“Xarı bülbül”, “Azərbaycan narı” qalstuklarının müəllifi kimi tanınan iş adamı Yavər Məmmədov şəxsi ideya müəllifliyi və təşəbbüsü ilə İtaliyanın “Andrew’s Ties” ticarət markası altında ərsəyə gətirdiyi “Qarabağ atı” adlanan yeni qalstuklarına həsr etdiyi video-klipi təqdim edib.
Bu barədə Teleqraf.com-a klipin müəllifi Yavər Məmmədov özü məlumat verib.
O bu qalstukların Qarabağ atları, onun gözəlliyi və tarixinə həsr olunduğunu açıqlayıb: “Bu iş bir komandanın güclü səyi nəticəsində ərsəyə gəldi. Rolik “Qarabağ atları”na həsr olunan qısametrajlı film sayıla bilər. Süjet xətti mənim arzularımla bağlıdır.
Bu ideyanın yaranması qəlbimdə olan bir nisgillə bağlıdır. Uşaqlıq illərində hər il yay tətilini Qarabağda babamgildə keçirirdim. Babamı daha çox sevdiyimdən onlarda qalırdım. Ancaq atlara olan böyük sevgim məni günün böyük bir hissəsini qohumlarımın həyətində atlarla məşğul olmağa vadar edirdi. At minir və onlara qulluq edirdim. Bu işdən mənəvi zövq alırdım. Bu isə babamın ürəyincə deyildi, çünki məni gün ərzində çox az görürdü.
Tətilin son günü babam məni yanına çağırıb dedi: “İndi gedirsən, ancaq gələn yay bura gələndə sənin hamının atından gözəl öz kəhər atın olacaq. Özü də Qarabağ atı...”
Sevincimin həddi-hüdudu yox idi. Təəssüf ki, sevincim uzun sürmədi və elə həmin ilin qış aylarında babamı itirdik... O illərdən babamla bağlı qəlbimdə qalmış nisgili bu gün də yaşayıram. Buna görə Qarabağ atlarına həsr etdiyim bu layihəni babamın əziz xatirəsinə ithaf etmişəm”.
Xatırladaq ki, Qarabağ atlarına həsr olunan qalstuk yüksək keyfiyyətli ipəkdən hazırlanmış əl işidir.
Qalstukun əsas rəngi olan mavi rəng onu gündəlik və iş həyatında asanlıqla istifadə etməyə imkan verir. Qalstukun üzərindəki nallar əsasən iki rəngdədir: qəhvəyi və tünd göy. Qəhvəyi rəng həm atların rəngini, həm də dağ və torpaq rəngini xarakterizə etməklə qalstukun istifadə əhatəsini də genişləndirir.
Qalstukun qutusu üçün İtaliyadan xüsusi “at dərisi” adlanan süni dəri gətirilib, qutunun üzərindəki elementlər isə atların damğalanmasını xatırladan isti basqı ilə yaradılıb. Qutunun qapağının ağzında olan kiçik damğa Qarabağın sonuncu xanı Mehdiqulu xanın atına vurulmuş damğadır. Qutunun içərisində məlumat kitabçası var ki, orada da Qarabağ atları barədə Azərbaycan və ingilis dillərində geniş məlumat verilib.
Bu qalstuklardan təbliğat vasitəsi kimi də istifadə etmək olar. Azərbaycanın milli at cinsi olan Qarabağ atlarına dövlət qayğısı var və bu sahə ölkə Prezidentinin şəxsi nəzarətindədir.
“Qarabağ atları”na həsr olunan qalstukun tanıtım çarxını təqdim edirik.