Qəbələnin Vəndam qəsəbəsində özü üçün kiçik emalatxana açaraq, orda ağac üzərində oyma üsulu ilə möcüzələr yaradan usta Şahin Rəhimovun yol qırağına düzülmüş əsərlərini görənlər burda ayaq saxlamalı olurlar. Emalatxananın qarşısında düzülən müxtəlif maraqlı suvenirləri, lazımlı məişət əşyalarını, milli atributlarımızı, dini dəyərlərimizi, ümumiyyətlə, bir insan fantaziyasının məhsulu ola biləcək ecazkar əl işlərini görəndə biz də burda dayanmalı olduq.
1995-ci ildən bəri bu işlə məşğul olan Şahin Rəhimov Teleqraf.com-la söhbət edərkən, bu işə 25 yaşında başladığını dedi. Hazırda 49 yaşı olan Şahin bəy gələn il bu sənətlə məşğul olmasının 25 illik yubileyini qeyd edəcək.
Söhbət əsnasında bu sahə üzrə xüsusi müəlliminin olmadığını bildirən müsahibimiz "gör-götür dünyasıdır" deyib, bu sənətin incəliklərini atasından öyrəndiyini açıqladı:
"Müəllimim atam olub. Amma o mənə xüsusi dərslər keçməyib. Mən sadəcə onun əlinə baxa-baxa bu sənətin xırdalıqlarını öyrənmişəm. Həm də ki, daxili hissiyat və fantaziya olmasa, bu işlə məşğul olmaq mümkün deyil. Əminliklə deyə bilərəm ki, mənim daxili hissiyatım çox güclüdür. Bu işdə ən əsas məsələ isə yaxşı zövqün olmasıdır.
Mən bu işlə gəlirə görə yox, sadəcə, mənəvi rahatlıq tapdığıma görə məşğulam. Sevdiyim işi görürəm. Əsas olan da elə budur".
Usta Şahin ağac üzərində oyma sənətinin özündə bir neçə sənət növlərini birləşdirdiyini deyir:
"Bu sənət ağac üzərində oyma üsulu ilə işlənilən tətbiqi-sənət növüdür. Mən, əslində, bu işə kağız üzərində rəssamlıq edərək, başladım. Daha sonra oyma işinə üstünlük verdim. Ağac üzərində oyma üsulu, əslində, özündə bir neçə peşəni birləşdirir. Rəssamlıq, heykəltəraşlıq, tətbiqi sənət burda bir vəhdət təşkil edir".
Şahin bəy deyir ki, şabalıd ağacı o qədər keyfiyyətlidir ki, bu ağacın materialından hazırladığı məhsul hətta əsrlərlə qala bilər:
"Bu əsərləri əmələ gətirmək üçün biz ilk növbədə çaylaqlardan, meşələrdən lazım olan materialları toplayırıq. Keyfiyyətli ağac növlərindən hazırlanan məhsullar qalıcı olduğu üçün biz şabalıd və qoz ağaclarına üstünlük veririk.
Bu suvenirlər sırf əl əməyi nəticəsində meydana gəlir. Yəni burda 1 faizlik də olsa texnikadan istifadə etdiyimiz deyilə bilməz. Balta, çəkic, iskənə kimi əl alətlərindən istifadə edirik.
Bu əşyaları hazırlamaq üçün biz ilk növbədə ağacı balta və çəkiclə "kobudlama" adlandırdığımız prosesdən keçiririk. Daha sonra lazım olan hissələri iskənə, yaxud toppuzla qaydasına salırıq. Ən sonda isə kiçik əl bıçaqları köməyimizə çatır. Çünki xırda çizgiləri, incə naxışları işləmək üçün nazik əl bıçaqlarından istifadə mütləqdir.
Daha yaxşı qalması və parlaq görünüş əldə etməsi üçün hazır məhsulun üzərinə dolğu və lak vururuq. Lakin elə müştəri və sifarişçilər olur ki, onlar ağacın tam təbii qalmasını istəyirlər. Bu zaman biz heç dolğudan da istifadə etmirik.
Ümumiyyətlə, şabalıd və qoz ağacları dünya səviyyəsində tanınan ən keyfiyyətli materiallardır. Məsələn, şabalıd ağaclarından hazırlanan məhsullar dolğu vurulmadığı təqdirdə də illərlə, hətta əsrlərlə qala bilər. Hətta açıq hava və yağışın altında qalsa belə, bu ağac materialından hazırladığım əl işləri nə qaralır, nə qırılır, nə də ki çürüyür".
Usta Şahin bu əsərləri meydana gətirmək üçün elə də uzun vaxtın lazım olmadığnı deyir:
"Kiçik suvenirlər var ki, onların hazırlanması üçün bir neçə saat da bizə kifayət edir. Lakin elə işlər də var ki, 1-2 aya ərsəyə gəlir. Bu işlərin də bu qədər vaxta hazır olmasının səbəbi həmin əl işinin həcmindən, ölçüsündən və yorucu olmasından irəli gəlir. Elə bir əl işim olub ki, mən onu 2 ilə bitirmişəm. Çünki onu fasilələrlə, yalnız boş vaxtlarımda işləmişəm. Müştəri və sifariş sıxlığına görə boş vaxtım az olduğu üçün o işə aylarla əl vurmadığım da olub".
Usta Şahin həm müştərinin istəyinə uyğun, həm də öz fantaziyasına əsasən istənilən mövzulara müraciət etdiyini deyir:
"Mənim mövzularım çoxdur, fantaziyam genişdir. Əvvəlcədən hazırlayıb yığdığım məhsullar daha çox satılır. Alıcılar əsasən yerli vətəndaşlarımız, bakılılar və turistlərdir. Turistlər bizim milli ornamentləri əks etdirən və daha kiçik həcmli əşyalara üstünlük verirlər. Əl işlərim arasında qiyməti 1 manatdan 1000 manatadək olan əşyalar var. Bəzilərininsə mənim üçün ümumiyyətlə qiyməti yoxdur, həmin əşyanın özüm üçün dəyəri böyükdür".
Usta bu işi gələcək nəsilə ötürmək üçün gənclərə dərs keçdiyini də bildirib:
"Tələbələrim də var. Onlara bu işin incəliklərini öyrədirəm. Amma əsas tələbələrim necə deyərlər, özümkülərdir. Öz oğlum və bacım oğlu mənim sənətimi davam etdirəcəklər".