24 Mart 2017 14:12
2 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstanbulnamə" layihəsi 9

Öncəki yazı

Rəvayətə görə, kahinlər krala xəbər verirlər ki, qızının 18 yaşı olanda ilan sancması nəticəsində öləcək. Bundan kədərlənən kral dənizin içində kiçik qaya parçası üzərində bir qüllə tikdirir, ilanlardan uzaq olması üçün qızını oraya yerləşdirir.

Qülləyə ilanların heç bir şəkildə yol tapa bilməməsi üçün kral hər cür təhlükəsizlik tədbirlərinə əl atır.
Lakin bir dəfə kralın qızı ağır xəstələnir. Sarayın bütün həkimləri səfərbər olurlar, lakin bir çarə tapılmır. Nəhayət, həkimlərdən biri qızı sağaldır və kral həmin günü bayram elan edir, təmtəraqlı mərasimlər keçirilir. Fəqət bu törənlər üçün gələn üzüm səbətinin içindəki ilan kralın qızını sancır və kahinlərin kəhanəti düz çıxır.

Başqa bir əfsanəyə görə isə, ilahə Afroditanın rahibələrindən, eşqə tövbə edən Hero bir gün ilahənin məbədində keçirilən mərasimə qatılmaq üçün qülləni tərk edir. Orada Leandros adlı bir gənclə tanış olur və bir-birini sevməyə başlayırlar. Bir dəfə də sevgilisini görmək üçün yağmurlu havada dənizə atılan Leandros Qız qülləsinə çatmadan boğularaq həlak olur. Bu kədərə dözə bilməyən Hero da özünü qüllənin başından dənizə atır...

İstanbulda Üsküdar sahilinə əzəməti ilə heyranlıq bəxş edən Qız qülləsi haqqında başqa əfsanələr də var. Bizdəki Qız qalası əfsanələri kimi, zamanla yunanlar və türklərin ağsaqqalları belə əfsanələr uydurublar. Osmanlı dönəmində Üsküdar hökmdarının qızına aşiq olan Battal Qazi ilə bağlı rəvayət də var.

Tarixi mənbələr isə başqa cür danışır.

Belə ki, Qız qülləsinin yerləşdiyi qaya parçası haqqında ilk məlumatlar miladdan öncə 410-cu ilə aiddir. Afina sərkərdəsi Alkibiades boğaza girib-çıxan gəmiləri yoxlamaq və vergi almaq məqsədilə bu qaya parçası üzərində bir qüllə inşa etdirir.

Miladdan öncə 341-ci ildə isə sərkərdə Chares qüllənin yerləşdiyi adacıqda xanımı üçün mərmər sütunlardan ibarət abidə tikdirir.

Miladi XII əsrdə isə Bizans imperatoru Manuel Comnenos (1143-1178) şəhərin müdafiəsi məqsədilə iki qüllə tikdirir. Bunlardan biri Mangana monastrı (Topqapı sarayının sahili) tərəfdə, digərini isə Qız qülləsinin olduğu adada yerləşir. İmperatorun məqsədi düşmən gəmilərinin boğaza girməməsi, həmçinin gömrük vergilərin alınması idi.

İstanbulun fəthi ərəfəsində Qız qülləsi venesiyalılar tərəfindən hərbi məqsədlə istifadə edilir. Fateh Mehmet İstanbulu mühasirəyə aldığı zaman Gabriel Trevizianonun rəhbərliyi ilə Bizansa yardıma gələn venesiyalılar burada qərar tuturlar.

Türklər İstanbulu fəth etdikdən sonra Fateh adadakı kiçik qalanı dağıdır, başqa bir qala tikdirir və buraya toplar yerləşdirilir. Bugünkü Qız qülləsinin təməli Fateh dönəminə aiddir. Osmanlı zamanında bu qüllədə marşlar oxunur, tədricən hərbi-strateji önəmini itirir. 1510-cu ilin dağıdıcı zəlzələsində qüllə də zərər görür. Sultan Səlim dönəmində qüllə yenidən təmir edilir.

Daha sonra Qız qülləsi Osmanlı sultanlarının top atəşi ilə salamlanması funksiyasını yerinə yetirir. 1719-cu ildə yanğına məruz qalan qüllə 1725-ci ildə şəhərin baş memarı Damat İbrahim Paşa tərəfindən bərpa edilir.
1836-1837-ci illərdə, 20-30 min nəfərin həlak olduğu vəba tüğyanı zamanı xəstələrin bir qismi qüllədə qurulan xəstəxanada müalicə edilir.

Sultan II Mahmudun dönəmində, qüllənin bugünkü formasını aldığı 1832-1833-cü illərdəki təmirdən sonra xəttat Rakımın yazısı ilə qüllənin qapısının üzərindəki mərmərə padşahın tuğrası kitabə kimi yerləşdirilir. Eləcə də, qülləyə bayraq dirəyi əlavə olunur.

1880-ci ildə bir ingilis qülləni 12 illiyə kirayə götürmək istəyir. Məqsədi buranı otelə çevirmək, restoran açmaq olub. Lakin qüllənin təmirə ehtiyacı olması səbəbiylə bu baş tutmayıb.

Cümhuriyyət dönəmində, 1943-cü ildə qüllənin çevrəsinə böyük qayalar yerləşdirilir ki, dənizə doğru çökməsinin qarşısı alınsın.

Nazim Hikmət və Qız qülləsi

Məşhur türk şairi Nazim Hikmətin həyatında da bu qüllənin əhəmiyyəti böyükdür. 1827-ci ildə Almaniyada doğulan Karl Detroit, hələ 12 yaşında ikən bir gəmiylə İstanbula gəlir və quruya Qız qülləsindən çıxır, yəni Osmanlıya mühacirət edir.

Mehmet Əli adıyla sarayda təhsil alır, II Əbdulhəmid dövründə də paşa ünvanını alır. 1878-də Berlin müqaviləsi əsnasında Osmanlını təmsil edir. Bu andlaşmada xristian əhaliyə hüquqlar tanıdığı üçün mühafizəkar dairələr tərəfindən Osmanlını gavura satan adam deyə suçlanır və Albaniyada linç edilir.

4 qızı olan Mehmet Əli Paşanın qızlarından Leyla xanımın da Cəmilə xanım adında bir qızı olur. Onun oğlu isə məşhur şair Nazim Hikmətdir. 1921-ci ilin yanvarında Nazim milli mübarizə üçün Anadoluya gedərkən gəmisi Qız qülləsi qarşısında dayandırılır və axtarış aparılır. 1950-ci ildə də həbsdən çıxan Nazim, azad qalınca ən çox istədiyi şeyi edir; Salacaq sahilindən böyük babası Mehmet Əli Paşanın çıxdığı Qız Qülləsinə baxır və əlini suya sallayır.

Qüllə bu gün

Qız qülləsi təkcə türk serial və filmlərində deyil, Hollivud filmlərində də yer alıb. Məsələn, James Bond seriyasından 19-cu film olan 1999-cu ildə çəkilən “The World is Not Enough” filminin sonuncu səhnəsi qüllədə çəkilib. Azərbaycan izləyicisi isə bu qülləni daha çox “Kurtlar Vadisi” serialı ilə tanıyır.

Bu gün qüllədə restoran və kafe fəaliyyət göstərir. Qiymətlər münasibdir. Sahildən qülləyə isə gəminin bileti 10-20 lirəyədir. İnsanlar qülləyə çıxaraq oradan İstanbulun möhtəşəm mənzərəsini izləyə bilirlər...

Dilqəm ƏHMƏD
Fotolar: Günel İsgəndərli


Müəllif:

Oxşar xəbərlər