Aprel ayının 6-dan kinoteatrlarda “Sara” filmi nümayiş olunmağa başlayacaq. Filmin ssenari müəllifi Fərəc Süleymanov, dialoqların müəllifi Elçin Muradov, operator Ruslan Ağazadə, baş prodüseri Cəmil Cəfərovdur.
Xalq artisti Rasim Balayevin rol aldığı filmlə bağlı Teleqraf.com-un suallarını filminin rejissoru Elvin Əhmədov cavablandırıb.
-“Dolu”nun Pələngi bu dəfə qarşımıza “Sara”nın rejissoru kimi çıxdı. Bu, rejissor olaraq ilk işinizdir?
-Mən Mədəniyyət və İncəsənət Universitetinjn rejissorluq fakültəsini bitirmişəm. 2010-cu ildə Ənvər Əblucun rejissoru olduğu “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Tərsinə çevrilmiş dünya” filmində rejissor assistenti kimi təcrübə keçmişəm. Ardınca Elxan Cəfərovun “Dolu” filmində rejissor assistenti oldum.
Təsadüf nəticəsində elə alındı ki, rejissor məni baş rola çəkdi. O roldan aktyor fəaliyyətimə start verildi. Seriallarda müxtəlif obrazlar yaratdım və bununla hamıda fikir formalaşdı ki, mən aktyorluğu bitirmişəm, mən aktyoram.
Aktyorluqla yanaşı zaman-zaman seriallarda ikinci rejissor kimi də çalışmışam. Hazırda Azərbaycanda özəl kino sektoru inkişaf edir. Bu filmin baş prodüseri Cəmil Cəfərov yaxın dostumdur. Onunla məsləhətləşdik və belə bir filmi çəkməyə qərar verdik. Elə alındı ki, elə filmi mən çəkəsi oldum.
-Hazırlıqlara nə zaman başladınız?
-2015- ci ilin iyul ayında başladıq. Sentyabrda isə çəkilişlərə start verdik, 2016 -cı ilin avqust ayının sonunda bitirdik.
-2017-ci ildə də filmi təqdim edirsiniz. Niyə belə uzun çəkdi?
-Sizə bir söz deyim, yaxşı filmlərin heç biri problemsiz çəkilməyib. Hətta “Dolu” filminin çəkilişləri zamanı da problemlərlə üzləşdik. Rejissorumuz çəkilişin ortasında xəstələndi və çarpayıda uzanaraq filmi çəkdi. Dövlət filmin çəkilişini dayandırmaq istəyirdi, amma Elxan müəllim çəkilişləri o halda davam etdirdi.
Biz "Sara"da həm səhhətlə, həm Rasim Balayevlə bağlı problemlər yaşadıq. Bir neçə əngəllə üzləşdik.
-Yəqin maliyyə problemləri də olub...
-Bəli. Hansı filmdə maliyyə problemi olmur ki... Ara fasilələrin səbəblərindən biri də maliyyə çatışmazlığı idi.
-Rasim müəllimlə nə problem vardı?
-Rasim müəllimin 70-ə yaxın yaşı var. Beş-altı ildi şəkər xəstəliyindən əziyyət çəkir. Ona görə çoxları elə düşünürdü ki, Rasim müəllim üçün çəkilişlər, rol oynamaq çətinlik yaradacaq. Amma biz ona çox inanırdıq, çünki rol məhz onun üçün idi.
Rasim müəllim filmdə rolunu gözəl oynadı. Onun çəkilişləri qış aylarına təsadüf edirdi deyə səhhəti ilə əlaqədar istirahət etmək istəyirdi. Yorğunluğunu nəzərə alıb razılaşdıq. Çəkiliş zamanı hər kəs onun qulluğunda dururdu.
-Rasim müəllim adətən, ssenarilərdən narazılıqla danışır. Bir çox ssenariləri də geri qaytararaq, çəkilməyə razılıq verməyib. Siz onu necə inandırdınız?
-Həm Rasim müəllim, həm də bu filmdə çəkilən qocaman, peşəkar aktyorlarımızın hər biri ssenariyə diqqət yetirən sənətkarlardır. Mən Rasim müəllimə bədii ssenarini təqdim edəndə dedi, özüm zəng vuracam.
Bir gün zəng elədi ki, harda görüşək... Artıq başa düşdük ki, ssenarini bəyənib. Rasim müəllim filmdə üç əsas obrazdan birini oynayıb.
Ondan başqa filmdə rol alan Rus Dram Teatrının aktyoru, əməkdar artist Fuad Osmanovla teatrda görüşüb obrazını ona danışan kimi razılıq verdi. Tanıyanlar bilir ki, Fuad müəllim ssenari barəsində çox kaprizli aktyordur. Ona görə Azərbaycanda çox az filmlərə çəkilib.
Həmçinin Qurban İsmayılov. Mən ona filmdə yalnız bir epizodda oynayacağını deyəndə rolu ilə maraqlandı.
Biz kastinq keçirmədik, çünki öncədən rolları kimlərin oynayacağını düzgün hesablamışdıq.
-Reallıq odur ki, hazırda komediya janrlı filmlər gəlir də gətirir. Dram janrında çəkdiyiniz “Sara” ilə risk etdiyinizi düşünürsünüzmü?
-Azərbaycanda yetərincə ciddi tamaşaçı auditoriyası var və onlar ciddi filmlərə baxmaq istəyirlər. Həmin insanlar bu filmə baxmağa gələcəklər. Biz arxayınıq ki, bu film baxılacaq. Şərt o deyil ki, dram, yoxsa komediya olsun. Şərt odur ki, film maraqlı olsun.
Filmin treyleri də insanlar tərəfindən maraqla qarşılandı. Çoxu Rasim Balayevə görə şərhlər yazırdılar, amma bir qismi ümumilikdə işi dəyərləndirirdilər.
-Qəhrəmanınız Saranı filmdə nələr gözləyir? Süjeti qısaca nəql edə bilərsinizmi?
-Həyat yoldaşını itirən Sara adlı bir qadını tanımadığı bir insan narahat etməyə başlayır. Canına qəsd etməsə də onu təhlükə ilə üz- üzə qoyur. Qayınatası Cavanşir bundan narahat olur, onu qorumaq məqsədilə yaxın dostu polkovnikə müraciət edir. Polkovnik də Bəxtiyar adlı birini məsləhət bilir. Filmin gedişindən məlum olacaq ki, Bəxtiyar Saranı təhlükədən qoruya biləcək, yoxsa yox...
-Filmin “Sara” adlanması baş qəhrəman rolunu daha da yükləyir. Duyğu Dəvəlidən başqa namizədiniz vardımı?
-Açığı, əvvəl bu obraz üçün iki aktrisa arasında tərəddüd edirdim. Amma daha çox Duyğunu düşünürdüm. Duyğuda aristokrat görkəm var. Ola bilər, Duyğudan da gözəl qızlar var, amma burda əsas məsələ obrazın aristokrat görünüşü idi. Ona görə çox düşünmədən Duyğunun üzərində dayandım. Və o, rolunun öhdəsindən məharətlə gəldi. O biri aktrisanın adını çəkməyəcəm, çünki gələcək işlərimizdə onunla işləməyi düşünürük.
Mən bu gün filmlərdə oynayan aktrisaların oyun tərzindən çox narazıyam. Demək istəmirəm ki, aktrisalar zəifdir, sadəcə öz üzərində işləmirlər, rejissorlar da onlara tapşırıqlar vermirlər.
-Sizin filmlə paralel olaraq kinoteatrlara “Don Marleoni”, “Tha game”, bir də səhv etmirəmsə “Mən klounam” filmləri də çıxacaq. Hansını rəqib görürsünüzmü?
-“The game” filmi macəra və komediya janrındadır. Rəsmi treylerində onun komediya elementlərinin çox olduğunu görmüşəm. Filmin rejissoru Orxan Bayramova uğurlar arzulayıram.
Samir Qulamovun “Mən klounam” filminin nə vaxt kinoteatrlara çıxacağını bilmirəm. Bildiyim qədər bu haqda hələ məlumat verilməyib.
“Don Marleoni”ni eşitmişəm və rejissoruna uğurlar arzulayıram. Rəqib görmürəm demək yaxşı çıxmır. Amma bu ilin kassa üçün nəzərdə tutulan filmləri arasında rəqib tanımıram.
-İndiyə qədər kinoteatrlarda nümayiş olunan hansısa filmə bilet alıb gedib baxmısınız?
-Çoxuna baxmışam.
-Bu daha çox maraqdan, yoxsa məlumatlı olmaq hissindən qaynaqlanıb?
-Mən filmin rejissorunu düşünüb, filmə bilet alıb, gedib baxmışam. Ona görə də İlham Qasımovun “Oğlan evi” 1 və 2 filmlərini kinoteatrda izləmişəm. İlham Qasımov artıq uzun illərdir ki, kino sahəsində çalışır.
Nərmin Muradova