaq ki, tarixi ekskurs, fotoşəkillər, analitik təfəkkürün məhsulu olan bilgilər, fərziyyələr, gümanları nəzərdə tuturdu. Bütün bunlar peşəkarlığın göstəricisidir. Sergey Eyzenşteyn özünün montaj sistemini işləyəndə Aleksandr Blokun şeirlərini nümunə kimi gətirirdi. "Quruca canımdır gəzir Gəncədə, mənim Ruhum Kəlbəcərdə qalıbdır” deməklə yurdsuzluğun yaradan Şücaət Əhmədovun:

Ay vurulmuş, ayaqyalın, baş açıq,
O dərədə nə gəzirsən, belə çıx...
Anam məni çağırdığı alaçıq,
Silləliyən əl yadıma düşübdü.

İndi gəlin bu şeirin strukturunu təhlilə cəlb edək.. Birinci misrada övladından nigaran ananın çağırışının məkan həllini də verən mətni var. Zirvədəki, yüksəklikdəki ana baxır ki, uşaq dərədədir, fikirləşir ki, orada hər hansı bir təhlükə ola bilər, övladını çağırır. Bundan sonrakı misrada əks proyeksiya görünür: "Anam məni çağırdığı alaçıq”. Bu "alaçıq” sözündən sonra bilirik ki, dərə varsa və alaçıq varsa, deməli, bura yaylaqdır. Ananın və pvladın gözündən görünən iki peyzaj, mənzərə qarşılaşdırılır. Sonuncu: "Silləliyən əl yadıma düşübdü” ssətrində isə söylənilənlərin keşmişa aid xatirə olduğunu üzə çlxarır. Və bu xatirədə mənzərənin, peyzajın ümumi planlarının qarşılaşdırılmasından sonar "silləliyən əl”in dinamikası cəza mexanizminin doğmalığında yurda qayıtmaq cəhdinin, istəyinin qarşısıalınmazlığını tərənnüm edir. Bununla da, şairin qurduğu bədii modelin ruhu, halı aydınlaşır. Ernest Heminquey yazır ki: "Üslub haqqında sıhbət gedən barədə dolayı danışmaq bacarığıdır” Mirbaşa mətn şüarçılıqdır… Aşıq Ələsgər bir şeirində gözəli tərifləyir, tərifləyir, axırda deyir: "Bəxdim vura, belə gözəl ola, ha”. Bu "ha” sözünü deyənin, səsləndirənin sanki hulqumuna bıçaq soxurlar. Yəni real həyatda belə gözəl yoxdur,bu ancaq təxəyyülün məhsuludur… Poeziyadakı montajda proyeksiya ilə əks proyeksiyanı qarşılaşdırılması ustalıq tələb edir. Əlisəmidin:

Mən dünyaya yeriyirəm
Dünya mənim gözlərimin içinə.

Proyeksiya ilə əks proyeksiyanın mücərrədliyi bir-biri ilə necə qablaşdırıldığı həmən görünür. Montaj düzəlmədir, qondarma yox. İlk dəfə aşiq olanda anasına vurduğu teleqramda: "Aənin oğlun gözəl xəstəliyə düçar olub” yazan Vladimir Mayokovskinin:

Dinləyin, ulduzlar alışıb parlayırsa,
Deməli onları yandıran vardır,
Demək kimsə istəyir, istəyir ki, qoy…
Qaranlıq damlar üstündə,
Bir ulduz da olsa közərsin.

Bu şeirdə dünyanı gözəl görmək istəyən müəllifin harayı montaj prosesində üzə çıxır. Yəni perikib məhvinə doğru gələn, sevdası naminə canından keçən, yaz bilib, qış çıxmamış gəlməklə məhvə məhkum qalan bülbülün faciəsi göstərilir... Keçmişin, dadlı, qanadlı xəyallarına baş vuran Zəlimxan Yaqubun şerinin son sətirlərini də montaj baxımından nəzərdən keçirək:

Baxıram, arxadan bir atlı gəlir,
Yolların tozu var xatirələrdə...

Çapıb keçən atlı ilə tozlu yolun təsvirinin qarşılaşdırılması keçmişləri sanki buxarlandıran, unutduran dünyanın faniliyinin mənzərəsini yaradır... Əslində nəzəri cəhətdən təfəkkürün tipi sayılan montaj iki gerçəkliyin uzlaşdırılması və uzaqlaşdırılması yolu ilə üçüncünün meydana çıxmasıdır. Hədsiz böyüyün kiçildilməsi, gözlə görünməz xırdanın böyüdülməsi yolu ilə təhlilə cəlb edən modelləşmə əsasdır...

- Yeri gəlmişkən, Zəlimxan Yaqub barədə çəkilən sənədli filmin müəlliflərindən birisiniz...

- Digərlərinin iradəsilə tamaşaçıya deyil, qəhrəmana yönələn bu filmdə şairi tanıdacaq, sevdirəcək həyatının dramatik məqamları əksini tapa bilmədi. Çünki digərləri nəzəriyyəyə barmaqarası baxan sənət məmurları idi... Təəssüf ki, dostum Zəlimxan da onların ardınca getdi... Zəlimxan vergili adamdır... Qayıdaq mövzumuza...

- İki həqiqət ola bilərmi?

- Təbii ki, tanrının yanından, quş uçuşu nöqtəsindən baxanda xeyir. Həyatda isə iki həqiqətin qarşılaşdırılması faciə yaradır. Bu məsələ janra aiddir, qayıdaq üsluba… Peşəkar üslub odur ki, müəllif fikri, sözü cilalaya bilsin və bədii gerçəkliyi göstərib qəbul etdirə bilsin. Sözü mahiyyət daşıyıcısı etsin. Yəni müəllif materialı cilovlaya bilsin… Müəllif var nə baş verdiyini yəni fabulanı, müəllif var necə baş verdiyini, yəni süjeti anladır. Necə baş verdiyini anlatmaq heç kəsə maraqlı deyil. Çünki oxucuy, tamaşaçı fantaziyasına yer qoymur, , ona yuxarıdan aşağı baxmaqla oksigenini kəsir. Məsələn, meyxana deyən müğənni bütün hadisələri sadalayır: Aşiq olandan ta qəbirə qədər. Amma nə baş verdiyini bildirməklə fabulanı önə çəkən Pablo Neruda deyir ki: "körpələr öpüşdən doğulur”. Görün, aradakı nə qədər hadisələri ixtisar, montaj edib atır Neruda, amma mahiyyət itmir. Əksinə əsas fikri cilalamaqla təqdim edir... Peşəkar təhsil görmüş şair İslam Sadığın vətəndaşlığa səsləyən şeirinə nəzər salaq:

Dedilər o dağın arxası qızıl, gecəni gündüzə qatdım.
Dedilər o dağın dalı Qarabağ, başımı atıb yatdım.

Var-dövlət hərisliyi ilə, laqeydlik naqisliyini özgədə deyil öz şair mənliyində qarşılaşdırılmaqla şair mənəvi aşınmanın təhlükəsini sezdirir... Bu baxımdan peşə cəbbəxanasına bələdçilik dərəcəsini səciyyələndirən peşəkar üslub əsasdır. Peşəkarlığı isə ancaq məktəb keçən adam bilə bilər. Əgər ədəbiyyat sənət adamı məxsusi bir məktəb görməyibsə, heç vaxt peşəkar ola bilməz. Hər kəs öz ağacında öz meyvəsini bitirməyi bacarmalıdır.

- Bəs fərdi üslubun ədəbiyyatda özəlliyi nədən ibarətdir?

- Fərdi üslub o deməkdir ki, sən qoyulan müşkülü özününküləşdirə bilirsən. Öz içindən, beyin süzgəcindən keçirib müşkülü daxilindən təqdim edə bilirsən. Şairə, yazıçıya , rejissora maraqlı olmayan müşkülün bədii həllinin tapılması mümkünsüzdür. Əgər onlar düşünsə ki, bu müşkül mənə maraqlı deyil, bəlkə başqalarına maraqlı ola bilər, onda bərk yanılırlar. Müşkül gərək birinci o müşkülü qabardanın və göstərmək istəyənin özünə maraqlı ola. Fərdi üslub ancaq demokratik mühitdə boy göstərə bilir. Tutaq ki, məhkəmə sistemi azad olmasa, analitik jurnalistika formalaşa bilməz. Əhməd bəy Ağayev yazırdı ki: "Kaş elə bir gün gələydi ki, insanı yalnız əməlinə görə suçlayaydılar, dediyi sözü görə yox”. Aktyor belə əsərdə qoyulan müşkülü içindən keçirməyi, özününküləşdirməyi bacarmalıdır. Əks halda "pis aktyor baldızı üçün oynayır” deyimi yada düşür.

- Bəs ictimai üslub?

- Hə bir də var ictimai üslub. Bu üslubun üçüncü tipidir. İctimai üslub dövrün diqtəsidir. Peşəkar üslub genişlənəndə və yazılı tezislərini tapanda məktəb yaranır. Məsələn, Azərbaycanda Mirzə Fətəli Axundov məktəbi olub. Çünki o tezislərini yazılı şəkildə bəyan etməklə aydınlaşdırmışdı. İctimai üslub genişlənəndə isə cərəyan yananır. Bu da bir növ diqtədir. Demokratik mühitdə yazıçı, şair, fikir adamı bədii informasiya bazarına işləyir. Tələbat yaranan bədii məhsulu istehsal edir. Belə olmayanda xüsusən total və avtoritar rejimlərdə bu tipli məhsullar təbliğata işləyir. Amma əslində təbliğat mexanizminin sxematikliyi, riyakarlığı özünü doğrultmur. Çünki insanlara heç nəyi istəmədən yedirmək, qəbul etdirmək mümkün deyil. Bütün zamanlarda bazar tələb və təkliflərin uzlaşdırılmasıdır. İnsanlar istəmədiklərini verib yalandan "yedi doydu” demək olmaz. Demokratik dövrün sənət cərəyanı, əslində, modernizm olmalıdır. Modernizm cərəyanı sərbəst biznes faktorunun üzərində qurulub. Postmodernizm isə televiziyanın diqtə etdiyi modernizm deməkdir. Poste sözü fransızcadan tərcümədə televiziya deməkdir. Bugünkü hər tərəfdən axan mozaik informasiya yeni təfəkkür forması yaradıb. O təfəkkür tərzinin isə öz tələbatları olur. Aristotel də vaxtilə deyirdi ki, "hər hansı bir əsər yeddiqat piroq kimi olmalıdır. Ən savadsızdan ən savadlıya qədər hamıya çatmalıdır”. Bizim ədəbiyyatda sentimentalizm – əyalət təfəkkürünün önə keçməsi, romantizm, – maksimum şəxsi minimum ictimai – yaxud da marifçilik - bu cərəyanlar daha çox öndə olub. Çox istərdik ki, bizdə klassizm öndə olsun. Klassizm dövlət dəyərlərinin, ictimai mənafeyin önə keçməsidir. Uzun müddət bizdə dövlətçilik ənənəsinin olmasına görə dilimizdə, hətta "dövlət” və "var-dövlət” sözünü eyniləşdirənlər də oldu və bu bizim dövlətçiliyimiz üçün çox təhlükəlidir. Ona görə ictimai motiv vacibdir. İctimai motiv sənət səviyyəsində öz həllini tapmayanda insanları bıktırır. Əli Sultanlının arzusu idi ki, kaş bizdə klassizm meydana gələydi və dövlətçilik ənənəsində əsərlər meydana çıxaydı. Modernizm ona görə dəyərlidir ki, sənətkarın hökmdarla münasibəti üfüqidir, şaquli deyil.

- Modernizm demokratik mühitdən meydana gəlməsini vurğulayırsınız. Sovet dövründə bizdə yaranan modernist ədəbiyyat axı demokratik dövürdə yaranmayıb.

- Modernizmin bir neçə göstəricisi var. Modernizm rüşeymlərini hətta sosializmdən əvvəlki dövrlərdə də tapmaq mümkündür. Məsələn, Mirzə Cəlilin hekayələrində modernizm elementləri çoxdur. O bir çox əsərlərini "Molla Nəsrəddin” jurnalı üçün yazırdı və bu yolla da bazara ünvanlayırdı.

- Sonrakı dövürdə Rəsul Rzanın, Əli Kərimin şeirlərində modernizm hansı dərəcədəsə üzə çıxdı?

- Əslində, bu proses Nikita Xuruşovun hakimiyyətə gəlməsi ilə yaranan "siyasi ilıqlaşma” ilə bağlı idi. Leonid Brejnevin dövründə isə dağılan buxovların yenidən möhkəmlənməsi ilə modernizm elementləri silindi, sıradan çıxdı.

- Bugünkü ədəbiyyatda və sənətdə postmodernizm cərəyanı varmı?

- Postmodernizmin əsas şərti müəllifin yoxluğudur. Yəni əsərdə müəllif məni görünməməlidir. Amma bizim iddialı müəlliflər hər addımda özünü gözə soxur. Konstantin Stanslavskinin bir fikri var, deyir, "pis aktyor baldızı üçün oynayır”. Bizdə müəllifin özünütəsdiq prosesi ədəbi materialda özünü daha qabrıq şəkildə göstərir. Bu çox təhlükəlidir. Bu ədəbiyyatda, sənətdə avtoritarizmin göstəricisidir. Bu avtoritarizm ədəbi tənqidimizdə də var. Məsələn, hər hansı tənqidçi bir əsər haqqında fikir bildirəndə deyir ki, o əsəri hətta mən başa düşmədim. Yəni özünü etalon hesab edir. Bizim jurnalistikada, ədəbiyyatda, sənətdə olan mənəm-mənəmlik demokratik təfəkkürə, postmodernizmə yad elementdir.

- Bəzi yazarlar özünün heç bir izmə aid etmirlər və yaxud bütün izimlərin fövqündə olduqlarını bildirirlər. Bu fikrə münasibətiniz necədir?

- Belə sözlər demək, ümümiyyətlə, biabırçılıqdır. Bir var elmi-nəzəri əsaslarla yaranan əsər, bir də var ruhi narahatlıqla, heç bir əsasa söykənmədən yaranan əsər. Məsələn, sən bir simfoniya yaradırsansa, nəzərə almalısan ki, bu həm də dünya üçündür. Bir də var aşıq havası, muğam ki, bu da müəyyən, bəlli bir mühit üçündür. Yəni milli sənət nümunəsi dairəvi qapanmada mövcuddur. Elmi-nəzəri əsaslara söykənən intellektual ədəbiyyat, sənət qapalı yox, xətti inkişafdadır deyə bəşəri dəyərləri əks etdirir. Bədii əsər nümunəsi dünyəvi olmaq zorundadır. Əgər dünyəvi deyilsə, bu mətnin sərhədləri aşacağı, milli dəyərləri qoruyacağı da şübhə altındadır. İzimlərsiz və cərəyansız ciddi ədəbiyyat ola bilməz. Cərəyanları və izimləri bilməyən müəlliflər, yazarlar not bilməyən "bəstəkarlar” kimidir. Poeziyada isə vəziyyət bu baxımdan daha çətindir. Məsələn, Aleksandr Puşkin nəhəng şairdir, amma dünya tanımır. Ona görə ki, poeziya kodlaşdırılmış sənət növüdür və bilavasitə dilə məxsusdur. Fyodor Dostoyevski dəfələrlə ingilis dilinə tərcümə olunub, amma Aleksandr Puşkin yox. Şairin dünya ədəbiyyatına çıxması və qəbul olunması çox çətin məsələdir. Bu da o halda mümkündür ki, şairin gücü mahiyyətdə olsun, formada və ya dil xüsusiyyətində yox. Az şairlər var ki, onun şeirlərini dünya dilinə tərcümə edəndə özəlliyini itirmir.

- Sizin üçün ədəbi mühit nə deməkdir?

- Bəzən bir ədəbi mühitdə 50-60 üzdə görünən yazıçı və şair olur. O mühit özü onların çoxunu gübrəyə çevirir və bu yolla bir-iki istedadlı yazıçını yetişdirir və gələcəyə ünvanlayır. Tutaq ki, XX əsr Azərbaycan poeziyasında böyük şair kimdir deyəndə, adam bilmir kimi desin. Amma onlarla böyük ədəbiyyatın nümunəsi sayıla biləcək şeirlərin adını çəkmək olar. Əslində, ədəbiyyat müəlliflə mətnin mübarizəsidir. Əsl sənət əsərindəsə müəllif qalib gəlir. Əgər müəllif nəzəri əsasları bilmirsə, mətn qalib gəlir. Bu gün ədəbiyyat, sənət bazarı təkqapılı futbol oyununu xatırladır. Bütün toplar bir qapıya vurulur. Birisini onlarla adam tərifləyir. Sovet dövründə yaranan təbliğat funksiyalı bədnam oçerk janrının da təyinatı bundan ibarət idi. Müqavimət gücü olmayan əsərdə heç vaxt sərhədlər aşmağa zəmin yaradan bəşəri dəyər ola bilməz. Fikir verin, hansı əsərlər sosializm dövründə yarandı və insanlarının yadında qaldı? Əbədi müşkülləri əks etdirməklə dövrə müqavimət göstərən əsərlər. Əsər həm də müqavimət gücünə sahib olmalıdır ki, dəyişən dövranın sınağından çıxa bilsin.

Fərid Hüseyn


Müəllif:

Oxşar xəbərlər