Habil Rzanuru ilk dəfə sosial şəbəkələrdə dostların paylaşdığı bir şerindən tanımışdım. Sonra dost olduq. Şeirləri qəribə özünəməxsus ahəngi, bənzətmələri ilə çox fərqlənirdi. İçinin bütün həssaslığını bir misrasında görmək mümkün olurdu:
“İçimi çölümə daşıya bilsəm,
Çətin ki, bir kimsə girə qoluma”.
Şeirlərinin əlindən tutub, zövqünə güvəndiyim Teleqraf.com-a, qapısı hər zaman istedada açıq olan bu saytın redaktoru, istedad sorağında olan, özünün təbirincə desək, ən doğma adamı olsa belə, sözünün çəkisi yoxdursa, yaxına buraxmayan Pərviz Cəbrayıla üz tutdum. Habilin bir neçə şerini göndərdim, oxuyub fikir deməsini xahiş etdim. Özüm üçün çox maraqlı idi bu şeirlər haqda hamı mənim kimi düşünürmü deyə. Şeirlər gözəl bir başlıqla saytda verildi və qərara aldım ki, bu şairi oxucular daha yaxından tanımalıdır.
Habil Rzanurla müsahibəni təqdim edirik.
- Niyə Rzanur?
- Mənim tam bir şəxsiyyət kimi formalaşmağımda əsas rolu babalarım oynayıb - Rzaxan və Nurbaba. Onlara laiq olmağa çalışmışam və yaranan ilk fürsətdəcə bu adları az da olsa yaşada bilmək üçün çalışıram.
- İlk kitab, ilk uğur: "Əfsanə"lər yalandır". Bu kitab sənə nə verdi, nə aldı?
- Bu hissi siz də yaşamısız, yəni o möhtəşəmlik elə hər vaxt qarşına çıxacaq şey deyil əlbəttə. Amma hər uğur bir məsuliyyətin təməlini qoyur. Qazandığım məsuliyyət itirdiyim bayağılığın tamını, hətta artığını təşkil edir.
- Sosial şəbəkələrdə daha çox evlənmək statuslarınla xatrlanırsan. Evlənməyi niyə bu qədər əlçatmaz etmisən?
- Mən bu işə bir az yaradıcı yanaşdım və bir aralar gündəmi bu yazılar zəbt etmişdi. Reallıq başqadır! Mənim sevgi həyatım zətən çoxuna bəllidir axı: "Əfsanə"lər yalandır". Bildiyiniz kimi, tək oğulam, evdə məni “evlən” deyə çox sıxışdırırlar. İstəmirəm bu mənfi enerjini kimlərəsə ötürüm. Feysbukda isə tam əksini, “evləndirmirlər” deyirəm, həm də bir az yumor qatıram. Qoy kiminsə üzü gülsün, bu da bir işdir.
- “Məni unudan qızın üzünü unutmuşam,
Dodağını, qaşını, gözünü unutmuşam”, - unutmaq necə olur?
- Sizi əmin edirəm, unutmağın nə olduğunu bilmirəm. O deyirlər e, unudulmuş xatirələr-filan, onlar yalan şeydi. Xatirələr unudula bilməyən ağrıdı.
- Birdən ağlım karıxdı,
Nağıl olmaq istədim.
Mən də Məlikməmməd tək
oğul olmaq istədim, - əfsanələrə inanmayan adam necə nağıl olmaq istəyir?
- Hər bir həqiqətin əlbət ki, bir yalan tərəfi var. Yəni o böyük partlayışdan, necə desək, yaranışdan bu günə kini hər şeyin iki tərəfli olduğuna inanan biz insanlarıq. İnsan olduğumu nəzərə alsaq, burda da mənim ikinci tərəfim üzə çıxır. Ən gözəl sevgilər nağıllarda olur, ən möhtəşəm qovuşmaqlar əfsanəyə çevrilir. Mən öz nağılımda divə əfsanəvi şəkildə məğlub oldum. Bu nağılda qazandığım üç alma da...
Yalan...yalan...və yalan! Oldu
- Ciddi ədəbiyyat yaratmaq üçün mütailə, öz üzərində dayanmadan çalışmaq işin hansı hissəsini təşkil edir?
- Ümumiyyətlə, ciddi ədəbiyyat ciddi hadisələr zəncirinə bağlıdır, ilk öncə içindəki şəxsiyyəti çölünə daşıya bilməlisən. Bu, tək mütaliənin işi deyil. Çevrən, ətrafın buna birbaşa təsir edir.
Suala birbaşa cavab olaraq da deyim ki, hardasa əsas hissəsini təşkil edir mütailə. Hər şey olmasa da, əslində, çox şey deməkdir.
- Şeirlərindən hansını ən uğurlu hesab edirsən?
- Əslində, hər şeirim bir uğurumdur. Bir az təvəzökarlıqdan uzaqlaşıb səmimiyyətə yaxınlaşsaq, RzaNur imzasını sevdirən onlarca şeirim var ki, bunlar da uğurun necə olduğunu dadmağı lütf edib mənə. Amma "Suriyadan məktub" ən uğurlu şeirimdi deyərdim.
- Niyə məhz Suriyadan məktub?
- Mənə “hadisələrin şairi” deyə az xitab etməyiblər. O bir dönəm var idi ha, Suriyada uşaq başı kəsmək artıq hobbiyə dönmüşdü az qala, bax bunu görəndən sora yazıldı bu şeir. Bəlkə də qorxdum! Qorxdum ki, daha orda məktub yazmağa uşaq qalmaz, hələ bəzi şeyləri özüm də çözə bilməmişəm. Bir də ki, bu şeirə görə təzyiqlərə də məruz qalmışam, amma dəyərdi.
- Niyə ölümə bu qədər həvəslisən?
- Heç nə süniliyi sevmir, ölüm təbii prosesdi, ancaq mən bunu süniləşdirmək istəmişəm iki-üç dəfə. Yəni ölümə salam verdim, almadı.
Bəlkə də ən gülməli intihar hadisəsini mən yaşamışam. Özümü elektrik naqilinə qoşub intihar etmək istəmişdim, kəndin transformatoru yandı. Ütünün şnuruna hələ də heyifim gəlir, təzə almışdıq (gülür).
- Əfsanələr niyə yalandı ki?
- Hərənin öz dünyası var, mənim də həmçinin. Dünyanın ən qəşəng yalanı mənə məxsusdu: "Əfsanə"lər yalandır" və mən hələ də dünyanın ən eybəcər aşiqiyəm.
- Boyun qaçırmağa çəkindiyin mükələfiyyət varmı?
- Bu, məsuliyyətdən qaçmaqdan özgə heç nə deyil mənə görə.
Özündənrazı deyiləm. Amma özümə güvənirəm. Əlçatmaz, bacara bilmədiyim çox şey var ki, nəinki onlardan qaçmıram, əksinə, onlara tərəf qaçıram. Yox, yoxdur!
- Gələn günlərini qurban verərdin, ötən günlərini qaytarsaydılar?
- İnsan yaranışdan nəyisə qurban verir. Bu, artıq vərdiş halını alıb. Bugünkü halımdan məmnunam, dünənim elə də rahat olmayıb. Keçmiş və gələcək barədə də eyni fikirdəyəm. Qurban olmaq və qurban vermək artıq məni yorub. Xeyr, vermərəm!
- Gözəl olan sevməkdi, ya sevilmək?
- Bir dəfə bir yazımda demişdim ki, bağışlamaq bağışlanmaqdan daha gözəl hisdi. Bu sual onu xatırlatdı, çox gözəl sevə bilirəm, sevilmək üçün cəhd etməmişəm. Artıq insanları deyil, insanlığı sevirəm. Həyat fəlsəfəm insanlığa yatırım etməkdir. Bu, daha gözəldi.