1 İyun 2017 19:28
357

Mayın 31-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Almas İldırımın anadan olmasının 110 illiyi qeyd edilib.

Beynəlxalq Muğam Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışıb. Bildirib ki, Azərbaycan mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi anılan Almas Yıldırım özünəməхsus poetik tərzi ilə hər zaman diqqəti çəkib. Altı il sürgün həyatı yaşayan Almas Yıldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb-yaradıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar şairin bir çox şeirlərinin, o cümlədən vətən həsrəti, yurd sevgisindən bəhs edən "Əsir Azərbaycanım" şeirinin dillər əzbərinə çevrildiyini vurğulayıb. O, şairin ən sevilən şeirlərini səsləndirib.

Tədbirlə əlaqədar Bakıya gəlmiş şairin oğlu Azər Almaszadə tədbirin təşkilatçısı olan Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, atası hər zaman Vətənini azad görmək istəyirdi. Almas Yıldırım daim təqib və haqsız təhdidlər içində yaşayıb-yaratsa da, qəlbindəki istiqlal sevgisi heç zaman azalmayıb. Bu gün Azərbaycan xalqı Almas Yıldırımın arzu etdiyi azad və müstəqil dövlətdə yaşayır.

Tədbirdə Almas Yıldırımın unudulmaz şeirləri Əməkdar artist Şövqi Hüseynovun, Hikmət Rəhimovun, Şəbnəm Hüseynovanın ifasında səsləndirilib.

Gecədə xanəndələr İlkin Əhmədovu və Vəfa Zeynalovanı tarda Rövşən Qurbanov, kamançada isə Ceyhun Muradov müşayiət edib.


Müəllif: Teleqraf.com
Загрузка...