3 Aprel 2017 16:57
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür. Bir gün öncə acı xəbər aldığını deyən aktrisa Teleqraf.com-a qısa müsahibəsində doğum gününü qeyd etmədiyini deyib.

-Firəngiz xanım, doğum gününüzü təbrik edirik. Əhvalınız necədir? Gününüz necə keçir?

-Diqqətinizə görə çox sağ olun. Bilirsiniz ki, mənim iki doğum günüm var: biri sənəddə olan tarix, digəri doğulduğum gün. Əsl doğum günüm bu gündür. Amma dünən məni həyata qaytaran, beyin əməliyyatımı həyata keçirən həkimim Hakan Oruckaptan dünyasını dəyişib. Ona görə doğum gününü qeyd etmirəm.

-Bununla bağlı instaqramdakı paylaşımınız vardı...

-Bəli, mənə çox ağır təsir etdi. O, tək məni yox, çox insanları həyata qaytarıb. Dünyada tanınan cərrah idi. İnanın, heç ad günü ab-havasında deyiləm. Bu münasibətlə sosial şəbəkələrdə heç nə paylaşmamışam. Qalsın may ayının 1-nə...

-Firəngiz xanım, Hakan həkimi çoxdan tanıyırdınız?

-Xəstəliyim aşkar olunanda birinci onun yanına getdim, dedi, mütləq əməliyyat olunmalısan. Əməliyyat olunmaq istəmirdim deyə düşünürdüm ki, müalicəsi tapılar. Başqa həkimlərin də qəbulunda oldum. Amma hamısı eyni sözü dedi. Yenidən Hakan bəyin yanına qayıtdım, əməliyyat olundum.

Bütün xəstələrə qarşı eyni xoş münasibət bəsləyərdi. Aktrisa, müğənni, yaxud başqa peşə sahiblərinin ayrı-seçkiliyini etməzdi. Bir də Allahı çox sevib, ona inanırdı. Mən elə insanları çox sevirəm.

Uzun zaman idi ki, xəstə idi. İnsana hərdən elə gəlir, həkimlərə heç nə olmaz. Özü bilmirdi ki, onun xəstə olduğunu bilirəm. İki ildir ki, səksəkə ilə bu xəbəri gözləyirdim. Hər zəng gələndə narahat olurdum.

Tez-tez telefonla əlaqə saxlayırdım. Kimya-terapiya qəbul etdiyinə görə görüşmək, onu elə halda görməyimi istəmirdi.

Çox yaxşı insan idi. Puldan çox onu insanın həyatı maraqlandırırdı. Hətta deyim ki, mənim əməliyyatım zamanı ona düşən pulu da almamışdı. Ona görə bu gün acı günümdür.

Amma bu mənim kədərimdir. Bu səhər universitetə gedib, dərsimi deyib gəlmişəm. Evdəkilərdən də xahiş etdim ki, heç kim mənim şəkillərimi instaqramda paylaşıb, təbrik etməsin. Dostlar, paylaşdılar, çox sağ olsunlar. Doğum günümü təbrik edən hər kəsə təşəkkür edirəm.

NƏRMİN


Müəllif:

Oxşar xəbərlər