11 İyul 2017 16:01
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astanada keçirilən “EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisində “Azərbaycan pavilyonunda Milli Gün” təşkil olunub.

Heydər Əliyev Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Milli Gün çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.

Əvvəlcə Qazaxıstan və Azərbaycanın himnləri səsləndirilib və dövlət bayraqları qaldırılıb.

Qazaxıstanın Energetika nazirinin müavini Maqzum Mirzaqaliyev çıxışında bildirib ki, Qazaxıstan Azərbaycanla ticarət və iqtisadi sahədə sıx əlaqələrini davam etdirir. Eləcə də nəqliyyat, tranzit və vergi sahələrində imzalanan sazişlər yaxın və qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirir.

“Qazaxıstan Azərbaycan üzərindən keçməklə Qafqaz marşrutu ilə Avropa bazarına çıxış imkanı əldə edir” deyən nazir müavini əlavə edib ki, bu marşrutla Qazaxıstan öz növbəsində Azərbaycanın üzünə Orta Asiya və Çin qapılarını açır.

Maqzum Mirzaqaliyev EXPO-2017 sərgisinin enerji marşrutları üzrə əməkdaşlığa güclü təkan verəcəyinə ümid etdiyini bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxışında vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər dərin tarixi köklərə malikdir və iki xalq arasında əlaqələr hər zaman dostluğa söykənib.

Anar Ələkbərov qeyd edib ki, Azərbaycan müxtəlif ölkələri potensial imkanları ilə bir araya gətirən beynəlxalq sərgidə iştiraka böyük əhəmiyyət verir.

Tədbirdə Azərbaycanın EXPO-2017 sərgisində öz iştirakını təsdiq edən ilk ölkələrdən olması xüsusi vurğulanıb.

Anar Ələkbərov Azərbaycan pavilyonu haqqında danışaraq bildirib ki, “EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisindəki Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilib. Milli pavilyonun konsepsiyası “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanır.

Paytaxt Bakının 2025-ci il Ümümdünya Sərgisinə ev sahibliyinə namizəd olduğunu deyən Anar Ələkbərov Azərbaycanın bu günədək bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırladıb. Azərbaycanın bu sahədəki uğurunun 2025-ci ildəki Ümumdünya Sərgisinə namizədliyinin qiymətləndirilməsi prosesinə də müsbət təsir edəcəyinə ümidvar olduğunu deyib.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər