ATV telekanalında yayımlanacaq “Barama” adlı yeni serialdan bir fraqment sosial şəbəkədə rezonans doğurub.
Teleqraf.com xəbər verir ki, hamilə qadının qarnından güllə yarası alması ilə bağlı kadrlar Feysbuk istifadəçilərinin müzakirəsinə səbəb olub.
Serialda hamilə qadın obrazını canlandıran aktrisa və ssenari müəllifi Reyhan İsayeva bununla bağlı Teleqraf.com-a danışıb.
O bildirib ki, seriala ssenarist kimi qoşulub: “Lakin ssenari müzakirə edilərkən, baş qəhrəman Babəkin (Aqşin Fateh) həyat yoldaşı rolunu mənə təklif etdilər. Mən də razı oldum. Ümid edirəm ki, bu işimiz tamaşaçılar tərəfindən də bəyəniləcək”.
Qeyd edək ki, serialın baş prodüseri, ssenari müəllifi və baş rol oyunçusu Aqşin Fatehdir. Həmçinin Tural Ağayev və Reyhan İsayeva da ssenari müəlliflərindəndir. Kriminal dram janrında çəkilən ekran işinin rejissoru Vüsal Hacı Qədir, operator Şahmar Səfəroğludur.
Həftədə bir dəfə yayımlanacaq serialın ilk efir günü sentyabrın 15-dir. Serialda xalq artistləri Nürəddin Mehdixanlı, Həmidə Ömərova, əməkdar artist İlqar Cahangir, aktyorlar Namiq Ağayev, Tural Baxış, Cavanşir Hadıyev, Faiq Mirzəyev, Asif Rəhimov, aktrisalar Asya Atakişiyeva, Aynur Əliyeva, və başqaları yer alır.