7 Aprel 2017 00:20
4 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən yazımızda Türkiyənin dövlət televiziyası TRT 1-in arxivini paylaşdığını qeyd etmişdik. Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimi, hüquq professoru Əhməd bəy Ağaoğlunun qızlarının Atatürklə bağlı xatirələrini danışdıqları proqramın görüntüsünü təqdim etmişdik.

Bu dəfə isə Əhməd bəyin oğlu, Adnan Menderes hökumətində nazir vəzifəsində çalışmış, 1960-cı il hərbi çevrilişindən sonra həbs edilmiş Səməd Ağaoğlu haqqında nadir görüntüləri yayımlayacağıq.

Səməd Ağaoğlu 1909-cu ilin 23 aprelində Bakıda doğulub. Atasının Osmanlıya mühacirətə getməsi nəticəsində ilk təhsilini orada Beyazit Feyziyye məktəbində tamamlayır. 1926-cı ildə Ankara Liseyini, 1931-də Ankara Hüquq fakültəsini bitirir. Ardınca doktorluq müdafiəsi üçün Strasburqa yollanır. Sonralar orada yaşadığı günləri “Strasburq xatirələri” adlı kitabında yazır.


Səməd Ağaoğlu hekayəçi kimi böyük şöhrət qazanmasa da, tanınmış yazıçılar, siyasilər arasında keçən ömrü ona zəngin həyat yaşadır, yazmaq üçün olduqca geniş materiallar əldə edir. Bunlardan isə məharətlə yararlana bilir. Atasının yarımçıq qalmış xatirələrini və atasının dostları haqqında “Atamdan xatirələr”, “Atamın dostları”, hökumətində təmsil olunduğu Adnan Menderes haqqında “Dostum Menderes”, “Mərmərədə bir ada”, siyasi həyat barədə “Aşina üzlər”, “Siyasi günlük”, SSRİ-yə səfəri ilə bağlı “Sovet Rusiya imperatorluğu” kimi əsərlər yazır. Həmçinin “Zürriyyət”, “Böyük ailə”, “Qatırın ölümü”, “Müəllim Qafur” kimi hekayələr kitabını, “Həyat bir macəra – uşaqlıq və gənclik xatirələri” adlı memuarını nəşr etdirir.

Əsas kitabları siyasət ətrafında olsa da, ədəbiyyatı heç zaman unutmur. “İlk köşə-ədəbiyyat xatirələri” adlı kitabında yazıçılıq fəaliyyətinə başlamasından, dönəmin məşhur yazıçıları ilə olan dostluğundan, məsafələrindən yazır.

Siyasət ona ədəbiyyata geniş vaxt sərf etməsinə imkan verməsə də, özünün də yazdığı kimi, heç zaman sənətdən ayrılmır, sənət həyəcanı hər zaman davam edir. Həm də siyasətin topluma xidmət edən bir sənət nöqtəsi olduğuna inananlardan idi.

Ona hekayələrinin mövzularına görə, Dostoyevskinin təsirində olduğu deyiləndə belə cavab verir: “Dostoyevski məncə dünyanın ən böyük roman yazarıdır. Roman yazanların hamısı onun təsiri altında olub. Onun özü isə Balzakın təsiri altında idi”.

1980-ci ildə TRT 1-in "Yaşayan ədəbiyyatçılar" proqramının qonağı olan Səməd Ağaoğlu həyatı və ədəbi fəaliyyəti haqqında bu gün Türkiyənin ən tanınmış ədəbiyyat adamlarından biri olan Doğan Hızlana danışır.

TRT 1 arxivində Səməd Ağaoğlunun siyasi bir çıxışı da yayımlanıb.

Teleqraf.com TRT 1 arxivindəki hər iki nadir görüntünü təqdim edir:

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər