“Quran xətmi” deyilən bir mərasim də var. Quranın oxuyub başa çatmasını qeyd edən mərasim. Bu zaman xətm duası deyiləni ərəbcə oxuyurlar. Dualarda ana dilimizə etiraz etməyənlər, eləcə də ehtiyacı olanlar üçün həmin duanı dilimizə çevirdim ki, lazım bilsələr, istifadə etsinlər:
Xətm duası
Rəhman Rəhim Tanrı adıyla
İlahi, qəbul buyur bu oxumuş olduğumuz Yazını. Təkcə Sənsən eşidən, biləyən, təkcə Sən! Qəbul buyur tövbəmizi. Təkcə Sənsən tövbələri qəbul eləyən, Rəhim olan, təkcə Sən! Ulu Oxu xətminin bərəkəti, sevimli bəndən Məhəmməd Seçilmişin - kəramətli elçinin hörmətinə doğru yola - haqq yoluna yönəlt bizi. Əfv et bizi, ey Rəhim! Lütfünlə, kərəminlə keç bizim suçumuzdan, ey səxavətlilər səxavətlisi, rəhimlilər rəhimlisi! Oxu xətmi ziynətilə süslə bizi, Oxu xətmi kəramətilə möhtərəm kimsələrdən qıl bizi, Oxu xətmi şərafətilə şərəfləndir bizi, Oxu xətmi libasını geyindir bizə, Oxu şəfaətilə cənnətə sal bizi. Oxu hörmətinə qurtar bizi dünyanın hər bəlasından, axirət əzabından. Oxu hörmətinə yurdumuzu, ölkəmizi hifz elə, İlahi! İlahi, bu Oxunu bizdən ötrü bu dünyada dost elə, qəbirdə munis elə, qiyamətdə iltimasçı, yolumuzda nur elə, bütün xeyir işləri nişan verən öndər elə! Bu Oxunun hər hərfinə bir şirinlik ruzisi, hər sözünə bir kəramət, hər ayəsinə bir səadət payı, hər surəsinə bir salamatlıq yazısı, hər cüzünə bir mükafat yaz, İlahi! İlahi, bu Oxuya görə yazacağın savabı, aydınlıq payını bizlərdən bir hədiyyə olaraq yetir ata-analarımızın, oğul-qızlarımızın, qardaş-bacılarımızın, dostlarımızın, yaxınlarımızın, şəhidlərimizin, alimlərimizin, ustadlarımızın ruhlarına, üstümüzdə haqqı olan hər bir kəsin ruhuna, inanan kişilərin, qadınların ruhlarına, dirilərin, ölülərin ruhlarına. Böyükdür mərhəmətin, ey rəhimlilər rəhimlisi! Ucalardan ucadır ulu Rəbbimiz! Salam olsun göndərilmiş elçilərə! Alqış Tanrıya, aləmlərin Rəbbinə!"