Əməkdar artist Bəhram Bağırzadənin aprelin 1-də “1969” qaleriyasında start götürən “Art in boxes” sərgisi davam edir.
Teleqraf.com-un müxbiri sərgiyə baş çəkib, nümayiş olunan əsərlərlə tanış olub.
Sərgidə 131 əsər nümayiş olunur. Əsərlərin dəyəri 150-600 manat civarındadır. “Coker” və “Son qəbz” əsəri sərginin ən bahalı - 600 manata satılan əsərləridir.
İndiyə qədər 50-dan çox əsər satılıb. Müəyyənləşmiş qiymətlərə əsasən sərgidəki əsərlərin ümumi satışından 33450 manat pul əldə olunması nəzərdə tutulur. Gəlirin müəyyən hissəsi 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına həlak olan şəhid Samir Kaçayevin ailəsinə təqdim olunacaq.
Qeyd edək ki, Samir Kaçayev Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olub. Uşaq yaşlarından rəssamlıq və heykəltəraşlıqla məşğul olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. 2015-ci ildə ADRA-nı müvəfəqqiyətlə bitirən Samir Qaçayev həmin il magistaturaya qəbul olub. Amma təəssüf ki, təhsilini davam etdirə bilməyib…
Əsgər Samir Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Cəmi 22 yaşı vardı və faciəvi ölüm onun həyatını, sevimli vətəni Azərbaycanı dünyaya tanıda biləcək yaradıcılığını yarımçıq qoydu. Sərgi nəzarətçilərinin sözlərinə görə, daha çox satış sərginin açılış günü baş tutub. Həmin gün sərgiyə Milli Məclisin deputatları, incəsənət, elm xadimləri, yaradıcılıq qurumlarının nümayəndələri, tələbələr qatılıblar.
Günboyu sərgiyə həm xarici vətəndaşlar, daha çox ruslar- köhnə bakılılar, dostlar, tanışlar və məktəblilər baş çəkir.
Sərgi aprelin 10-na kimi davam edəcək.
Nərmin
Fotolar Elçin Murad