22 Mart 2017 16:30
2 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün dünyasını dəyişən əməkdar artist, Rus Dram Teatrının aktyoru Əsgər Rəhimovu sənət dostları sosial şəbəkədə özünəməxsus formada anıblar.

Teleqraf.com xəbər verir ki, sənət dostlarının aktyor barədə yazdıqlarını təqdim edir:

Nofəl Vəliyev: “Çox üzüldüm, Əsgər. Allah rəhmət eləsin…Azərbaycanın çox istedadlı aktyoru dünyasını dəyişdi. “İtlər” tamaşasında qazandığım uğurun çox böyük hissəsini ona borcluyam. Necə deyərlər boynumda haqqı var. Bir aktyor da azaldı aramızdan. Əlvidə, göyçaylı balası”.

İlqar Cahangir: “Martın 16-I aktyor dostum Eşqinlə yemək yeyirdim, eşitdim ki, Əsgər xəstədi. Zəng etdim, məndə olan nömrəsi aktiv deyildi. Eşqin Salmana zəng edib başqa nömrəsini aldı. Zəng edib Əsgərlə danışdım. Halsız idi, dedi 18-ı əməliyyata gedirəm. Çıxım, bayramdan sonra görüşərik. O dünyada görüşənədək.

Bakı Kamera Teatrında Əsgərdə bizimlə bir yerdə idi. O, aktyorlar arasında yaşda hamımızdan böyük idi. Amma həmişə özünü kişi kimi aparardı. Çünki həm gözəl insan, həm də yaxşı aktyor idi. Biz səni unutmayacağıq, Əsgər !”.

Günel Məmmədova: “Çox pis oldum, hətta inana bilmirəm ki, əməkdar artist Əsgər müəllim rəhmətə getdi. O qədər gözəl, pozitiv insan idi ki…Böyüklə böyük kimi, kiçiklə kiçik kimi rəftar edən və hamının sevimlisiydi…Allah rəhmət eləsin”.

Rövşən Almuradlı: “Güləriz, ruhlu bir insanı, peşəkar sənətkarı itirdik. Qəlbi nurla dolsun. Allah rəhmət eləsin”.

Səfa Qəhrəmanov: “Mənim əziz dostum, bir çox tamaşalarda tərəf müqabilim. İnana bilmirəm ki, sən artıq yoxsan. İnanmaq istəyirəm ki, bu yuxudu. Sən həmişə var olacaqsan”.

1956-cı ilin noyabrın 27-də anadan olmuş Ə. Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S. Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən S. Vurğun ad. Rus Dram teatrına qayıdıb. Bu illər ərzində teatr səhnəsində bir çox rol oynayıb. Onun yaratdığı Nikita (A. Arbuzov "Kobud oyunlar"), Oyunçu (R. İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M. Qorki "Varvarı"), Bayandur (İ. Əfəndiyev "Büllur sarayda"), Ralf (R. Baer "Qarışıq hisslər"), Kazım (N. Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K. Hiqqins "Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.


Müəllif:

Oxşar xəbərlər