30 Mart 2017 23:11
3 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com mühacirət mətnlərində yazıçı, dramaturq Cəfər Cabbarlı ilə bağlı yayımlanmış bir xatirəni təqdim edir:

***

Cəfər Cabbarlıya dair kiçik bir xatirə
Ölümünün 21-ci ildönümü münasibətilə
Yazan: N.Kulugil

1931-ci ilin yayı. Gəncədəyik. Teatr həvəskarı və aşiqi yüzlərlə şagird arasında biz də varıq. O zamanlar Cəfər Cabbarlının şöhrəti yurd sərhədlərini aşıb hər yana yayılmışdı. Əsərləri səhnələrdə müntəzəm olaraq oynanılır, filmləri çəkilirdi. Şeirləri əldən-ələ dolaşır, pyeslərindən əzbərlənən hissələr gənclər tərəfindən sıx-sıx təkrarlanırdı. Məmləkətdə onun adını bilməyən yox idi. Hər kəs onu görüb tanımaq üçün can atırdı.
Həmin vaxtlar Gəncədə həm bəsit, həm də professional bir neçə teatr klubu olsa da, hələ ki dövlət teatrı qurulmamışdı. (Bilindiyi kimi, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Bakıdakı Türk İşçi Teatrının 1932-də Gəncəyə köçürülməsi ilə açılmışdı)

Yay aylarında Bakının Opera, Dram, Türk İşçi, Türk İşçi Gənclər (indiki Gənc Tamaşaçılar Teatrı), Türk İşçi Uşaqlar və Kukla teatrları ilə Tiflisin Türk Dram Teatrının təşkil etdiyi səfərlər sayəsində Gəncə şəhəri böyük oyunları, şöhrətləri Sovet İttifaqı sərhədlərini aşan nəhəng artistləri yaxından seyr edə bilirdi.

Bəhs etdiyimiz yay fəslində Gəncəyə Bakı Dram Teatrı gəlmişdi. Teatr oyunları Sabir parkının qarşısındakı baxçada qurulmuş Yay teatrında oynanılırdı. Repertuarda Şekspir, Mirzə Fətəli Axundzadə kimi klassik yazıçıların dram və komediyaları ilə birlikdə C.Cabbarlının da əsərləri yer alırdı. Cəfərin həmin il oynanan dramları arasında “Almas” və “1905-ci ildə” vardı. Teatrın dramaturqu və eyni zamanda öz əsərlərinin rejissoru kimi Cabbarlı da səfərlərə gəlirdi. Oyunlarda rol alan böyük sənətçilər arasında Abbasmirzə Şərifzadə, Ülvi Rəcəb, Mirzəağa Əliyev, İ.Hidayətzadə, İ.Əfqanlı, İ.Osmanlı, Mustafa Mərdan, R.Daraplı, M.Sənani, Rza Təhmasib ilə Mərziyyə, Əzizə, Sona və Şəfiqə xanımlar və başqaları vardı.

İstər sənətçiləri, istərsə də, rəhmətlik Cəfəri görmək üçün günün hər saatında teatrın önündə və yanındakı baxçada gənclər toplanaraq izdiham təşkil edirdilər. Hər gün günortadan sonra yenə eyni yerdə sınaq oyunları keçirilirdi. Həmin sınaqların birində içəriyə girə bilən 3-5 kənar şəxsdən biri də biz idik. “Almas”ın sınağı idi. Dramaturq, rejissor kimi Cabbarlı diqqətlə səhnəni seyr edirdi. Bir ara növbə Mustafa Mərdana gəldi. O, oturduğu hündür yerdən yavaş-yavaş aşağı enərkən danışmağa başladı. Roluna o qədər aludə idi ki, oynadığı obrazın mükəmməlliyi bəlli olurdu. Sınaqda olmalarını unudaraq, səhnədəki artistlər də daxil olmaqla hər kəs M.Mərdanı alovlu şəkildə alqışlamağa başladı. Cəfərə baxdım, ayağa qalxmışdı, yuvasından fırlarcasına gözləri parıldayırdı, izahedilməz bir sevinc və qürur içində idi. Böyük aktyora təqdir və təşəkkürlərini söylədikdən sonra sınağa davam edilməsi üçün əli ilə işarə etdi.

Ertəsi gün gündüz sənətçilər teatrın baxçasındakı kölgəlikdə oturub söhbət edirdilər. C.Cabbarlı da aralarında idi. Qadın sənətçilər “1905-ci ildə”də oynadığı kiçik rola görə mərhumla zarafatlaşırdılar. O da “sizin kimi böyük artist olmasam da, pis oynamadığım zənnindəyəm” cavabını verirdi. Beləcə, zarafatlaşıb gülüşürdülər. Bizlər sənətçilər qrupunun yanına soxularaq onları seyr edib, dinləyirdik. O əsnada Cəfəri yaxından incələmək fürsətini tapdım. Orta boylu, əsmər bir adam idi, iri və qara gözləri alışıb yanır, ətrafına işıq saçırdı. Həddindən artıq enerjili və dinamik bir insan olması halından bəlli olurdu. Sehrlənmiş şəkildə hamımız heyranlıqla ona baxır, bambaşqa bir insanın, bir dahinin qarşısında olduğumuzu anlayırdıq.

30 dekabr 1934-dən, hələ 35 yaşında ikən millətinin qəlbinə və tarixin bağrına gömüldüyü gündən 21 il keçir. Bu ildönümdə xatirəmizdə canlananlar bunlar oldu. Ona “1905-ci ildə” dramında Sonanın dilindən söylədiyi öz türküsü ilə xitab etmək yerinə düşəcəkdir, sanıram:

Azad bir quşdum,
Yuvamdan uçdum.
Bir bağa düşdüm
Bu gənc yaşımda.

Bir ovçu gördü,
Köksümdən vurdu.
Torpağa düşdüm
Bu gənc yaşımda.

“Mücahit” dərgisi, 1956, yanvar sayı.
Hazırladı: Dilqəm Əhməd


Müəllif:

Oxşar xəbərlər