Onu deyim ki, tədbirə işdən sonra getdiyim (19:00) üçün ayaq üstdə qaldım. Zalda iynə atsan yerə düşməzdi. Hətta pilləkənlərdə belə ayaq basmağa yer yox idi. Bəlkə bu, bayram günü məcburi dəvətnamələrin paylanması ilə bağlı idi, bəlkə nümayişin pulsuz olması, bəlkə də “ən yaxşı kişi rolu”na seçilmiş aktyoru görmək istəyənlərin çoxluğu ilə... Bilmirəm... Əsas odur ki, zal dolu idi. Əvvəl özümü xeyli qınadım. Yanımda ayaq üstdə durmaqdan yorularaq divara söykənib filmə baxan rejissor Samir Kərəmoğlu və həyat yoldaşını görənə qədər...
Biblioqrafik təsvir
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı sayılan film bu il Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.
Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, R.J.Minnebu, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Əsas rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev canlandırırlar.
Filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində təşkil olunub. Azərbaycanda isə kino gününə hədiyyə kimi.
Qısa məzmun
Film Anton Çexovun “Albalı bağı” əsərindən təsirlənərək, yazılmış və bir qədər azərbaycansayağılaşdırılmış mövzudan bəhs edir.
Hadisələr nar şirəsinin əsas mərkəzi kimi tanınan Göyçayın Bığır kəndində cərəyan edir. Kənddə böyük bir nar bağı olan və bu bağın gəliri ilə dolanan yaşlı bir kişi cavan gəlini və oğul nəvəsi ilə birgə yaşayır. Onun həyat yoldaşı dünyasını dəyişib, oğlu isə ailəsini atıb Rusiyaya gedən çoxsaylı kişilərimizdən biridir. Lakin 12 il sonra “kişinin oğlu” “ailəmi özümlə aparmağa gəlmişəm” adıyla kənddə peyda olur. Arvadının başını bişirib onu özüylə Rusiyaya getməyə razı salır. Atasını da nar bağını satmağa vadar edir. Sonda isə bağın pulunu götürüb aradan çıxır.
Kompleks analiz və müşahidələr
Film evin gəlini Saranın (İlahə Həsənova) oğlu Cəlalın (Həsən Ağayev) paltarlarını asa-asa narla bağlı yuxusunu danışması ilə başlayır. O, yuxuda nar budaqlarının evin pəncərəsinə dəydiyini və narın suyunun qan kimi aləmə sıçradığını deyir. Bu səhnə filmin əsas semiotik mənasını kəsb edib faciəyə işarə edir. Bu mənada həmin səhnə bədii təsvir həllini tapmış olur. Çox keçmir ki, gecə vaxtı Şamil kişinin (Qurban İsmayılov) oğlu Qabil (Səmimi Fərhad) evin həyətində peyda olur. 12 il sonra heç nə olmamış kimi “əli ətəyindən uzun” evinə gələn bu kişi həqiqətən də Xoşqədəm Hidayətqızının illərlə axtarışa verdiyi azərbaycanlı kişilərdən birini xatırladır. Deməyim odur ki, aktyor yaxşı seçilib ki, bir tamaşaçı kimi bu təəssüratı ala bilmişəm.
Həmin səhnədə qırğın-qiyamət gözləyirsən. Partlaya-partlaya Qurban İsmayılova baxırsan ki, ay kişi, bəs niyə bu çaydanı götürüb keçirmirsən oğlunun başına? Sonra başa düşürsən ki, elə olsaydı, həmin səhnə alınmazdı. Ləyaqətli atanın vicdansız oğluna qaynar çay süzməsi isə tamaşaçıya od qoyur. Lakin valideyn qayğısının və atalıq hisslərinin böyüklüyünü ustalıqla çatdırır.
Səhər açılınca Şamil kişi oğlunu nəvəsinə təqdim edir: “Atandır, tanış ol!”
Filmin bu hissəsi zalda səs-küyə səbəb oldu. Tamaşaçılar xeyli güldülər, əl çalmağa başlayan və zorla hamını ona qoşulmağa dəvət edənlər də oldu. Amma çox şükür ki, mənim kimi filmin bu məqamının əslində gülməli yox, ağlamalı olduğunu anlayanlar da oldu. Biz özümüzə gülməyi niyə bu qədər xoşlayırıq, görəsən?!
Gecə yarı evə gələn Qabil bir az soyuqlayır və tez-tez öskürür. Həyat yoldaşı Sara da azərbaycanlıların ənənəvi müalicə üsulu ilə onu sağaltmağa çalışır. Ərinin belinə banka qoyur. Uzun illər ər üzünə həsrət qalan qadın bu səhnədə əlini ərinin belinə elə vurur ki, sanki 12 illik kişi həsrətini ifadə etməyə çalışır. Bu epizod qarşıda bizi “18+” səhnələrin gözlədiyindən xəbər verir. Amma daha adamın ağlına gəlmir ki, səni “18+” yox, “25+” gözləyir. Beləliklə, illərlə bir-birini görməyən ər və arvadın qovuşması səhnəsi yenə zalı coşdurur.
Filmin bu səhnəsinə baxanda məni gülmək tutdu. Adətən evdə böyüklərin yanında belə səhnəyə baxanda ya “palit” eləmədən kanalı çevirirsən, ya da məktəbi bitirməyindən 10-15 il keçməsinə baxmayaraq, yanındakı ağsaqqal qayıdır ki, ay bala, dur get, dərslərini oxu!
Bu dəfə yanımda ağsaqqal yox idi. Bir sağıma baxdım, gördüm ki, dindar rejissorumuz Samir Kərəmoğlu yoxa çıxıb, bir də soluma baxdım ki, aha, boş yer! Filmi “tərbiyəsiz” sayıb gedənlərdən birinin yerində oturdum.
Filmi yarıda tərk edənlərin siyahısı uzanırdı. Qucağında uşaqla çölə çıxanları gördükcə, başa düşdüm ki, sən demə, zalın yarısını uşaqlar tutubmuş. Bu qədər müşahidələrə, zaldakı insanları bir-bir izləməyimə baxmayaraq, birdən monitora baxdım və yadıma düşdü ki, əslində, film davam edir. Amma bu ehtiraslı sevgi səhnəsi hələ də bitmək bilməyib. Zalım uşaqları, hər şeyi “başlayandan qurtarana qədər” göstərmək məcburiyyətində idinizmi?
Bu fraqment nəhayət ki, sona çatdı və zaldakı gənclərdən biri səhnəni alqışlamağa başladı. Bu alqış zalda güclü gülüşə səbəb oldu. Beləcə, faicəvi səhnəyə güldüyümüz kimi, Hollivud filmlərində gözümüzü qırpmadan izlədiyimiz erotik səhnəyə də gülmüş olduq. Bu filmə də beləcə “gülə-gülə” dedik.
Evin kişisinin gəlişi ilə sevincək olan qadının bir neçə günə ərinə təslim olması əslində qadınların nə qədər saf, bir az da “quşbeyin” olmasına bir işarə idi sanki...
Ay Sara, 12 il görmədiyin kişidən bir soruşmadınmı, ay kişi bəs neçə ildir hardasan? Nə işlə məşğulsan? Niyə gəlib-getmirdin? İndi nə oldu ki, bizi yanına aparmağa qərar verdin? Bu 12 ildə özünə orda bir Nataşa tapa bilmədinmi?
Beynimdə bu sualların cavabını axtararkən, Nataşadan Qabilə zəng gəlir və o, telefonda anonim Nataşasına “Skoro budu... Obişayu” (Tezliklə orda olacağam. Söz verirəm.) deyir. Bu vaxt zalda 1-2 yaşlı qadın “nç, nç” nırçıldamağa başladı. Deyəsən, axır ki, başa düşmüşdük.
Epizodlardan birində sevimli ərinə qovuşan qadın bayram əhval-ruhiyyəsində nahar süfrəsi açır. Onun məhz dolma bişirməyi xoşuma gəldi. Axı dolma bayramlarda süfrəmizdən əskik olmur. Nə qədər ermənilər bizim milli yeməkləri filmlərində göstərəcəklər?! Bunu bir dəfə də bizim etməyimiz təqdirəlayiq idi.
“Nar bağı” ciddi film idi. Sadəcə, tamaşaçılar sanki onu məcburən komediyaya çevirmək istəyirdilər. Epiozodlardan birində Şamil kişi deyir ki, filankəs, vaxt vardı, 2 eşşəyin arpasını bölə bilmirdi, indi arpanı da bölür, hələ başqa şeyləri də. Bu cümlə, bu fikir gülmək üçün deyilməmişdi. Amma biz yenə də güldük. Bəlkə də mənim yumor hissim ölüb. Bilmirəm. Bircə onu bilirəm ki, bu film əri Rusiyaya gedib biznes quran standart azərbaycanlı ailələrin həyatını göstərirdi. Məhz Rusiya faktoru filmin canı idi.
Filmdə məni cəlb edən məsələlərdən biri də demək olar ki, kadrarxası musiqidən istifadə olunmaması idi. Hər şey təbii idi, olduğu kimi...
Amma burda ən əsas təbii olan Qurban İsmayılovın yaratdığı obraz idi. Şərəfli babalarımızın prototipi! Mənə elə gəldi ki, çəkiliş bitəndən sonra da Qurban müəllim orda qalıb nar ağacları əkib, nar bağı salıb. Bu qədər təbii yəni...