30 May 2017 13:15
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-sı həyatımın ağrılı günüdür. 1989-cu ilin bu günündə toyum günü atam dünyasını dəyişdi...

Bütün günü düz 28 il bundan qabaq baş vermiş o günün ağrısını yenidən yaşadım. Elə bi göydən dərd ələnir, qəm tökürdü. ÇƏTİR tuta bilmədim bu ağı-ağrı yağışına...

Atamın dünyasını dəyişdiyi 28 ilin tamamından 1 gün sonra - mayın 27-də 28 yaşında dünyasını dəyişmiş gənc yazar Mövlud Mövludun ölümündən sonra işıq üzü görən "ÇƏTİRsiz" kitabının təqdimatı oldu.
Yaradıcılıq Fondunun dəstəyi ilə araya-ərsəyə gələn kitabın şərti olaraq imza gününə ürəyimdə dünənin ağrısı ilə qatıldım... Dünən öz toyumda - şad günümdə atamı itirməyimin 28-ci iliydi, bu gün isə 28 yaşında ölən dostumun şad günüydü - kitabına həm sevinir, həm də acıyırdım, ağrıyırdım...

Tədbiri idarə etmək Kəramət Böyükçölə həvalə olundu. Kəramət Mövludun həm yaxın dostu, "Çətirsiz"in həm də tərtibçisidir. Xatirələrini danışdı, gözlərinin qara gilələrindən qap-qara, amma nədənsə qara olduğu qədər də işıqlı görünən işıq seli süzülürdü... Hə, bu onun dolmuş gözlərindəki suya ağac budaqlarının arasından düşən günəş selinin əksi idi, amma çox kədərli görünürdü bu işıq seli...

Yazıçı Səfər Alışarlı danışdı... Səfər qəlbləri alışdıracaq ağrı-acı, dərd dolu qısa çıxışını bitirib, gözlərini ayağının ucuna dikdikdə hər kəs onun göz yaşlarını gizlətmək istədiyini anladı.

Şərif Ağayar boyuna-buxununa əks olan titrəyişlə Mövlud haqda sözünü dedi.

Əlisəmid Kürün bu dəfə kürlüyü yox idi, yazıq idi Əlisəmid, səsi yetim qalmış adamın səsi idi: "Ölümündən bir-iki gün qabaq Ağa Cəfərliyə, Zahid Sarıtorpağa deyib ki, Əlisəmidi görmək istəyirəm. Bir dəfə ona dedim ki, sən heç zaman uşaq olmamısan..."

Zahid Sarıtorpağın çıxışında səsinin və baxışının rənginin saraldığını gördüm, ağrı çəkirdi. Balası boyda olan bir yazıçının - dostunun yoxluğundan keçmiş zamanda bəhs edə bilmirdi.

Kəramət isə insafsızcasına xatirələruni bölüşür, növbə ilə Mövludu tanıyan qələm dostlarına söz verirdi. Gözlərimi Kəramətin gözlərinə dikmişdim, baxışlarımla söz istəyidim. Deyəsən, dost itkisi doğurdan da onun gözlərini tutmuşdu, baxışlarımı oxuya bilmədi, baxışlarını baxışlarımın yanından ötürdü, "Şərq"n baş yazarı, tanınmış jurnalist Akif Aşırlı "aşırdı". Akif Aşırlı səsinin aşırı dərəcədə qəmi ilə ürəyinin sözünü, səsini Mövludun başımızın üstündə dayanan ruhuna tərəf ünvanladı..

Hikmət Orhun xatirələrində Mövludlu anların istisi vardı, həm də ... nə isə, yerinə düşməyəcək söhbət.

Millət Vəkili Fazil Mustafa danışdı...

Bir də Aynur Camalqızı... Aynur xanım gözlərindən boy verən kədəri qara eynəyinin ardında gizlətmək istədi... Alınmadı... Danışdı...

Yox, bu danışmaq deyildi ki... Bu ağı idi, hıçqırtı idi... Necə ki ana balasının, bacı qardaşının məzarı üstündə göz yaşı tökə bilərdi, səsini, nəfəsini boğardı, qəhərlənərdi, Aynur xanım eləcə qəhərləndi, göz yaşları eynəyin alt qatından yanağı boyu süzüldü, “Mövlud” dedikdə, onu andıqda işlətdiyi sözləri, ifadələrii islatdı... O da Mövlud haqda keçmiş zamanda danışmadı.

Gözlərim Kəramətin gözlərinə yalvardı. Kəramət isə söz deməyi hər kəsin öz ixtiyarına buraxdı: kimin deməyə sözü var, buyursun, dedi. Durdum. Kitabxananın xanım rəhbəri ayağa durdu. Daha yerimdə oturmadım, səkiyə çıxdım...

Qurban Yaquboğlu danışdı... "Sənin haqda danışmaq çətindir, yazmağa nə var ki!”

Daha Kəramətin gözlərinə baxmadım, baxışlarımla söz istəmədim...

Qurban düz deyirdi, çətin olacaqdı mənə danışmaq, düşündüm ki, yazaram. Danışsaydım, dolandırıcılardan danışacaqdım – Mövludun ömrünü damla-damla, qətrə-qətrə əlindən alan dolandırıcılardan. Məsələn, elə ömrünün son iki ayını onu aldadan, ev almaq-satmaq adı ilə 17.000 manatını alıb verməyən bir dolandırıcıdan... Bir dəfə həyəcanla mənə zəng etdi ki, Faiq dayı, sən o işin başını burax, bilirəm dostların çoxdur, gedib zor tətbiq edərsiz, səni bu dəfə mən zibilə salaram, onlar hər şeyə əl atarlar...

Mən isə ona doğurdan da kömək edəcəkdim... Heç olmasa, ömrünü bir dolandırıcının əlindən qurtarardım... Razı olmadı, “Ucalın anası tərəfdən qohumluğumuz çatır” dedi...

Bizə xırda görünən belə hallar Mövludun ömrünü yeyib qurtardı...

Axar.az


Müəllif: Faiq Balabəyli

Oxşar xəbərlər