Yaxın zamanda “My Production”ın istehsalı olan “Big Bubble əməliyyatı” adlı ilk uşaq macəra filminin təqdimatı keçiriləcək.
Bu barədə Teleqraf.com-a filmdə ana obrazını canlandıran “Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Musa məlumat verib.
Filmin rejissori Teymur Nəcəfovdur. 4 ildir Teymur Nəcəfovla əməkdaşlıq etdiyini deyən Dilşad Musa bildirib ki, filmi ərsəyə gətirənlərə uşaqlarla işləyən komanda lazım olub: “Ona görə də təklifdən imtina etmədim”.
Dilşad Musa Azərbaycanda son illər maraqlı uşaq filminin çəkilmədiyini bildirib: “Ən maraqlı uşaq filmləri uzun illər əvvəl istehsal olunub. Hamımızın uşaqlığı “Sehrli xalat”, “Bir qalanın sirri” kimi sovet kinosunun məhsulu olan filmlərə baxmaqla keçib. Hər bayramda təkrar-təkrar eyni filmlərə baxırdıq və artıq bu kinoları əzbər bilirdik.
Amma yeni nəsillər yetişirdi, sovet filmləri indiki uşaqlara maraqsız görünürdü. Çünki orada yeni texnologiyalardan istifadə olunmur, müasir nüanslar göstərilmirdi... İndi uşaqlar çox inkişaf ediblər və texnologiyalar əsridir. Mənim də rol aldığım bu film isə tamamilə müasir texnoloji şərtlərlə çəkilib.
Teymur müəllim mənə rol təklif edəndə bacaracağıma inanmadım. Amma uşaqlarla işləyən biri kimi deyə bilərəm ki, böyük əziyyətlər hesabına da olsa filmi uğurla bitirdik”.
Filmə “Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzi ilə “Gənclərin töhfəsi” İctimai Birliyi təşkilati dəstək verib.
Rejissor Teymur Nəcəfovun ekranlaşdırdığı filmdə iştirak edən uşaq aktyorlar “Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin üzvləridir.