Musiqili Teatrda xalq artisti Hüseynağa Sadıqovun xatirə gecəsi keçirilib.
Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun Teleqraf.com-a verdiyi məlumata görə, tədbirdə görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub. Daha sonra ölkənin tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi xatirə gecəsində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, kinoşünas, rejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyev, əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, xalq artistləri Yasin Qarayev, Həmidə Ömərova, Ağaxan Salmanlı, əməkdar artist Almaz Mustafayeva, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik olan Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Sonda görkəmli sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Tədbirboyu Sadıqovun rol aldığı tamaşa və filmlərdən epizodlar nümayiş olunub.
Əslən cənubi Azərbaycandan olan Hüseynağa Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. GTT-də əlli ildən çox fəaliyyət göstərən sənətkar müxtəlif səpkili rollar ifa edib.
Teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə 1 iyul 1956-cı ildə əməkdar artist, 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub.
Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakı şəhərində vəfat edib.
Nərmin