Teleqraf.com xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, nazirliyin məsul şəxləri ilə yanaşı Azərbaycanın kino xadimləri də iştirak edib.
Əvvəlcə il boyu Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirlər, təqdimatlar, beynəlxalq festivallar və yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kino xadimlərinin bayramını təbrik edib. Azərbaycan kinosunun son illər inkişaf etdiyini vurğulayan nazir bildirib ki, milli kinomuz tənəzzüldən çıxır və beynəlxalq festivallarda uğurlar qazanır.
Əbülfəs Qarayev çıxışının sonunda Prezident İlham Əliyevin bu il iyulun 31-də "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında" Sərəncamına əsasən təltif edilən kino xadimlərinə mükafatları təqdim edib.
Həmçinin bir qrup kino xadiminə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı və fəxri fərmanları verilib.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə və veteran sənətkarlara mükafatların verildiyini bildirib.
Daha sonra Şəfiqə Məmmədova Kinematoqraflar İttifaqının təsis etdiyi mükafatları sahiblərinə təqdim edib.
Azərbaycan kinosuna verdiyi töhfələrə görə xalq artisti, kinorejissor Vaqif Mustafayevə ittifaq tərəfindən təsis edilən "Milli Kino Mükafatı" təqdim olunub. Sonra kinoşünas, rejissor Ayaz Salayevin təbliğat xarakterli "Qarabağın həsrət salnaməsi" kino layihəsinin növbəti buraxılışlarının təqdimatı olub.
Təntənəli mərasimin sonunda yeni ekran əsəri "Nar bağı" filminin premyerası baş tutub.