1 Aprel 2017 17:33
1 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

İri ceyran gözləri sonsuz bir işığa zillənmiş, ya da sevgililərin biri-birinə sarılmasını xatırladan qovuşmuş uzun kiprikləri yumulu gözlərində titrəyir; rəngbərəng işıqların bərq vurduğu xəyal aləminə dalıb...

Külək söyüd salxımlarına bənzər sağdan yana topladığı saçlarını darayır. Üzünə vuran meh onu başqa aləmə çəkir aparır.

İçində adını qoya bilmədiyi bir duyğu doğulur, halbuki nə kədərlənəndə, nə sevinəndə özünü belə hiss edir. Özünəməxsus həyəcanı, sıxıntısı olan bir hisdi - qarnında bir ağrı olur, ürəyinə ağırlıq verən bir xırda sancı tərpənir (uşaqlıqda dərsi bilmədiyi gün müəllimi görəndə buna bənzər hallar olurdu).

Laməkan bir sərsəri kimi yerini- yurdunu tapa bilmir, nə etdiyini, nə edəcəyini anlamır, gah keçmişə qayıdır, gah gələcəyə səyahət edir. Bu hal günboyu baş verir. Gözünü açandan günəşli havada da üşüyəcək bir ruhda olduğuyçün günün bitməyini istəyir, amma gözünü yumanda belə yuxu əvəzi onu gördüyüçün axşam düşəndə daha çox üzülür. Gah özü də bilmədən üzünə bir təbəssüm qonur, bu təbəssüm onu görənləri təəccübləndirir. Gah da sanki dünyanın yükünü çəkirmiş kimibir görkəm alır.

Bəzən çox mehriban olur insanlara, hamını qucaqlamaq, öpmək həvəsi səpilir daxilinə, bəzən əksinə, kimsəni görmək, kimsəni dindirmək istəmir sanki. Bütün bunların bir adı var: Darıxmaq!

İnsanı özü qabından çıxaran bir hiss yaradır, yerə-göyə sığmır sanki. Bütün planet ona bir qəbir kimi dar gəlir. Bəzən də özünü o qədər balaca təsəvvür edir ki, samanlıqda iynə gəzən kimi özünü axtarır. Qəfil ceyran gözlərinin içi gülür, təbəssümünə dünyalar yerləşir.

Xəyalları al-əlvan olur, baharda lalələr açan düzənlərə bənzəyir cöhrəsi. Özündən, düşüncələrindən utanır bəzən, allanır yanaqları. Gözəlliyinə gözəllik qatılır. Daha sıx-sıx güzgüyə baxır. Elə bil güzgüdə gördüyü özündə axtardığını tapacaq. Saçlarını barmaqları ilə darayır, hər telində onu axtarırmış kimi. Sonra saç uclarını barmağına dolayır.

Xəyallarında onu özünə daha da bağlayır. Düşüncələrini bilmək üçün bir hüceyrə olub girmək istəyir beyninə, varlığına isinməkdən ötrü yanına, yaxınına uçmaq istəyir - bir kiçicik quş kimi. Əslində güzgüyə baxanda darıxdırandan çox darıxmağını görmək istəyir.


Qəh-qəhə çəkir eşitmədiyi əhvalatlara, ya da hamının güldüyü anda yalançı təbəssümü belə bacarmır. Hər dəfə adı beyninin altından dilinin ucuna gələndə dişləri ilə bərk sıxır kimsə duymasın deyə. Amma o an içində bir göyərçin mavi səmaya uçur. Gözlərinin içi ən dəyərli ləl kimi parıldayır. Baxışlarını dəyişir, daha gözəl baxır dünyaya. Hətta qarşısında olmadığı halda darıxdırana elə gözəl baxır ki...

Həyatda axtardığını tapmışcasına bəzən iti yeriyir, çox vaxt da dözə bilməyib qaçır üstünə, bir boşluğa qaçdığını bilə-bilə.

Özünü itirmiş olur darıxan insan. Darıxdığı yanında, qarşısında oturanda belə darıxır, toxunanda belə darıxdırır sevgi onu. Birdən də elə olur, kim üçün darıxdığını, niyə darıxdığını tapa bilmir. Dərin düşüncələrə dalır, xəyal qurmağa çalışır, alınmır. Qaranlığa, təkliyə söyləyir ürəyindəkiləri, cavabsız sükut onu məyus edir.

Sevgisiz boşluqda əziləndə anlayır əslində: darıxmaq sevginin başqa adıdır.

Bəlkə də tanımadığı, qarşılaşmadığı, yaşamadığı eşqi, ya da elə gözlərinin içinə baxıb, əlindən yapışdığı darıxdıranına olan sevgisini məhz elə darıxarkən anlayır...

Nübar Lətifli


Müəllif:

Oxşar xəbərlər