28 Mart 2017 15:55
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz Türkiyənin tanınmış aparcısı Nevin Tərzioğludur.

1989-cu ildə Bolqarıstandan köç zamanı Türkiyəyə üz tutan “Köçmən qızı” ləqəbli teleaparıcının yolu tam təsadüf nəticəsində televiziyaya düşür. Oğlu ilə Türkiyəyə sığınan Nevin Tərzioğlu pillə-pillə irəliləyir və türk telekanallardakı verilişlərə ən çox aparıcılıq edən şəxslər sırasında adını yazdıra bilir. Otelçilər kralı ilə ailə quran aparıcı qısa müddətdir televiziyadan uzaq düşüb və əvvəlki işinə geri qayıtmaq niyyətindədir. Onunla Bolqarstandan Türkiyəyə olan köç prosesindən, miqrant problemindən danışdıq, Türkiyənin hazırki durumundan və gələcəyinə dair gözləntilərindən söz açdıq, hədəfləri barədə söhbətləşdik.

Nevin xanım əvvəlcə televiziyaya gəlişindən danışır:

-İşə ehtiyacım olduğunu qonşum bilirdi, bir gün gəlib dedi ki, ali təhsilli olduğun üçün sənə deməyə çəkinirəm, Star TV-də yeməkxanada işçiyə ehtiyac var, işləməyə razı olarsanmı? Mən də qayıtdım ki, oğluma çörək pulu qazanmaq üçün çəkinmədən hər iş görərəm.

Beləliklə, telekanalın yeməkxanasında çalışmağa başladım. Bir gün TV-nin rəhbəri məni görüb işçilərdən soruşub ki, bu xanım kimdir? Deyiblər ki, miqrantdır, həyat yoldaşından ayrılıb, iş axtardığı üçün bizə üz tutub. Səhəri gün mən televiziyada işə başladım, sənəd işləri ilə təlimatlandırıldım. Təsəvvür edirsinizmi, kollec, lisey məzunları rejissorluq edirdi, mənsə universitet bitirdiyim halda kameranın kabellərini daşıyırdım.

Amma ruhdan düşmədim, işləyə-işləyə könüllü şəkildə rejissorluğu öyrəndim. Mərhələ-mərhələ işimdə yüksəldim. Show TV-nin axşam qrupuna transfer oldum. “Günəş” qəzetində 6 il yemək reseptləri bölməsində yazılarla çıxış elədim. “Ləziz” dərgisində də həmçinin 2 il yazılar yazdım.

Özümü daim inkişaf etdirdim. Müxtəlif təkliflər almağa başladım. Kanal Türk-ə keçdim, bir neçə proqramın rəhbərliyi mənə həvalə edildi. Bir sözlə, bir gecədə zəngin oldum.


- Möcüzə baş verdi?

- Yeməyə çörək tapmadığım halda bir gecədə varlı şəxsə çevrildim. Tale gözləmədiyimiz bir vaxtda üzümüzə güldü. 50 min dollar təklif edildi. 15-20 il əvvəl üçün o pul çox yüksək məbləğ hesab olunurdu. Belə bu qədər pul qazandığıma inana bilmirdik.

Çox əzmli və çalışqanam, heç çox iş axtarmadan qapılar üzümə açılırdı. Dayım, əmim yox idi ki, onların soyadı ilə gedib iş tapım. Öz çalışqanlığım və dürüstlüyüm sayəsində uğur əldə etdim.

İki yemək kitabım var: qadınlar üçün “Özəl günlər, özəl süfrələr”, uşaqlar üçünsə “Ana acıdım”. Hər iki kitabım yaxşı satıldı. Kanal Türk rəhbərliyi dəyişəndə isə Rumeli TV-yə keçdim. Bir ildir evdəyəm, keçmiş işimə geri dönməyi hədəfləyirəm. İşimi çox sevərək görürəm, insanlara faydalı olmağı çox xoşlayıram.

Tamaşaçılarımdan bu gün də sevgi məktubları alıram, özüm də onlarla ünsiyyət üçün darıxdığımdan tezliklə işə başlamağı düşünürəm.

-Dediniz ali təhsillisiniz...

-Bəli, universitetin qida bölümünü bitirmişəm. Türkiyəyə köçəndən sonra mənə tamamilə uzaq bir sahədə - televiziyada çalışmağa başladım. Kim deyərdi ki, Bolqarıstandan Türkiyəyə köçəcəksən, çətin günlərdən səni televiza xilas edəcək?Həyat məni bu sahəyə itələdi.

-Heç vaxt televiziya aparıcısı olmağı xəyal belə etməmişdiniz?

-Heç vaxt! Ancaq indi mənə elə doğmalaşıb ki, bu işdən ayrı qala bilmirəm. Əsas pul deyil, insanlar üçün faydalı olmaqdır. Gəlirim yaxşılaşdığı üçün bir neçə tənha və ehtiyaci olan qadına yardım etməyə çalışdım, xeyriyyə cəmiyyəti qurmaq planımızda vardı, hələ də bu arzu üçün çalışırıq.

-Hədəfiniz nələrdir?

-Əvvəlki işimə geri dönmək istəyirəm. Evlilik və ya itkin düşən şəxslərin axtarışı ilə bağlı proqramlara aparıcılıq etməyi düşünürəm. Xəbərlər verilişindən başqa hər cür verilişi tamaşaçıya təqdim edə bilərəm. Azərbaycanı çox sevirəm, uşaqlıqdan sizin şivənizə, mehribanlığınıza heyranam. Burada tez-tez azərbaycanlılarla rastlaşıram, Azərbaycan xalqı çox istiqanlı millətdir, əslində Bakıda da bir veriliş təqdim edə bilərəm.

Niyə də olmasın? Moda, yemək, gözəlliyə dair hər cür veriliş apara bilərəm, bu sahələrdə özümə çox güvənirəm. Cümə günü gəlib, veriliş hazırlayar, bazar ertəsi qayıdaram. İtkin düşən uşaqlarla bağlı verilişin həmişə arzusunda olmuşam.

-Əslində bu cür uşaqların sayı çoxdur...

-Mən itkin düşən uşaqlarla üzgün anaları qovuşdurmağı elə arzulayıram ki. Bəlkə də bunu bacarsam, dünyanın ən xoşbəxti insanı ola bilərəm.

-Bəzən qadınlar ittiham edilir ki, övladına baxa bilməyəksənsə, niyə dünyaya gətirirsən. Sizin yanaşmanız necədir?

-Zaman-zaman mən də içimdə suçlamışam ki, analıq edə bilməyəksənsə, niyə dünyaya övlad gətirmisən. Amma biz kənardan baxıb mühakimə yürüdürük, onların şəraitini bilə bilmərik. Hər kəs mənim kimi bacarıqlı ana olmaya bilər. Mən uğuru dişimlə-dırnağımla qazıyaraq oğluma xoşbəxt həyat nəsib etməyi bacardım.

Xalçanın üstündə yatırdıq, kreditlə almışdım, ödəyə bilmədiyim üçün əlimizdən aldılar. İşdən qayıdanda gördüm, oğlum çemodanın üstündə yatıb. Özüm çətin həyat görmüşəm deyə çətin durumda olan insanları anlayıram. Hər şey kənardan göründüyü qədər asan deyil. Bəlkə də mənim haqqımda da başqa cür düşünənlər olub.

Deyirik, bir halda ki analıq etməyəcəksən, niyə dünyaya övlad gətirmisən? O anaları tanımaq, tanıtmaq, iç dünyasını görmək lazımdır. Ona görə də bu həyatda heç kəsi, xüsusilə qadınları suçlamıram. Düşünürəm ki, heç bir qadın asanlıqla ailəsini dağıtmaz və ya övladından ayrı qalmaz. Mütləq bir səbəb vardır.

-Evlilik proqramları Azərbaycanda da maraqla izlənir, Türkiyədəki verilişlərə müraciət edənlər də var...

-Türk xalqı kimi biz dedi-qodunu sevirik axı, ona görə də belə şeylərlə çox maraqlanırıq. Həyat mənə hər şeyə yaxşı tərəfdən baxmağı öyrədib. Bir də bu cür düşünək, o cür verilişə görə 30 nəfər evinə, uşağına çörək pulu aparır. İnsanların da yeni bir həyat qurmağa da haqqı var.

Bəzən evlilik proqramında bir qadının 5 dəfə evləndiyini eşidəndə qınayırıq, xeyr, bir də belə düşünək, bəlkə o qadının şansı gətirməyib, elə ancaq pis insanlarla qarşılaşıb. Ola bilməzmi? Hansı qadın yuvasını yıxıb gedər?

Masamıza Nevin xanımın həyat yoldaşı yaxınlaşır. Sonuna qədər aparıcının dəstəkçisi olduğunu deyir. Nevin Tərzioğlu “Köçmən qızı” ləqəbindən danışmağa başlayır:

-Rumeli TV miqrantların telekanalıdır axı, gülərüzlü, insanlara təmənnasız yardım və xoş davranışıma görə mənə miqrantlar “Köçmən qızı” adı verdilər. Özüm də Bolqarıstandan köçüb Türkiyəyə gəlmişəm deyə məni dəhşət çox istəyirdilər.

-Rumeli TV-dəki verilişinizin sayı deyəsən, rekord həddədir, məlumata görə, türk telekanallarında ən çox verilişə aparıcılıq edənlər sırasında lider olmusunuz. Xeyli təcrübəyə rəğmən efirdə heç çıxılmaz vəziyyətdə qalmısınız?

-Bir dəfə çəkiliş zamanı geyimim yırtıldı. Ekran təcrübəm olduğu üçün reklamadək arxamı çevirmədən verilişi apardım. Bundan başqa həyat yoldaşım efirdə görünməsin deyə ofisiantla brilliant üzük göndərib evlilik təklifi edib (gülür). Mən çox təəccüblənmişdim.

Həyat yoldaşım kamera qarşısına çıxmağı xoşlamır. Studiyaya üzərində “Aşkım” yazılan şokoladlar da gətirmişdi. O zaman tamaşaçılar soruşdu ki, kim göndərib? Onda söz vermişdim ki, yenidən efirə qayıtsam, həyat yoldaşımı verilişimə dəvət edəcəyəm.

-Özü razı olacaq?

-Bunun bir yolunu tapacağam...

-Yeri gəlmişkən, bir az da köç prosesindən danışaq...

-1989-cu ildə prezident Todor Jivkovun dövründə türklərin kimisi Almaniya, kimisi Kanadaya getdi, bizsə vətənimiz Türkiyəyə köç etdik. Çox çətin günlər yaşadıq, adlar məcburi dəyişdirildi, biz imtina etdiyimiz üçün meşələrə qaçdıq, günlərlə orada qalmalı olduq. Türkiyəyə üz tutduğumuza görə bir gün belə peşiman olmadım, bura da mənim vətənimdir.

Köç prosesini lentə almağı həmişə düşünmüşəm. İnanın ki, yaşadıqlarımız biz şahidlərin danışığı əsnasnda lentə alınsa, Türkiyə göz yaşına boğular. Əlbəttə, bunu peşəkar rejissor çəkərsə, daha uğurlu olar. Təsəvvür edirsinizmi, polislər evlərə basqın edirdi, zorla adlar dəyişdirilirdi, qadınlara təcavüz edirdilər. Məktəbdən evə gəlmişdim, 2 yaşlı bacımı götürdük, nənəm onu belinə aldı, meşəyə qaçdıq. Neçə gün soyuqda qaldıq, daha sonra Türkiyəyə köç etdik.

Köçmən qız kimi Kapıkulə gömrük məntəqəsində necə əziyyət çəkdiyimizi xatırlayanda da içim qan ağlayır. Türkiyədə o qədər miqrant var ki. Albaniya, Bosniya-Hersoqovinadan da çox gələnlər var. Vətənimi çox sevirəm, həmişə də vətənimin arxasındayam, heç vaxt kiməsə hansısa ölkənin vətənmdaşıdır deyə ayrı-seçkilik etmirəm.

-Türkiyənin gələcəyi ilə bağlı gözləntiləriniz nədir?

-Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan çox başarılı şəxsdir. Ümid edirəm ki, ölkəmiz daha da irəliyə doğru gedəcək.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər