5 İyul 2017 11:18
1 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyükxanım Əliyeva hazırda 1 saylı Klinki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Ona qan vurulur. Həkimlər qanaxmanı dayandırmağa çalışırlar. Mənfi rezuslu 3-cü qrup qana böyük ehtiyac var. Xalq artistimizə kömək lazımdır. Donorluq etmək istəyənlərdən xahiş edirik ki, xəstəxanaya müraciət etsinlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor və rejissor Qurban Məsimov bildirib.

O, Böyükxanım Əliyevanın vəziyyətinin yavaş-yavaş yaxşılığa doğru getdiyini söyləyib:

“Xalq artistimiz hazırda ciddi şəkildə müalicə alır. Şükür, vəziyyəti stabildir. Lakin həkimlər xeyli qana ehtiyac olduğunu deyiblər. Onlar xalq artistinin hemoqlobinini qaldırmağa çalışırlar. Qorxulu bir şeyin olmadığını söyləsələr də, çox narahatıq”.

Qurban Məsimov Böyükxanım xanımın 2 gün əvvəl vəziyyətinin pisləşdiyini bildirib:

“Onun vəziyyəti 2 gün öncə pisləşdi, onu dərhal xəstəxanaya apardıq. Həkimlər 12 barmaq bağırsaqda yerləşən yaranın qanadığını və qanaxmanın təhlükəli olduğunu bildirdilər. Kapilyarlardan biri partlayıb, güclü qanaxma başlayıb. Buna səbəb mədəsində olan yaradır”.

Azərbaycanın xalq artisti Böyükxanım Əliyevanın müalicəsi hazırda davam edir.

Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.


Müəllif: Könül Əlibəyli