22 İyun 2017 16:09
3 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsl adı Murtuza Məmmədov olan görkəmli vokal ustası Bülbülün bu gün anadan olduğu gündür. Azərbaycan opera müğənnisi, lirik-dramatik tenor, mahir təsnif ifaçısı, Azərbaycan professional vokal sənətinin banisi Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub.

Teleqraf.com Bülbülün 120 illik yubileyi münaqsibəti ilə Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən fikir öyrənib.

Xalq artisti Alim Qasımov yaradıcılığında Bülbülün böyük rol oynadığını söyləyib: “Bülbül bizim xalq musiqimizi o qədər gözəl bilir və o qədər gözəl çatdırırdı ki, onun bütün ifalarını dinləyərkən insan azərbaycanlı olduğu, Bülbüllə bir vətəni paylaşdığı üçün qürur hissi keçirir. Mən hələ də onun ifalarını dinləyib nostalji yaşayıram. Allah bu cür sənətkarlarımıza qəni-qəni rəhmət eləsin, sağ qalanlara can sağlığı versin!”

Xalq artisti Flora Kərimova: “Elə səslər var ki, Allah onları Azərbaycana bəxşiş göndərib. Onlardan bəlkə də birincisi Bülbüldür.

Bülbül Şuşada, muğamın beşiyində doğulub. Çox savadlı sənətkar idi. Xalq mahnılarımızı indikilərdən fərqli olaraq “Üç badam, bir qoz” eləmirdi. Mahnını haqqı ilə ifa edirdi. Mən deyərdim ki, Bülbül Azərbaycan vokal sənətinin baş tacıdır.

Elə səslər var, onlara irad tutmaq cinayətə bərabərdir. Bülbül məhz o cür səslərdəndir”.

Bəstəkar-müğənni Elza Seyidcahan: “Necə ki, Üzeyir Hacıbəyov bizim milli musiqimizin, Bülbül Azərbaycan vokal janrının və muğam musiqisinin banisi sayılır. O, Asəf Zeynallının “Ölkəm” romansını necə ifa edibsə, adını tariximizə qızıl möhürlə həkk eləyib. Bu gün də onun məktəbi öz fəaliyyətini davam etdirir. Onunla fəxr edirik”.

Bəstəkar Faiq Sücəddinov: “Bülbüllə şəxsi ünsiyyət mənə qismət olmasa da, onu çox yaxşı tanıyıram. Bilirəm ki, o, çox böyük bir sənətkardır. Üzeyir Hacıbəyov “Koroğlu”nu məhz onun üçün yazıb.

Bir faktı açıqlayım ki, onun ilk qavalı bu dəqiqə bizim evimizdədir. Mənim babamgilin ailəsi o qavalı Bülbülə bağışlamışdı və o, bir gün İtaliyaya gedərkən, qavalı gətirib bizdə qoyub getdi.

O vaxtdan həmin qaval Bülbülün mirası kimi bizim evdə saxlanılır. Baxmayaraq ki, bu dahi sənətkar az yaşayıb, görün o, bizə nələr qoyub gedib. Bülbül öz sözünü demiş sənətkardır. Allah rəhmət eləsin!”

Dahi sənətkarın məzarı Fəxri Xiyabandadır. Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

Oğlu Polad Bülbüloğlu müğənni, bəstəkar və diplomatdır. Nəvəsi Teymur Bülbül Rusiya Federasiyasının əməkdar artistidir.

Bülbül Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Koroğlunu, "Arşın mal alan"da Əsgəri, Qliyerin "Şahsənəm"ində Qəribi, Əfrasiyab Bədəlbəylinin "Nizami" əsərində Nizamini canlandırıb.

Üzeyir Hacıbəyovun "Sənsiz", "Sevgili canan" romanslarına möhür vurub.


Müəllif: Könül Əlibəyli