Bu sözləri Nazir Əhmədlinin “Haqq-nahaq seçilər haqq divanında” kitabı ətrafında yaranmış qalmaqala münasibət bildirərkən əməkdar elm xadimi, akademik Nizami Cəfərov Teleqraf.com-a bildirib. O, bütün yazılanların sübut və sənədlərə istinad olunduğunu deyib:
“Orda yazılanlar hamısı rəsmi sənədlərə əsaslanır. Lakin indiyə kimi yayılan xəbərlərdən, məsələn, Aşıq Ələsgərin 1821-ci ildə doğulması ilə bağlı heç bir sənəd yoxdur. Tədqiqatçılar bunu sübut eləsinlər! Amma Nazir Əhmədli sağ olsun, Qafqaz canişinliyindən qalma sənədləri tapıb ortaya çıxarıb. “Erməni mənbələri” dediyiniz sənədlər də keçmiş Çar Rusiyasının dəftərxanasından çıxan sənədlərdir. Bu sənədlər hazırlananda isə orda heç bir erməni iştirak etməyib. Bu, mümkün də deyil. Yəni bunu erməni tərtib eləməyib. Əgər bu sənədlərdə Aşıq Ələsgərin doğum tarixi belə göstərilibsə, niyə biz bu sübuta yox, dədə-baba deyimlərinə inanırıq? Biz həmişə dədə-baba sözünə əməl etmişik, bunu yaxşı başa düşürəm. Onların dediyini də yaddaşımıza ömürlük həkk etmişik. Amma bu səhvdirsə, doğrunu bilməli və düzünü danışmalıyıq. Rəqəm məsələləri deyilənlərlə izah olunmamalıdır. Dəlilə əsaslanmalıdır”.
Akademik həmin sənədlərin bir daha gözdən keçirilməsini məsləhət edib:
“Amma məncə, bu sənədlərin orijinallığı bir daha yoxlanılmalıdır. Bu rəsmi kağızlar bu gün tapılmasa da, sabah tapılacaqdı. Biz şükür eləməliyik ki, bunu Nazir Əhmədli tapdı. Bu sənədlər ona rast gəlməsəydi, başqa bir millətin tədqiqatçısının əlinə keçsəydi, bu bizim üçün çox pis olardı. Düşünün ki, bunu hansısa bir erməni tapıb bundan bizə qarşı istifadə edə bilərdi.
Bir daha deyirəm, bu kitab Aşıq Ələsgərə, Aşıq Alıya, onların şəxsiyyətinə heç bir xələl gətirmir. İnsanın neçə il, nə vaxt yaşamasından önəmli olan məsələ onun şəxsiyyəti və yaradıcılığı, onun tarixdə oynadığı roldur. Həqiqət olduğu kimi deyilməlidir”.
Nizami Cəfərov hələ bu kitabda qeyd olunmayan əlavə şübhəli məqamların da ortaya çıxma ehtimalından danışıb:
“Bu, son nöqtə deyil. Ola bilsin hələ əlavə məqamlar olsun, ortaya şübhə yarada biləcək yeni məlumatlar çıxsın. Artıq bu işlə tədqiqatçılar məşğul olmalıdır.
Etiraz edən tədqiatçılara deyirəm ki, bir yerə yığılıb etiraz etməklə olmur. Sənəd-sübut göstərmək lazımdır. Lap 200 yox, sabah min nəfər etiraz eləsin. Yığışıb mitinq eləsinlər, lap ərizə yazsınlar ki, bu belə deyil, elədir. Bu cür etirazlar qəbul olunmur. Havadan danışılana yox, sübutlara inanmaq lazımdır”.
Nizami Cəfərov kitabın elmi redaktoru kimi isə rəyində bu sözləri qeyd edib:
“Görkəmli tədqiqatçı-publisist Nazir Əhmədlinin “Haqq-nahaq seçilər haqq divanında” kitabı, hər şeydən əvvəl ona görə dəyərlidir ki, müəllif yeni tapdığı mötəbər mənbələrə, tarixi sənədlərə əsaslanaraq indiyə qədər çox hallarda dəlilsiz-sübutsuz istinad edilmiş, fərqinə varılmadan kitabdan-kitaba köçürülmüş və zehnimizdə əsassız olaraq qəlibləşmiş bir sıra “qələti-məşhur”ları müzakirə obyektinə çevirir. Və nəticə etibarilə tarixi həqiqətlərin bir-birilə sıx bağlı olan bütöv bir təkzibolunmaz mənzərəsini, sistemini təqdim edir.
Kitabın ikinci, birincisindən az olmayan dəyəri müəllifin ədəbi, tarixi faktlara dərindən bələdliyi, ciddi araşdırma texnologiyası, aydın peşəkar məntiqi, ümumiləşdirmə qabiliyyətidir.
Və nəhayət, üçüncü bir dəyər də unudulmamalıdır ki, bu da həqiqəti ortaya çıxarmaq, haqq-nahaqqı bir-birindən ayırmaq, nüfuzlu tədqiqatçılarla belə polemikaya girməkdən çəkinməmək, milli-mənəvi irsimizə (onun həqiqətlərinə) təəssübkeş bir övlad ehtiramı ilə yanaşmaq enerjisi, istedadı və ehtirasıdır…”
Kitabın rəyçilərindən biri olan Folklor İnstitutunun əməkdaşı Əli Şamilin yazdıqları və ümumilikdə kitabda yazılanlar barədə Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov da Teleqraf.com-a açıqlama verib:
”Müəllif deyir ki, mən dəlil və sənədlərə əsaslanaraq, bu kitabı yazmışam. Məqsədim də kiməsə böhtan atmaq, kiminsə həyatı ilə bağlı faktları saxtalaşdırmaq deyil. Özü də deyir ki, Aşıq Ələsgərin ailəsi ilə yaxın olub. Məncə, əgər tədqiqatçıların bu deyilənlərə qarşı şübhəsi varsa, gedib o arxivlərə baxsınlar. Əgər müəllif həqiqətən dediyi kimi, Leninqrad arxivlərinə istinad edirsə, burda heç bir qəbahət yoxdur. Məncə, bu məsələni öz aramızda qarşıdurmaya gətirib çıxarmaq lazım deyil. Əgər bu həqiqətdirsə, müəllifə “çox sağ ol” düşür. Əgər təhrif edibsə, özündən uydurubsa, burda böyük qəbahət var, bunu araşdırmaçılar dəqiqləşdirməlidir.
Biz hər hansı sənətkarın bioqrafiyasının dəqiqləşdirilməsində maraqlı olmalıyıq. Sadəcə biz dərsliklərdə, kitablarda oxuduğumuz faktlara vərdiş etmişik. Buna görə də bu cür reaksiya veririk. Bir daha deyirəm, şübhəsi olan ziyalılar bu qədər qalmaqal salmaqdansa, gedib arxiv sənədlərə baxsınlar və bu problemi dəqiqləşdirib həlli yolunu tapsınlar”.
Tanınmış telejurnalist, publisist Füzuli Sabiroğlu da məsələyə biganə qalmayıb:
“Nazir Əhmədli məlum kitabında istinad etdiyi mənbələrin Ermənistan Milli Arxivində saxlandığını göstərir. Bu sənədlərin necə əldə edilməsi ilə bağlı suallara isə cavab vermək istəmir. Ancaq son günlər o özü və onu müdafiə etməyə cəhd edənlər bu sənədlərin Tiflis, Sankt-Peterburq, hətta Azərbaycan Dövlət Tarix Arxivində olduğunu iddia edirlər və fikirləri bu vacib məsələdən yayındırmağa çalışırlar. Əgər bu sənədlər doğrudan da yuxarıda adı çəkilən arxivlərdə varsa, müəllif niyə mənbə kimi Ermənistan Milli Arxivini göstərir? Yaxud başqa iddiaya görə, guya kitabda yanlış gedibsə, niyə sənədlər məhz Ermənistan Milli Arxivindəki nömrələnmə ilə göstərilib? Bu yaxınlarda ermənilərin özlərinin “Aleksandropol uyezdi” haqqında dərc etdiyi məqalədə də mənbə kimi məhz Ermənistan Milli Arxivi və Nazir Əhmədlinin göstərdiyi fond və siyahı göstərilib.
Nazir Əhmədli öz "kitab"ında Aşıq Alının yaşı, nəsli, milliyəti və hətta adı ilə bağlı "tryuk"larının birində ustadın şəcərəsi söhbətinin üstünə gəlir. Belə məlum olur ki: "Şəcərədə Alının oğlanları Abdulla ilə Məhəmmədin yeri də səhv salınıb, böyük qardaş 1858-ci ildə doğulan Abdulladır. Məhəmməd 1866-cı ildə, Hüseyn isə 1870-ci ildə doğulmuşlar.
Şəcərənin qüsurlarını əlbəttə, tədqiqatçı jurnalist Qabil Zimistanoğluna aid etmək olmaz. Onun tərtib etdiyi kitabı Aşıq Alının hələlik ən mükəmməl nəşri saya bilərik". Çox gözəl... Ancaq burada bir əmma var. Bu şəkil "Sovet Ermənistanı" qəzetinin 1981-ci il 31 oktyabr nömrəsindən götürülüb. Orada da qeyd olunur ki, Aşıq Alının nəvəsi - oğlu Məhəmmədin böyük qızı Cahan nənənin yaşı yüzü keçib. Və yaşı yüzü keçibsə, deməli o, ən azı 1881-ci ildə anadan olub. Məhəmməd 13-14 yaşında evlənibmiş? Ümumiyyətlə, kitab belə riyazi "tryuk"larla doludur”.
Əməkdar artist, aktyor Rasim Cəfər də Nazir Əhmədlinin kitabı ilə bağlı sərtmövqe sərgiləyib:
“Bu, niyə gedib kimyəvi reaksiyaların sürətini hesablamır? Niyə gedib kimyəvi tənliklərini həll eləmir ki? Mən indi durum sabah Mendeleyev cədvəlindən kitab yazım? Ayıb olmaz? Adamda abır-həya yaxşı şeydi axı... Qabilin "Səhv düşəndə yerimiz" şeiri var... Nə isə... Amma bu barədə alimlərimiz ölçü götürməlidir. Mövzu araşdırılmalıdır. Kimyaçı erməni arxivlərinə necə yol tapıb?..”
Xatırladaq ki, Nazir Əhmədlinin bu günlərdə çapdan çıxmış "Haqq nahaq seçilər haqq divanında" adlı kitabı Qərbi Azərbaycan türklərinin, bir çox azərbaycanlı alim və tədqiqatçıların böyük narazılığına səbəb olub və Qərbi Azərbaycandan olan 200 ziyalı bu məsələ ilə bağlı prezidentə müraciət edib.