Teleqraf.com xəbər verir ki, şair Rüstəm Behrudi də Alim Qasımovun doğum günü təbriklərinə növbəti maraqlı yazısı ilə qoşulub
“Oxu, Alim, oxu! Göy üzünü sevib, Yer üzündə yaşamağın acısı var səsində. Oxu!
Boş bir məzar var uzaqlarda, başdaşını atəşlər yonur cəhənnəmdə. O atəşlərin üstünə oxu!
Kiminsə keçmişi kiminsə gələcəyi, kiminsə gələcəyi kiminsə keçmişidir. Bəs, onda hara can atırsan, zalım adam?! Can atmadan oxu!
Bir sərxoş boş qədəhdən nə umursa, buralardan umacağın o qədərdir sənin! Oxu və çıx get!
Oxu! Bəndələri gücsüz Allahdan qaçıb İblisin bər-bəzəkli arabasına minməyə qoymamaq üçün oxu!
Bizi yer üzündə təkbaşına buraxıb gedən Tanrının adına dua oxu!
Bizim hamımızın əvəzindən oxu!
Tanrıdan başqa hər şeyi unuda-unuda oxu!
Adsız bəndələrin adı ilə oxu!
Oxu;
Çıxıb zaman adlı həddən,
Tanrıya çox yaxınsan sən,
İsa, Musa, Məhəmməddən
Bu divanə halın ilə!
Oxu, Alim, oxu!
Doğum günün qutlu olsun, qardaş!”