Yaxında öləcəyinizi bilsəydiniz son dəfə:
- … nə düşünərdiniz?
- Əstəğfürullah! Məncə, bir az qeyri-etik oldu bu söhbət… Düzdü, mən də bir dəfə məşhur şairlərdən biri ilə belə zarafat eləmişdim, amma baha başa gəlmişdi… (Gülüş).
Ölüm çox intim şeydir. Mən dəfələrlə bu halı yaşamışam. İstəmişəm yanımda heç kim olmasın. Bir də qızımın sarsılacağını gözə almışam… Ümumiyyətlə, indi “ölürəm” deyə düşünəndə qızım gəlib durur gözümün qabağında. Məncə, ən çox ona haqsızlıq eləmiş olaram. Ona görə, söz verirəm, ən azı 60 il yaşayacağam. Ondan sonra tanrı nə qərar versə...
Tanrıya yaltaqlanıram buna görə... Bilirsiz də, Tanrı yeganə varlıqdır ki, ona yaltaqlanmaq olar.
- … hansı yeməyi yeyib hansı içkini içərdiniz?
- Soyutma kartof, quru balıq, NZS pivəsi. Bir də məni anlayan bir adam… Sözü bilən yox, hiss edən, sözlə yaşayan, sözlə nəfəs alan bir adam...
- … yaxında ölsəz ən son kiminlə görüşmək istəyərdiniz?
- Baxır yaxın deyəndə nə qədər zaman verirsiz…
- … kimə nə deyərdiniz?
- Ciddi vəsiyyətim yoxdur. “Kef eləyin!” deyərdim hamıya… Onsuz da bildiklərini edəcəklər.
- … kimi öpərdiniz?
- Qardaşım oğlu Kənanı. Mənə bütün doğmaları xatırladır.
- … son statusunuzu kimə həsr edərdiniz?
- Ölümü elə də tez statusa bağlayırsınız ki! (Gülüş). Öləcəyimi bilsəm yəqin əllərim əsərdi, yaza bilməzdim. Nazim Hikmət deyir, ölümdən qorxmaq eyib deyil. Qorxardım. Doğmalardan ayrılmaqdan, müəmmalı səfərdən... Çətindir... Gülməyimə baxmayın...
- Allahı görsəydiniz ona nə deyərdiniz?
- Bu barədə çox düşünmüşəm. Bilirəm ki, görmək mümkün deyil. Tanrı məcazda görünür. Gəlin sizə yaxşı bir beyt deyim bu barədə. Seyid Əzimindir:
Mən ki, bihuş(i) düşüb görcək özümdən getdim,
Siz ki huşyar idiz, ol yari-dilara kim idi?
Peyğəmbərin meracına həsr eləyib. Məşhur söhbətə... O, nur idi, mən onu necə görə bilərdim. Mötərizədəki “i” hərfini ritmi tutmaqda çətinlik çəkən adamlar üçün qeyd elədim. Tanrı da elə o “i” hərfi kimidir. Var, amma görünmür. Bilənlər bilir.
İcazə verin, Vasim Məmmədəliyev demiş, bu xüsusda, bir beyt də deyim. Bu da Seyiddəndir.
Sənsiz, ey arami-can, yoxdur həyatdan bir əsər,
Feil özün, fail özün biz nə günahkar olmuşuq?!
Burda bütün “i” hərflərini yazdım. Tanrı da belədir. Hərf kimi görünə də bilir.
Sarsıdıcıdır! Ömrümdə Allaha belə ərklə müraciət edənlə rastlaşmadım. Bir sirr də açım sizə, qulağınıza sırğadan artıq eləyin: tanrı həm də ona görə yeganə varlıqdır ki, isim və mübtəda deyil. Heç bir cümlədə! Çünki o, hər yerdə sifət və ya təyindir. Siz adını tapsanız, mən özünü tapıb ürəyim istəyəni deyərəm.
-… son olaraq, kimə və nə hədiyyə alardınız?
- Sevdiklərimə “Mənim üçün çox üzülməyin” deyərdim. Qorxduğum işdir bu. Mənə görə üzülən olanda rahatlıq tapmıram. Sevgiyə ehtiyacım var, amma həm də qorxuram ondan.
- … son dəfə nə haqda yazardız?
- Yaza bilməzdim. Yazmaq mənim üçün sakitlik, ruhi müvazinətdir.
- Son 3 kəlməniz nə olardı?
- Ömür boyu sözlə uğraşan adamın son anda üç söz seçməsi maraqlı olardı. Biri olsa, “Müvəffəqiyyət” sözünü seçərdim. Çünki ömrümü yazılardan bu sözü çıxarıb “uğur”la əvəz etməyə sərf etdim. Deyəsən, elə ömrümdə gördüyüm ən müvəf... üzr istəyirəm, uğurlu iş bundan ibarətdir (Gülüş).
- O biri dünyaya kimi aparardınız?
- Necə yəni, kimi aparardım? Başyeyənəm? (Gülüş…)
- …orda kiminlə rastlaşmaq istərdiniz?
- Tolstoyla... O cənnətdə olsa, Folknerlə.