Hamımımz bilirdik ki, vəziyyəti ağırdır. Özü də bunu dərk edirdi. Elə hey deyirdi ki, bu xına o xınadan deyil. Əzizlərinə təşəkkür etdi və dedi ki, mənim üçün çox əziyyət çəkdiniz, haqqınızı halal edin...
Bu sözləri aşıq Ədalətin ölümü ilə bağlı Teleqraf.com-a açıqlamasında Çiçək Mahmudqızı deyib. O, dədə Ədalətin ölümünü dünəndən hiss etdiyini bildirib:
“Dünən elə bil vida gecəsi idi. Yanına xeyli adam gəldi. Bütün Qazax əhli onun başına toplaşdı. Hamı ilə bir-bir görüşdü. Akif Məhərrəmlinin oğlu, Kamran Nəbizadə, Nəriman Həsənzadə, İlham Pirməmmədov və adını çəkmədiyim bir çox ziyalı insan onunla son kəs görüşüb şəkil çəkdirdilər. O da hamıya öz təşəkkürünü bildirdi. Lakin canı tab gətirmədi. Bu gün günorta saatlarında haqq dünyasına qovuşdu. Allah rəhmət eləsin...”
Çiçək xanım dədə Ədalətin şüadan sonra pisləşdiyini bildirib:
“Həkimlər deyirdi ki, şüaya tab gətirsə, yaxşılaşacaq. Yaxşılığa doğru gedəcək. Amma canı dayanmadı. Ölənə kimi biz heç birimiz risk edib soruşmadıq ki, görəsən, xərçəng olduğunu anlayıb, ya yox?! Amma şüa müalicəsindən sonra hər halda bunu dərk etmişdi”.
Qeyd edək ki, Aşıq Ədalətin harda dəfn olunması hələ ki, dəqiqləşməyib. Əməkdar incəsənət xadimi olan Aşıq Ədalətin dəfnini dövlət qurumlarının təşkil edəcəyi bildirilir.
Allah rəhmət eləsin.