Deyir, eşşək bir batdığı yerə bir də batmır. Yaxşı məsəldir, gəl, sən onu mənə de. Hər dəfə Qazaxdan Bakıya gələndə ertədən oyanıb qatara bilet almağı unudur, gecə avtobusa minməyə məcbur qalıram.
...Səhərəyaxın çatır.
Düşürəm, hara gedəm, kimin qapısını döyüb şirin yuxusuna haram qatam, bilmirəm. Kor-peşman Bakı Beynəlxalq Avtovağzalının ikinci mərtəbəsində yerləşən gözləmə zalının dəmir oturacaqlarına üz tuturam.
Düzdür, qışda soyuq olur, oyananda boynum dönmür, amma Allah bu avtovağzalı tikənin yeddi arxa dönənini hifz eləsin, heç olmasa bir-iki saatlıq gözümün yuxusunu alıram. Mühafizəçi qardaşlar da adam balası kimi – skamyaya təpik atmadan oyatmağı öyrənsələr, əla olar.
Təpik atmaqları cəhənnəm, oyadan kimi qabaqlarına qoyub danlayırlar: “Səhər olub, yatmaq olmaz”, “Camaatın anası-bacısı var, yaxşı deyil”, “Qalx, camaata yer elə”. Özünü vətənində yadelli kimi hiss edirsən, gəl ki, hansısa bir qərib ölkədə yadelli köpəyoğlu sənlə bu cür davranmaz, allah haqqı.
Özümüzünkülər isə...
Həmişə belə edirlər, həmişə. Bir o qalır, salsınlar şillə-təpiyin altına... Sonra da söysünlər ki, belə filan oğlu, bura sənin üçün hotel-zad deyil.
Gecəboyu çimir almayan adamların halını bilirəm, çox yaxşı bilirəm; qaşınmayan yerdən qan çıxararlar, başa düşürəm, gərək onlar da məni başa düşə ki, rayondan yol gəlib, süst düşüb.
Üstəlik, o mühafizəçi qardaşlar kefindən oyaq qalmır axı, yuxusunu satır.
Mən eqoist adam deyiləm, demirəm, satmasın. Satmasa, acından ölər axı! Satsın e, amma gördüyü işi də sevsin, ya getsin sevdiyi bir işlə məşğul olsun. İşini sevmək çox önəmlidir, çox.
Bu məqamda yerimə başqası olsa Cem Yılmazın “Kakabüs” skecini danışardı. Adicə səyyar tualet işlədib, özünü holdinq rəhbəri kimi aparan ata-oğulun hekayəsini...
Yox, mən onu danışmayacam.
Mənim öz hekayəm var. Öz hekayəm deyəndə ki, o mühafizəçi qardaşların gözbəbəyi kimi qoruduğu avtovağzalın ağsaqqal süpürgəçilərindən biri haqqında danışmaq istəyirəm.
“Danışmaq istəyirəm” deyəndə ki, çox istəyərdim göstərəm o kişini. Təəssüf ki, xeyli vaxtdır, görmürəm. Nə fotosu var, nə videosu. Bəlkə, indi durub avtovağzala getsək, yerində tapmarıq; bəlkə də bu dünyada...
Maraqlı adamdır, çox maraqlı.
Baxsan, uzağı yüz əlli manat maaş alır, gəl ki, avtovağzalın altından girir, üstündən çıxır, ayağı dəyən, gözü görən yerləri silib-süpürüb gümüşə döndərməmiş əl çəkmir. O boyda işləməyin qabağında isə üzündən təbəssüm əskik olmur. Görəndə yerə tüpürmək nədir, adam siqaret çəkmək istəmir.
Ki, külünü hara vuracam?
“Tüpürmək” dedim, ağlıma gəldi, rayon camaatını topa tutan qardaşlara deyin, bu yazını oxusun. İnsanlar gördüyü işi “ala başına, kül başına” eləməsə, aldığı pulun haqqını versə, dünyamız düzələr; nə kəndçilər yerə tüpürər, nə şairlər götürüb tənqidi status yazar ki, onlar gərək şəhərə buraxılmasın.