14:01
Şeirləri dillər əzbəri olan məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb.
İsmayıllı Region Mədəniyyət və Turizm idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağıyev Report-a bildirib ki, buna səbəb evin bir divarının uçması olub.
Onun sözlərinə görə, muzeyin sökülməsinə Mirzə Ələkbər Sabirin nəvələri Elçin və Gündüz Tahirli qərar veriblər: "Onlar artıq yeni layihəni təsdiqləyiblər. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək".
R.Tağıyev qeyd edib ki, ev əvvəlki formasında və şərq memarlıq üslübunda olacaq: "Bu binada əvvəlkindən fərqli olaraq konfrans zalı və fond otaqları yerləşəcək. Binanın tikintisi ilə nəvələri şəxsən məşğul olur. Onlar bu yaxınlarda Mirzə Ələkbər Sabirin gəlininin dəfn mərasimi üçün Şamaxıya gəlmişdilər. Gəlini Sabirin yanında dəfn olunub".
Qeyd edək ki, M.Ə.Sabir 1911-ci ildə 49 yaşında Şamaxıda vəfat edib və doğma şəhərində torpağa tapşırılıb.
***
Hazırda xüsusi layihə əsasında şair Mirzə Ələkbər Sabirin sökülən evinin orijinalı yenidən inşa edilir.
Bunu Teleqraf.com-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəməmmədov deyib.
Onun sözlərinə görə, şairin evi çoxdan yararsız vəziyyətə düşüb: “Bunun üçün şairin evi sökülüb. Həmin ev muzeyi orijinal deyildi. Hazırda layihə əsasında evinin orjinalı inşa edilir”.