“Aktyor Hikmət Rəhimovun Azərbaycan Teatr Xadimləri İttifaqına qarşı irəli sürdüyü ittiham tam əsassızdır”.
Azərbaycan Teatr Xadimləri İttifaqından Teleqraf.com-a verilən məlumatda belə deyilir.
Bildirilir ki, Hikmət Rəhimovun “Truppa müdiri aktyor və aktrisaları yığıb teatr rəhbərinin çalışdığı Teatr Xadimləri İttifaqına 40 manat illik pul köçürməyi tələb edir” cümləsi böhtan xarakterlidir və bu cür fakt, ümumiyyətlə, mövcud deyil.
Qeyd olunur ki, Azərbaycandakı bütün yaradıcı ittifaqlarda üzvlük haqqının ödənişi nəzərdə tutulub. Nizamnaməyə görə, Teatr Xadimləri İttifaqına illik üzvlük haqqı bir aylıq maaşın beş faizi qədərdir. Məsələn, aktyorun maaşı 300 manatdırsa, bu məbləğin 5 faizi illik 15 manat təşkil edir. Bu məbləği 12 aya bölsək, ayda 1 manat 25 qəpiyə bərabər məbləğ alınır. İttifaqa könüllü üzv olan hər bir yaradıcı insan üzvlüyə qəbul olmaq üçün təqdim etdiyi ərizədə nizamnamə ilə tanış olduğuna, onun bütün bəndlərini qəbul etdiyinə, o cümlədən üzvlük haqqını ödəməyə zəmanət verir:
“Ona görə də Hikmət Rəhimovun “40 manat illik pul köçürülmə” ittihamı tamamilə yanlışdır və biz aktyoru bu məsələdə həssas olmağa, ictimaiyyətdə yanlış fikir formalaşdırmamağa, İttifaqın Sədrinə - Azərbaycanın görkəmli sənətkarına qarşı işlətdiyi ifadələrdə korrekt olmağa çağırırıq.
İnanırıq ki, Hikmət Rəhimov gələcəkdə eşidib, dəqiqləşdirmədiyi və heç bir fakta əsaslanmayan bu kimi məsələlərdə diqqətli olacaq”.
Akademik Milli Dram Teatrından uzaqlaşdırılan aktyor Hikmət Rəhimov sosial şəbəkədə Teatr Xadimləri İttifaqına qarşı iddia ilə çıxış edib. O bildirib ki, truppa müdiri aktyor və aktrisaları yığıb teatrın rəhbərinin çalışdığı Teatr Xadimləri İttifaqına 40 manat illik pul köçürməyi tələb edir:
“Sual olunur, Teatr Xadimləri İttifaqının binasındakı icarədə olan restoran və obyektlərdən gələn gəlirlərdən gözün doymadı? Axı, sən özün mənə otaqda deyirdin ki, beşbarmaqla, tapança ilə gəzən oğlan olmuşam. Mən səmimiliyinə inandım. Beşbarmaq və ya tapança ilə gəzən, yuxarı məhlədə böyüyən oğlan aktyorlardan necə pul yığa bilər? Axı aktyor güclə dolanır... Bilirsənmi ki, qaz və işıq pulunu verməyə, yeməyə çörəyi necə tapır?
Ya elə bilirsən ki, hamı 5000 manat maaş alır, restoran işlətməklə, ponçik alış-verişi ilə məşğuldur? Tələbələrin istisna olmaqda qalan hansı aktyora qapı açdın, çörək verdin ki, indi 40 manatdan pul yığırsan?
Səni səs verib seçənlər və arxanca gələnlər sənə sual veriblərmi ki, bu illər ərzində Teatr Xadimləri İttifaqında alverdən başqa nə ilə məşğulsan?”
Teatr Xadimləri İttifaqının rəhbəri Azər Paşa Nemətovdur.
Nərmin