4 May 2017 11:50
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının simulyasiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, “Park İnn” otelində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə artıq yeddinci ildir ki, davam edən “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT Model-Azərbaycan” adlı milli mərhələnin 2017-ci il üzrə təntənəli qapanış və qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, dövlət qurumları rəhbərləri, ali təhsil müəssisələri rəhbərliyi, ictimai xadimlər, həmçinin bu ilki proqramın məzunları olan 100-dən çox gənc iştirak edib.

Öncə “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” proqramının Azərbaycandakı gedişat və nəticələrini əks etdirən videoçarx nümayiş olunub, daha sonra çıxış edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihənin məqsəd və vəzifələri, uğurları, beynəlxalq səviyyədə qazanılan əlaqələri, bu proqramda Azərbaycanın mühüm rolu, 40-a yaxın ölkədə paralel keçirilən bu layihənin ilk təşəbbüsünün Azərbaycandan başlaması haqqında danışıb.

E.Əsgərovun dediyinə görə, ötən 7 il ərzində İƏT ölkələrində layihə çərçivəsində keçirilən təlim və tədbirlərdə 20 minə yaxın tələbə iştirak edib, bunların 900-dən çoxu və ən aktivləri məhz Azərbaycan gəncləri olub.

Mərasimdə Fələstin dövlətinin Azərbaycandakı səfiri Naser Əbdülkərim Rəhim tədbirdəki bütün səfirlər və diplomatik nümayəndələrin adından, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli isə təmsil etdiyi qurum adından çıxış edərək, bu layihənin İƏT arealında gənc liderlərin formalaşmasında və əməkdaşlığın inkişafında oynadığı rolu xüsusi vurğulayıblar.

Qeyd edilib ki, bu layihədə Azərbaycan gənclərinin uğurları və aparıcı rolu, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu il elan olunmuş İslam Həmrəyliyi İlinə bir töhfə sayıla bilər.

Qeyd edək ki, “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” İƏT Gənclər Forumunun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təhsil proqramıdır və icrasına 2011-ci ildə Azərbaycanda start verilib. Hazırda bu təhsil proqramı İslam Əməkdaşlıq Təşkilatına üzv 40-a yaxın ölkədə eyni zamanda həyata keçirilir.

Bu ilki “İƏT Model-Azərbaycan” mərhələsində BDU, ADA, DİA, Dillər, Slavyan və 15-ə yaxın digər universitet və ali məktəblərdən tələbə iştirak edib.

Cavad


Müəllif:

Oxşar xəbərlər