Rusiyalı iştirakçının Ukraynaya buraxılmaması səbəbindən böyük qalmaqalla müşayət olunan "Eurovision-2017" Mahnı Müsabiqəsi mayın 9-da start götürəcək.
Ukraynanın paytaxtı Kiyevdə baş tutan müsabiqənin ilk yarımfinalında Azərbaycan təmsilçisi Diana Hacıyeva (Dihaj) ölkəmizi "Skeletons" adlı mahnıyla təmsil edəcək.
Səhnə adı Dihaj olan müğənni Bakı Musiqi Akademiyasını 2010-cu ildə bitirib, sonra Londonda Müasir Musiqi Performansı İnstitutuna daxil olub. Təhsil aldığı müddətdə “Looper & Mancus” adlı qabaqcıl “trans trio” adlı yerli musiqi qrupunda kiçik səhnələrdə çıxış edib. Bu müddətdə o öz qrupunu yaratmaq qərarına gəlib.
2014-cü ildə müğənni “Dihaj” adlı elektronik musiqiçilərdən ibarət qrup yaradıb. Qrupun ilk mahnısı "I break again" adlanır. Diana bu mahnını azərbaycanlı cazmen İsfar Sarabski ilə birgə işləyib. Musiqi tənqidçiləri onların həm alətlərdə ifasını, həm də səs bacarıqlarını yüksək qiymətləndiriblər.
“Dihaj” qrupu saysız musiqi festivallarında, o cümlədən Amsterdamda, Gürcüstanda və Latviyada səhnəyə çıxıb. 2015-ci ildə Dihaj "Gecələr keçir" mahnısıyla Gürcüstanda Qafqazın “Ən yaxşı debut ifaçısı” mükafatını qazanıb.
Azərbaycan "Eurovision"də Dihajın simasında fərqli stili, mahnı seçimi ilə fərqlənən bir ifaçı ilə təmsil olunacaq.
Ölkəmiz 2008-ci ildə ilk dəfə Eurovision səhnəsində bəstəkarı Gövhər Həsənzadə olan “Day after day” mahnısı ilə çıxış edib. O zamandan bəri iştirak etdiyimiz 7 müsabiqədə xarici müəlliflərə məxsus mahnılara üstünlük verilib. Bəstəkarlarımızın da yaralı yeri müsabiqədə azərbaycanlı bəstəkarın əsərinin ifa olunması ilə bağlıdır.
"Skeletons"un özəlliyi ondadır ki, uzun illərdən sonra, nəhayət, "Eurovision" səhnəsində azərbaycanlı bəstəkar İsa Məlikova məxsus mahnı səslənəcək. Bu mahnıda Məlikovla birgə çalışan Sandra Byorman daha öncə Eldar Qasımov və Nigar Camalın qalib olduğu mahnının, Elnurun "Hour of the Wolf", Safuranın “Drip Drop” mahnılarının ərsəyə gəlməsində yaxından iştirak edib.
Görəsən, mütəxəssislər Azərbaycanı müsabiqədəki şanslarını necə qiymətləndirirlər? İfaçı mahnı ilə Avropa səhnəsində fərq yarada biləcəkmi?
“Mahnıda yeni heç nə yoxdur”
Bəstəkar Məryəm Əlibəyli "Skeletons"un indiyə qədər təqdim olunan mahnılardan fərqlənmədiyini deyir: “Bu il müsabiqəyə təqdim etdiyimiz musiqi öz bəstəkarımızındır, amma təəssüf ki, mahnıda yeni heç nə yoxdur. "Skeletons" buna qədərki mahnılara xas tendensiyasının davamıdır. İsa Məlikova insan kimi çox böyük hörmətim var. O düşünür ki, bu tendensiyadan kənara çıxsa, Avropa bizi qəbul etməz. İnanın, bu, düz düşüncə deyil.
Əksinə, biz bu tendensiyanı dayandırıb, öz musiqimizi müasir üslubda təqdim etməliyik. Bu mahnıda isə mən Azərbaycan musiqisinə aid heç nə hiss etmədim. Vacib deyil ki, musiqidə balaban, yaxud digər alətlərin ifası olsun. Kolorit hiss olunmalıdır.
Bizim musiqi ənənələrimiz var: Fikrət Əmirovun musiqisi səslənən kimi hamı başa düşür ki, bu Çaykovski deyil. Yaxud Cahangir Cahangirov, Emin Sabitoğlu - onların musiqilərində milli özünəməsusluq var. Bu mahnıda isə Azərbaycan ruhundan heç nə yoxdur.
İsa Məlikov professional bəstəkardır. Sadəcə yenə deyirəm, mənim gileyim İsanın özünə, musiqisinə yox, onun məhz bu cür düşünməsinədir.
Maraqlı antuaj hazırlansa bəlkə Azərbaycan 15-liyə düşə bilər. Amma çətin... Nə qədər ki, "Eurovision"da belə mahnılar oxuyacağıq, Azərbaycan özünü yeni heç nə ilə təsdiq edə bilməyəcək”.
“Eurovision” maraqsız karnavaldır
Məryəm Əlibəylidən fərqli olaraq bəstəkar Murad Arif Azərbaycanın yaxşı nəticə göstərəcəyinə ümidlidir: “Öncə onu deyim ki, "Eurovision" mahnılarının musiqi dünyasında zərrə qədər də əhəmiyyət daşımadığını, dünya hit-paradlarına düşmədiyini, bir aydan sonra unudulduğunu nəzərə alaraq, bu karnavalı özüm üçün maraqsız hesab edirəm. “Qremmi”, “MTV Avards”-dan soruşsanız bu barədə ürəkdolusu, saatlarla danışaram. Orda həqiqətən musiqilər təqdim olunur və onlar qiymətləndirilir.
"Eurovision" isə karnavaldır: bir az siyasi, bir az da kommersiya məqsədi daşıyan karnaval. Bu il "Eurovision" mənə ümumiyyətlə maraqlı deyil. Dianadan başqa heç bir nömrəni eşitməmişəm. Halbuki əvvəllər bütün ölkələrin çıxışlarını analiz edirdim.
Yəqin məhz həmin gün baxacam, baxdıqca da sosial şəbəkəmdə hər bir nömrəyə münasibət bildirəcəm. Diana Hacıyeva ilə bağlı on il bundan əvvəl “Qaraj” verilişində yalvarırdım ki, Azərbaycandan bu qızı "Eurovision"a göndərmək lazımdır. Nə yaxşı ki, bu arzum həyata keçdi. Diana Hacıyeva istedadlıdır, maraqlıdır.
Dünyada Sia adlı müğənni çox populyardır. Diana Hacıyeva obraz etibarı ilə Siaya yaxındır. Mahnı da avropalının başa düşəcəyi mahnıdır. Onu İsa Məlikov yazıb, mənfi heç nə demək olmaz. Mən ümidvaram ki, yaxşı nəticə olacaq”.
Gövhər Həsənzadə: “Mahnıya qulaq asmamışam. Doğrusu vaxtımın azlığından "Eurovision"la heç maraqlanmıram. Amma uğurlar arzu edirəm”.
Nərmin Muradova