Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti, kinorejissor Eldar Quliyev deyib.
Rejissor filmin Həsən Seyidbəylidən alınaraq, ona həvalə edilməsini Həsən Seyidbəylinin xəstəliyi və xəstəxanada yatması ilə əlaqələndirib:
“Xəstə olduğu üçün Həsən Seyidbəyli “Babək” filmini çəkməkdən imtina etdi. Rejissor kimi mənə müraciət olundu. Amma mən etiraz etdim, dedim ki, indiyə qədər tarixi film çəkməmişəm, bunu da çəkə bilmərəm. Təklif bir neçə dəfə təkrarlandı, yenə etirazımı bildirdim.
“Azərbaycanfilm” kinostudiyasının o vaxtkı direktoru Cəmil Əlibəyov bir gün mənə dedi ki, vəziyyət pisdir, mən Mərkəzi Komitəyə qərarımı bildirməliyəm, film çəkilməlidir, sən də razılıq vermirsən. Bundan sonra mən filmi çəkməyə razılıq vermək məcburiyyətində qaldım.
Həsən Seyidbəylininin topladığı aktyor heyəti, ümumilikdə bütün yaradıcı qrup yerində qaldı. Filmin bəstəkarı, atam Tofiq Quliyevdən başqa... Bir gün evdə oturmuşdum, atam zəng elədi və dedi ki, Eldar, incimə, mən filmdən imtina edirəm. Səbəbini də belə izah etdi ki, Həsən Seyidbəyli ilə uzun illərin dostuyuq, onu tapdalaya və bu filmdə iştirak edə bilmərəm. Mən insan kimi onu anladım və bəstəkar Polad Bülbüloğluyla işləməli oldum”.
Kinorejissor, ssenarist Əbdül Mahmudovun məsələyə münasibəti belə olub: “Başımın üstündə Allah var, bu işdə Eldar Quliyevin heç bir günahı yoxdur. Həsən Seyidbəyli əslində filmi özü çəkmək istəyirdi, amma şərtlərlə razılaşmadı, ssenarini atıb getdi.
Amma artıq filmin ssenarisi hazır idi, yaradıcı heyət seçilmişdi, hətta ssenari istehsalata da göndərilmişdi. Qalırdı çəkilişlər.
Seyidbəylininin filmdən imtina etməsininin bir səbəbi də maliyyə ilə bağlıydı. Tarixi film üçün kifayət qədər maliyyə ayrılmalı idi, amma bu pulların bir hissəsi kimlərinsə cibinə getmişdi. Başlıca səbəb isə ssenariylə əlaqədar idi.
Bilirsiniz ki, tarixən Babəklə bağlı ziddiyyətli məqamlar söylənilir. Seyidbəyli təklif elədi ki, “Babək” filmininin ssenarisində dəyişikliklər olunsun. Çünki tarixi film böyük məsuliyyət tələb edirdi. Lakin o vaxt Mərkəzi Komitədə kino işlərinə nəzarət edən şöbə müdiri Azad Şərifov buna imkan vermədi. Dedilər ki, olan ssenari budur, çəkirsən çək, çəkmirsən kənara çəkil.
Əslində bu da bir bəhanəydi, onlar bilirdilər ki, Seyidbəyli ləyaqətli insandır, dediyini edəcək. Belə olan halda, Seyidbəyli şərtlərinin qəbul edilmədiyini görüb, təkrar deyirəm ki, ssenarini tullayıb getdi”.
Aktyor Məmməd Verdiyevin sözlərinə görə, “Babək” çəkiləndə ssenari müəllifi, mərhum Ənvər Məmmədxanlı bəzi məqamlarla razı deyilmiş: “Ancaq rejissor Eldar Quliyev onun dediklərini qəbul etmədi. O da inciyib çəkiliş meydançasından getdi. Ənvər Məmmədxanlı istəmirdi ki, Babək arvad sözüylə başçı olsun. Filmdə belə bir məqam var, Cavidanın həyat yoldaşı deyir ki, Babəki Babək eləyən mənəm! Ənvər Məmmədxanlı buna razı deyildi. Acıq elədi, getdi. Çox qürurlu adam idi”.
Həsən Seydibəylinin qızı, AMEA Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli məsələ ilə bağlı sualımıza cavab vermək istəmədi. O, filmin atasından alınması səbəbləri ilə bağlı danışmaq istəməsə də, məlumatın doğruluğunu təsdiq edib.
Xatırladaq ki, iyulun 29-da Azərbaycanın xalq artisti Rasim Balayev Teleqraf.com-un əməkdaşı Nərmin Muradova ilə söhbəti zamanı “Babək” filmini Həsən Seyidbəylinin çəkməli olduğunu bildirib:
“İndi deyirlər ki, guya Həsən xəstələndiyi üçün çəkmədi, elə deyil. Filmi ondan alıb, Eldar Quliyevə verdilər. Bu hadisə Həsən müəllimə yaman pis təsir etdi. Elə ona görə onun ürəyi partlayıb öldü. O, “Babək”ə də məni çəkmək istəyirdi. Amma qoymadılar. Dedilər, olmaz, başqa adamı çək. O da deyirdi ki, mən Rasimi çəkmək istəyirəm. Sonra filmi ondan alıb, Eldar Quliyevə verəndə Babək rolu üçün çox adam sınaqdan keçirildi, Eldar Quliyev axırda mənim üstümdə dayandı”.
Qeyd edək ki, “Babək” filminin çəkilişi ilə bağlı belə bir məlumat yer alır: “1979-cu ildə Bədii Şura filmi Həsən Seydibəylinin çəkəcəyini təsdiqləyir. Həsən Seyidbəyli aktyorlar arasında bölgülərə başladığı vaxt qəfildən naməlum səbəblərlə bağlı Həsən Seyidbəyli sənət həyatında ilk dəfə qadağa ilə üzləşir.
"Babək" filminin çəkiliş hüququ ondan alınaraq, kinorejissor Eldar Quliyevə tapşırılır. Səbəb kimi çəkiliş ərəfəsində Həsən Seyidbəylinin səhhəti ilə bağlı xəstəxana şəratində müalicə alması göstərilir. Guya müalicə müddəti uzandıqca sağalacağına gümanı azalan Seyidbəyli gözlənilmədən fikrini dəyişir və filmin quruluşçu rejissoru işindən könüllü olaraq imtina edir. Az sonra 1980-ci ilin yayında isə o, dünyasını dəyişir”.