20 Mart 2017 19:15
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un redaktoru Dilqəm Əhmədin "Cuhud Yaqub" (almanca "Onkel Yakup" - "Yaqub dayı") adlı hekayəsi alman dilində çap olunub. "Geld" (Pul) adlı antalogiyada çap olunan əsərin tərcüməsi Almaniyada yaşayan həmyerlimiz, yazıçı Vüqar Dəmirbəyliyə aiddir.

Teleqraf.com alman dilində müəyyən qədər ixtisarla çap olunmuş hekayənin orijinal variantını təqdim edir:

***

Stefan Sveyqə ithaf olunur

Dünən olduğu kimi, bu gün də müştəri gəlmədi. Srağagün də gəlməmişdi. Sabaha da ehtimal yox idi. Amma hər gün bu mağazanı açırdı. Adına şayiə də çıxarmışdılar. Sən demə, cuhud Yaqubun əsl məqsədi heç də mal satmaq deyilmiş, nəsə fırıldaq işlərlə məşğuldur. Arada dəli olduğunu da deyirdilər. Mağazadakı qədimi əşyalarla tez-tez söhbətləşirmiş. Gözü ilə görənlər, qulağı ilə eşidənlər varmış. Hətta bəzən əşyaları qucaqladığı da iddia olunurdu.

Çox qoca idi cuhud Yaqub. Mən onu ilk dəfə tanıyanda elə bilmişdim ki, cuhud, Yaqub dayıda olan hansısa xəstəliyin adıdır. Sonra özü mənə danışmışdı ki, atası Bakını işğal etməyə gələn Qırmızı Ordunun tərkibində vuruşan əsgərmiş. Qatarın Bakıya çatmasına az qalmış vaqonda bir əsgərlə tutaşmış, nəticədə ayağından bıçaq zərbəsi almışdı.

Şəhərin işğal edilməsinin təntənəsini yaşamasa, qarətdə iştirak eləməsə də, bu şəhər Yaqub dayının atasına yeni vətən olmuşdu. Adətləri idi, harada var idilərsə, ora vətən idi.

Cuhud Yaqubun atası Əyyubun Bakıda bir yəhudi qadın tapıb evlənməsi, iki uşağa sahib olması uzun müddət çəkmədi. Yeni hökumət keçmiş bəylərə məxsus evlərdən birində ona otaq ayırdı. Daha nə istəyə bilərdi ki?! Bəy evində yaşayır, ayağındakı yaraya görə qoşuna yararlı sayılmır, aylıq təqaüdünü alırdı. Yeganə işi Bakının küçələrinə düşüb keçmiş bəylərin, ağaların evindən qalan əşyaları, sənədləri, kitabları toplamaq idi. Şəhərdə aclıq olduğuna görə belə şeyləri ucuz ala bilir, evində kiçik muzey yaradırdı.

Bakıda Əyyubun ayağının dəymədiyi yer qalmamışdı. Axsaq ayağı ilə dan yeri sökülmədən yola düzəlir, gün batandan sonra qayıdırdı. Çiyninə asdığı torbada hər gün nələrsə olardı. Elə gün olurdu ki, daşımaqda əziyyət çəkirdi. Bəzən aşıq-aşıq oynayan uşaqlar Əyyubu belə görəndə köməyə gəlir, doğma şəhərlərinin sərvətini onun evinə daşıyardılar. Əyyub kişi hər dəfə uşaqların üzünə gülümsəyir, “yuxarıdakı köməyiniz olsun” deyirdi.

Əyyubun Qırmızı Orduya qoşulması isə taleyin ona bəxş etdiyi sürgünün axırıncı dayanacağı idi. Qərar vermişdi. Bundan belə hansı ordu olur-olsun ona qoşulacaq, Yəhva nə tale yazmışsa, onu yaşayacaqdı. Eşitmişdi ki, alman kəşfiyyatına işləyən, əslən yəhudi olan bir nəfər var. Rusiya onun uğrunda ölüm yolçuluğuna çıxıb. O da beləcə adını yazdırıb, özünü zamanın axarına buraxmışdı.

Əyyubun Saradan iki övladı oldu. Birinin adını Yaqub, digərini Yusif qoydular. Əyyub ölənə yaxın həm özü, həm də arvadı yerli xalqın dilini öyrənmişdi. Uşaqları isə artıq məhəllədəki uşaqlardan seçilmirdi.
Amma seçənlər oldu. Əyyubun uşaqları məhəllə uşaqlarına qoşulanda “cuhud Əyyub”un uşaqları adını qazandılar. Yusif 5 yaşında olanda məhəllədəki bir quyuya düşərək öldü. Əyyub övladının ölümünə tab gətirə bilmədi. Gözlərinin işığı azalmağa başladı.

Yaqub cüssəli uşaq idi. Əyyubun ən böyük arzusu onu tarixçi görmək idi. Tez-tez oğluna deyərdi: “Bir var yaşanan tarix, bir var yazılan tarix, bir də var yığılan tarix. Biz artıq yaşanan tarixi geridə qoyduq. İndi qardaşlarımız səhrada tarix yazmağa başlayıblar. Heyf, cavan olsaydım, o tarixin müəlliflərindən olmaq istərdim. Amma mən yığılan tarixi yazdım. Sən də mənim kimi ol. Qiymətli bildiyin nə varsa, yığ. Heç nəyi lazımsız bilmə. Yuxarıdakı lazımsız heç nə yaratmayıb. Bizim iki min illik sürgünümüz də boşuna deyildi. Bundan belə ayağını basdığın hər yer, qiymətli olan hər şey bizim üçündür”.

Yaqub dayı indi o illəri dumanlı xatırlayır. Atası 1950-ci illərin ortalarında işğal adıyla gəlib vətən bildiyi torpağda gözlərini yumdu. Oğluna son vəsiyyətini eləmədi. Onlar heç nəyi sona saxlamazdılar...
Yaqub dayı universitetdə müəllim oldu. Qədim Şərq, Mesopotomiya tarixi üzrə dərs deməyə başladı. Ən sevilən müəllimlərdən idi. Şumer, Akkad yazılarını orijinaldan oxuya bilirdi. Tez-tez Moskvaya gedib elmi konfranslara qatılırdı. Onunla elmi mübahisəyə girəcək şəxs, demək olar ki, yox idi. Həm zəhmli, həm də başqalarının bilmədiyi çox mənbəyə vaqifdi.

Hansı ölkəyə getsəydi, Yaqubun iki iri çantası olardı. Qayıdanda bunları taksiyə yükləyib atasından qalan evinə gətirərdi. Tək yaşayırdı. Atasından bir il sonra anası da ölmüşdü. Özü isə ailə olmamışdı. Buna nə vaxtı, nə də həvəsi olmuşdu. Bütün gün qədim kitabələrin mətnini çözməyə çalışır, evinin zirzəmisindəki qədim əşyaların tozunu alır, hamısına tək-tək toxunur, hiss etməyə çalışırdı. Keçmişlə təmas onu cavanlaşdırırdı. Arada atasının yazmaq istədiyi, amma qismət olmadığı tarixi yazanlara qoşulmaq istəyirdi. Onlarla açıq, gizli əlaqələri vardı. Bir yolunu tapıb onlara qoşula bilərdi. Amma “səhrada sonsuz qum dənəsimi, yoxsa qırmızı bataqlıqda gül olmaqmı daha yaxşıdır” - deyə düşünərdi. Vicdanı ilə tez-tez mühakiməyə girərdi. Hər şeyi buna borclu idi. Görmədiyi səhra ilə onu adını qoya bilmədiyi, amma çox-çox qədimlərdən gələn bir telin bağladığına inanırdı.

Yaqubun nüfuzu artdıqca, zirzəmisindəki əşyaların, kağızların da miqdarı artırdı. Özünə başqa bir ev aldı. Bir gecədə qonşuların xəbəri olmadan yeni evinə daşındı. Təzə qonşularla təmas qurmadı. Sirli qalmağı sevirdi. Şübhə ilə baxılmaqdan zövq alırdı. Amma bu zövqü ona baha başa gəldi. Az keçmədi ki, “KQB” agenti adını qazandı. Bir ara bundan bərk sıxıldı, gecə-gündüz haqqında pıçıltı ilə danışıldığını bilirdi. Sonra bunu da zövqə çevirməyə başladı. Rast ki, danışırlar, qoy elə də zənn etsinlər. Ziyanı yoxdur, dərinə getsə, xeyri var.
Yaqub 60-cı illərdə maraqlı məşğuliyyət də tapdı. Tarixçi olsa da, ədəbiyyatı çox sevirdi. Ədəbiyyat aləmindəki gənclərin çoxu ilə tanış idi. Həmin gənclər Yaquba qibtə ilə baxırdılar.

Yaqub indiyə qədər gördükləri ən nəhəng adam idi onlar üçün. Onlarla söhbət etmək Yaquba xoş gəlirdi, aralarından bəzilərinin tezliklə tanınacağına əmin idi. Bunun üçün kömək də edə bilərdi. Özü tarixçi olduğu üçün hekayə, roman yazmasının doğru qarşılanmayacağını düşünürdü. Üstəlik, akademik çevrələrdə bundan ona qarşı istifadə edə bilərdilər. Ona görə də ədəbi istedadını bu gənclərin inkişafına sərf elədi. Onların yazdığı hekayələri, romanları cilalayıb, mükəmməl redaktə edib təhvil verirdi. Əvvəlcə müştərisi az idi, tezliklə müraciət edənlər çox oldu. Təbii ki, yuxarı dairələrdə tezliklə bunun üstü açıldı. Yuxarıların reaksiyası qəribə oldu, ona bu işi davam etdirmək göstərişi verildi, üstəlik, daha da azad, rahat ola bilərdi. Birbaşa ünvan göstərmədən Ezop dili ilə hətta tənqid də edə bilərdi “roman”larında.

Yaqub bu işdən böyük həzz alırdı. Hələ bir dəfə atası Əyyub ona demişdi ki, vaxtilə Bakıda yaşayan Lev Nissimbaum adlı yəhudi indi keçmiş Rusiya ərazisindən Avropaya köçmüş nə qədər mühacir varsa, onların yazdıqları romanları bitib-tükənməz fantaziyası ilə zənginləşdirir, müxtəlif əfsanələr əlavə edir, avropalı oxucuları valeh etmək üçün hər cür yalanı uydurur. Hətta o mühacirlər arasında Azərbaycanın keçmiş bir səfiri də olub, onun qürbətdə Bakı haqqında yazdığı roman indi ən çox oxunanlar arasındadır. Əyyub onu da demişdi ki, əsərin əsl müəllifi indi Bakıda yaşayır. Amma kim olduğunu deməmişdi. Yaqub o zamanlar yeniyetmə idi. Ağzından qaçıra bilərdi.

Bu dönəmlərdə onun həmyaşıdları arasında bir neçə dissident ortaya çıxdı. Onlar qırmızı hökuməti tanımır, qadağalara qarşı başqa bir qırmızı - azadlıq bayrağı ucaldırdılar. Tanıdığı, amma “axmaq” adlandırdığı İlya adında bir cuhud vardı. Qırmızılara qarşı amansızlığı ilə seçilirdi. Amma günlərin birində “məni Bakıda dəfn edərsiniz” deyib özünü pəncərədən atmışdı.

70-80-ci illər Yaqub dayı üçün rahat keçdi.

Bir sabah oyandı ki, vaxtilə atasının da gəldiyi qoşun indi silah-sursatını buraxıb geri dönür. Onu da gördü ki, ətrafında olan, dostluq etdiyi şəxslər bir-bir yoxa çıxır. Erməni alim dostu Avanesyan, cuhud rəssam Samuel, rus rəqs müəllimi Yelena artıq yoxdur.

Bir sabah oyandı ki, illərdir onun kimi gizli şəkildə qədim əşyalar, sənədlər, kitablar toplayan şəxslər qarışıqlıqdan istifadə edib bütün varidatları ilə birlikdə hava limanına axışır.
Bütün dostlarını itirmişdi Yaqub. Gedən hər insan ondan bir parça qoparıb aparırdı.
Amma o, yenə getmədi.

İndi o, atasının da enməsində iştirakçısı olduğu bayrağın altında yaşayacaqdı.
Onun üçün fərqi olmadı. Ayağını basdığı hər yer vətəni idi.
Artıq universitetdə işləmirdi. Təqaüdə göndərilmişdi. Arada yanına tələbələr, müəllimlər gəlirdi. Onun zəngin biliyindən faydalanırdılar. Onun yazıçı etdiyi şəxslər isə bu illərdə heç gözə dəymədilər. İndi onların nə Yaquba, nə də əsər yazmağa ehtiyacları vardı. Yazılan yazılmış, məşhurluq qazanılmışdı. Qazanılanları xərcləmək vaxtı idi.

Yaqub çox fikirləşdi. İndiyə qədər xeyli pul yığmışdı. Qocalığını rahat yaşamaq, sevdiyi işlə məşğul olmaq istəyirdi.
Vaxtilə atasının qarış-qarış gəzdiyi İçərişəhərdə bir mağaza kirayələdi. Mağazanın bir bölməsinə öz arxivini yerləşdirdi. Arxivindəki bəzi əşyaları satacaq, bəzilərini isə gözü qapanana qədər yanından ayırmayacaqdı.

***

Mən Yaqub dayını tanıyanda artıq gözünün biri görmürdü. Mağazasının daimi müştərisi idim. Pulum olduqca köhnə kitab, qəzet – kağız olan nə varsa, alırdım. Onunla söhbət həyatıma rəng qatırdı. Canlı tarix idi Yaqub dayı. Ən sevdiyim xarakteri haqqında deyilənləri vecinə almaması idi. Bəzən mənə elə gəlirdi ki, Yaqub dayı qürub çağı ilə eyni yaşdadır. O ölsə, sanki Yer öz oxu ətrafında daha fırlanmayacaq, İsrafil himə bənd imişcəsinə himnini çalacaqdı. Uzun müddət məni tanısa da, hələ də əsas əşyalarının olduğu otağa dəvət etməmişdi. Orada nələrin olduğunu bilmək üçün, bəlkə də, həyatımı qurban verərdim.

Bir gün cəsarətimi toplayıb qarşısına keçdim:
- Yaqub dayı, içəridə, deyəsən, Süleyman peyğəmbərin öz dəsti-xətti ilə yazdığı əlyazma saxlayırsız.
Güldü. Oturmağa yer göstərdi, özü isə termosdan iki stəkan çay süzdü. Üzümə mehribancasına baxıb dedi:
- Sən də dəli olduğumu düşünürsən?
- Allah eləməsin, mənimki maraqdır.
- Əşyalarla danışdığımı da deyirlər, eləmi?
- Deyirlər. Hamı haqqında nəsə deyirlər, onsuz da. Buna alışmaq lazımdır.
- Amma düz deyirlər. Əşyalarla danışıram...

Üzü qəribə rəng aldı. Bir an elə bildim ki, öləcək. Ağır-ağır ayağa qalxıb çöl qapını örtməyə getdi. Sonra yenə dünyanı çiyninə alıb Atlant kimi qarşımda əyləşdi:

- Mənim atam – öskürəklə əlləşib sözünə davam elədi – bir neçə dəfə bağışlanmaz günah elədi. 20-ci illər idi. İçərişəhərin küçələri ilə həmişəki kimi torbası çiynində gəzərkən bir evdən ağlama səsi eşidib. Qapı açıq imiş. Evə doğru yaxınlaşıb. Bir ana və iki uşaq yerdə oturublarmış. Uşağın birinin dörd, o birinin beş yaşı olarmış. Elə hey dayanmadan yemək istəyirmişlər. O vaxt şəhərdə aclıq idi. Qırmızılar nə var idisə, Moskvaya daşımışdılar. Ana nə edəcəyini bilmirmiş. Qoynuna bir şey sıxıbmış, baxıb-baxıb ağlayırmış. Atam qapını döyüb içəri girmək üçün icazə istəyib. Qadın gözünün yaşını yaylığı ilə silib, “buyurun” deyib. Evin vaxtilə yaxşı günlərinin olduğu hiss edilirmiş. Atam uşaqların niyə ağladığını soruşub, qadın “iki gündür acdırlar” deyib. Sonra ovcunu açıb əlindəki üzüyü göstərib: “Ərimi güllələməyə apardıqları günün axşamı mənə vermişdi. Hiss edirdi ki, onu da aparacaqlar. Nə pulu var idisə, verdi, bir də ona anasından yadigar qalan bu üzüyü verdi ki, çətin vəziyyətə düşəndə satım. Amma heç istəmirəm. Ərimdən qalan tək qiymətli şeydir. Balalarım daha qiymətlidir. Satmağa da qorxuram, əlimdən alarlar birdən. Naçar qalmışam”. Atam işini bilən adam idi. Üzüyün çox qiymətli olduğunu görən kimi anlamışdı. Qadına on qat ucuz qiymət təklif eləyib. Bir neçə ay uşaqların qarnı doyacaqdı. Qadının başqa əlacı yoxdu, üzüyü atama satmışdı. Atam üzüyü gətirib anamın barmağına taxdı. Həmin günün axşamı 5 yaşlı qardaşım quyuya düşərək öldü. Mən belə şeylərə inanmıram, əslində. İndi də təsadüf hesab edirəm. Amma atamın pulu vardı. Qadına heç nəsiz kömək edə bilərdi. Etmədi. O gündən anam üzüyü çıxarıb atama verdi. “Apar sahibinə qaytar” dedi. Atam “qaytararam” dedi, amma qaytarmadı.

Arxivinə qoydu. İlk dəfə 15 yaşım olanda atamın evimizdə yaratdığı xəzinəyə baxa bildim. Nələr vardı... Həmin üzük kimi neçə üzük, boyunbağı, qədim kiçik heykəllər. Hətta xalçalar da vardı. Hamısını atam beləcə ac-yalavac qalan insanlara qəpik-quruş verərək almışdı. Atam öləndən sonra onun arxivini bir yerə yığaraq qapısını kilidlədim. Özüm də bu işə maraqlı idim, amma heç vaxt vicdansızlığa yol vermədim. Nə aldımsa, haqqını ödəyib aldım. Heç vaxt nifrin, qarğış yiyəsi olmadım. Mənim ideallarım vardı. Bu ideallara qırmızılar daxil, heç kim mane ola bilməzdi. Ona görə də onlarla yola getməyi öyrəndim. İndi yüzü haqlamışam. Evimdə zəngin canlı tarix yatır. İndiyə qədər bir neçə dəfə atamdan qalanlara baxmışam. Keçən dəfə baxanda həmin üzüyü gördüm. Elə bil, ürəyimə bir ox sancıldı. Nargin adasında güllələnib dənizə atılan, balıqlara yem olan əsl sahibini düşündüm. Geridə qalan iki uşağı xatırladım. Görəsən, nə etdilər? Atamın verdiyi qəpik-quruşdan sonra çörək tapdılarmı, yoxsa aclıqdan ölüb getdilərmi?! Çətindir. Arada o üzüyü ovcuma sıxanda atamın danışdığı həmin qadın gəlir gözümün önünə. Özümdən asılı olmadan üzükdən məni bağışlamağını istəyirəm. Həmin vaxt özümdə olmuram. Səsli danışırammış. Qonşular da bunu bir neçə dəfə görüb.

Siz müsəlmanların bir inancı var. Atanın günahını oğul çəkə bilir. İndiyə qədər çəkmədim, düşündüm ki, daha məndən keçdi. Sən demə, hər şeyin bir vədəsi varmış. İndi tək-tənha, kimsəsiz şəkildə ölüb gedəcəyəm. O adamı güllələyəndə heç olmasa, arxasından yas tutacaq ailəsi vardı, mənim heç kimim olmadı. İndi bu kimsəsizliyimi atamın hərəsi bir insan faciəsini göstərən əşyaları ilə danışmaqla keçirirəm.
Yaqub dayı danışdıqca torpaq rənginə dönürdü. İçəridən kiçik bir heykəl gətirdi.

- Bu, Bakı zənginlərindən birinə aid idi. Evin kiçik qızı bu heykəllə oynayarmış həmişə. Bahalı olsa da, atası fikir verməzmiş, sınsa da, yenə ala bilərdi. Bir sabah qırmızılar evi basıb kişini evin ortasındaca öldürüblər. Qadınları sürüyüb küçəyə atıblar, evdə nə varsa, yağmalayıblar. Həmin vaxt uşaq əlində heykəl çarpayının altına giribmiş. Hamı gedəndən sonra çıxıb həyətdə oynayırmış. Atam uşağın əlindəki heykəli görüb həyətə girib. Çantasından alma çıxarıb uşağa uzadıb. Uşaq da sevincək heykəli ona verib. Bax belə, buradakı hər əşyanın bir taleyi var. Atam hər aldığı şeyin macərasını bizə danışardı həmişə. Anam narazı olardı, bir gün başımıza bir iş gələcəyini deyərdi. Atam isə “onsuz da, bunlar nə var, talayır, onlara qismət olmaqdansa, bizə qismət olması daha yaxşıdır” deyərdi.

- Bəs, indi nə edəcəksiz, bu əşyaları sata bilərsiz. Yaxşı da pul çıxar, bunları müştərilərə göstərsəz, alan çox olar.
- Yox, sahiblərinə qaytaracam.
- Necə?
- Biləcəksən. Yenə çay süzümmü? Kəkotulu çay xeyirlidir.

Həmin gün ikimiz də yüngülləşdik. Yaqub dayı illərdir özündə saxladığı sirri açmış, mən də öz-özünə danışan, dəli deyilən Yaqub dayını çözmüşdüm. Gecə gözümə yuxu getmədi. Həyətdə oynayan məsum qızcığaz gözümün önünə gəldi. Haradansa qəfil bir əjdaha peyda olur, qızın əlindən heykəli qapıb gedir. Sonra o əjdaha başqa bir evə gedərək qorxudan analarının arxasında gizlənən uşaqlara fikir vermədən üzük qarışıq ananın əllərini qoparır. Səhər qan-tər içində oyandım. Sabah xəbərlərinə baxmaq üçün internetə girdim. Xəbərlərdən biri gözümə sataşdı: “Qoca kişi özünü dənizə ataraq intihar edib. Şahidlərin sözlərinə görə, özünü dənizə atarkən, çiynində içi dolu iki böyük kisə olub”.

Az sonra intihar edənin şəkli də yayıldı. Yanılmamışdım, Yaqub dayı idi. Günortaya yaxın qoca kişinin meyitinin kisələrlə bir yerdə dənizdən çıxarıldığı yazıldı. Televiziya kanalları orada idi. Polis kisələri boşaldarkən kamera bir nöqtədə donub qalmışdı. Zümrüd qaşlı üzük par-par parıldayırdı...


Müəllif:

Oxşar xəbərlər