Növbəti “Eurovision” mahnı müsabiqəsinin başlamasına az qalıb. Ölkəmiz yarışmada Dilarə Kazımovanın ifa etdiyi “Start a Fire” mahnısı ilə təmsil olunur.
Qeyd edək ki, “Start a Fire” mahnısı Yohan Kronland, Alessandr Quthard və Stefan Orn tərəfindən yazılıb. Stefan Orn “Eurovision-2011”-in qalibi olmuş “Running Scared” mahnısının müəlliflərindəndir.
Hələ ki, mahnıya qulaq asmadığını bildirən bəstəkar Aygün Səmədzadə Teleqraf.com-a açıqlamasında müsabiqə ilə bağlı istəyini dilə gətirib. Belə müsabiqələrə Azərbaycan adına xarici bəstəkarlar tərəfindən musiqi yazılmasının qəti əleyhinə olan bəstəkar xanım buna nə vaxtsa son veriləcəyinə inanır:
“Bu ilki “Eurovision” mahnımıza qulaq asmamışam. Uğurlar arzulayıram. Bir də arzu edirəm ki, o müsabiqədə nə vaxtsa azərbaycanlı bəstəkarın yazdığı musiqi səslənsin. Hansısa xarici bəstəkarın musiqisi ilə Azərbaycanı beynəlxalq yarışmalarda təmsil etmək olmaz. İstəmirəm ki, Azərbaycan musiqisini Avropa bəstəkarları təmsil etsin. Əgər biz hansısa bir müsabiqədə Azərbaycanı təmsil ediriksə, ifaçının təkcə adı, soyadı azərbaycanlı olmalı deyil, həm də o içində ölkəmizin ruhunu, qanını daşıyan musiqi oxumalıdır. Doğrudur, deyirlər ki, musiqinin milliyyəti olmur, amma hər halda ölkələrin təmsil olunduğu müsabiqədə musiqi də birbaşa həmin ölkə ilə bağlı olmalıdır. Bir azərbaycanlı bəstəkarı kimi mən belə düşünürəm və həmişə də bu fikirdə qalacam”.
Nərmin