Xidməti girişdən içəri daxil olub keçirik teatrın görünməyən hissəsinə. Kulisdə aktyor Nofəl Vəliyev bizi qarşılayır. Hal-əhvallaşırıq.
- Nofəl bəy, mümkündürsə, bizi qrim otaqları ilə tanış edin.
Otaqların hamısının qapı divarında nömrələr və aktyorların adları qeyd olunub. Əgər Nofəl bəy olmasaydı, azıb qalacaqdıq bu dolanbac dəhlizlərdə. Daxil olduğumuz birinci otaq Vahid Orucoğlunun otağıdır. O, əlindəki kağıza baxır, öz mətnini bir daha oxuyur. Sonra üz gözünə əl gəzdirir. Özünə güzgüdə baxır. Bu baxışlar aktyorun tamaşadan qabaq öz yaratdığı obraza baxışıdır, hazırlığıdır.
Yol alırıq qrim sexinə, 30 nömrəli rekvizitlər otağına. Elə bil ki, gizli qətliam otağıdır. Rəflərdə qəribə pariklər taxılmış bir xeyli baş var. Güzgülərdən birində aktrisa Xalidə xanım bəzənir. Sol tərəfdə Vahidin saçını fenləyirlər.
Vahid zarafatyana gileylənir:
- Can-cigər, fotoqraf çəkir deyə, özümü sındırmıram, gülümsəyirəm, amma saçımın dibləri yandı axı, ehtiyatlı ol.
Nofəl bəy Xalidə xanımın yanındakı qız uşağını göstərib deyir, iş vaxtımız tələb edir ki, bəzi işçilərin uşaqları da gəlib bizimlə teatrda olsun. Bir növ uşaqlar teatrda böyüyürlər.
Müvəqqəti otaqdan ayrılıb aktyor Ədalət Əbdülsəmədovun otağına yollanırıq.
Nofəl bəyin qayğıkeş olmağını burada da gizlədə bilməyib səhhətimlə maraqlanır.
- İnternetdə mədəndə problem olduğunu oxudum. Mənim dərs dediyim tələbələrimdə də belə problemlər olur. Onlara həmişə deyirəm ki, mədəniz ağrıyırsa, gözünüzə eynək taxın. Yəni yeməyinizə fikir verin.
“Bir az içki, bir az siqaret, bir az yemək, bir az əsəb... Nofəl bəy...” - mızıldanıram.
- Olmaz. Qəti! Bu saydıqların çox adamları məhv edib. Mənim atam vaxtilə yaxşı karyera sahibi ola bilərdi. O müəllim olmağı seçdi. Ki, sərbəst olsun. Dərsini desin, evə gəlsin. Yesin, içsin, gün görsün. Hə, bir də teatr da mədəyə xeyirdir.
Elə bil ki, əynimizə sehirli xalat geyinmişik. Otaqlara səyahətimiz o qədər sürətli və maraqlıdır ki. 39-cu otağa yaxınlaşanda Nofəl bəy içəri səslənir:
- Əyninizi geyindiniz, xanımlar?
İçəridən səs gəlir ki, yox...
- Neyləyirsiz? Ev tikirsiniz orada?
39-dan ötüb digər otağa giririk. Qapını açan Elşən Çarhanlı bizi qarşılayır. Əli şalvarının belində “İnan, eşitdim ki, çəkiliş gəlir, şalvarı tələsik keçirtdim əynimə”.
“Siz işinizdə olun, biz də öz işimizdə, - deyirəm. Natiq Fərzəliyev zarafatlaşır:
- İndi nə edək, lütlənək ki, təbii olsun?
Yollanırıq baş rolun ifaçısı Nuridə xanımın otağına. Onun qrimi biz gəlməmişdən də hazır idi. Sadəcə, son dəfə güzgüdə özünü hazırlıq baxışından keçirməlidir.
Nofəl bəy bizi öz ixtiyarımıza buraxıb hazırlaşmağa gedir. Gəzə-gəzə düşünürəm ki, bizim işimiz bilet alıb teatra gəlməkdir də. Amma bax, adamlar qarışqa kimi ora qaçır, bura qaçır, məşqlər, tamaşadan əvvəl hazırlıq. Və səhnə. Guya yeni nəsə kəşf etmişəm. Hər sahədə belədir də. İndi siz də mənim bu 5-10 dəqiqəlik yazımın mətbəxini görmürsünüz ki. Hamısını yazsam sirri qaçar.
Nofəl bəy bizə 23 nömrəli otaq demişdi. Qapını açıram. Nofəl bəy güzgünün önündə oturub, üzünə krem çəkir. Deyir, qrimi özümüz edəndə bu, adama bir növ motivasiya verir. Kərəm Hadızadə özünə bığ seçir, bığları bir-bir yoxlayır, arabir Nofəl bəyin sözünü təsdiqləyir. Nofəl bəy öz halalca bığını rəngləyə-rəngləyə: “Tamaş bitsin, bığımı yollayacam məzuniyyətə. Heç xoşum gəlmir təkcə bığ saxlamaqdan, - üzünə kirşan çəkə-çəkə davam edir: - Bu isə işıq düşəndə üzümüzü parıldamağa qoymur”.
Aktyorlarımız hazır olandan sonra birlikdə Anar Seyfullayevin otağına gedirik. Anarla Elşən Hacıbalayevi çox əla əhval-ruhiyyədə görürük. Musiqili, rəqsli qrim prosesi. Anar otaqdan çıxır və deyir: “Bizdə belədi də, aclıq olsun, kef olsun”.
Musiqi davam edir: “Düşün məni, düşün məniiii...”
Anar dəhlizdə aktrisa ilə toqquşur. Amma məzəli şəkildə özünü qorxmuş kimi göstərir. Fikir verirəm, o qədər rol oynayıb ki, həyatı da aktyor kimi yaşayır. Ən azından tamaşaya az qalmış aktyor havasından çıxmır.
Tamaşaya az qalmış siqaretlə ciyərlərimizə atəş açırıq. Zala daxil oluruq. Bizə yer göstərirlər. Sonra başqaları da yavaş-yavaş yerlərini tapır.
Deməli, tamaşanın adı "Buzovna kəndinin əhvalatları"dır. Tamaşanı əvvəldən sona kimi ərz etmirəm. Əziyyət çəkib gəlib baxarsınız. Amma xüsusilə diqqətimi çəkən hissələri yazıram. Tamaşanın mövzusu çox aktualdır. Kənddə bir ailənin həyatına bir tamaşalıq səyahətdir.
Alkaş Əmirqulu deyinən arvadına kinayəylə deyir:
- Əşşi, adam sənə baxanda içmək istəyir e.
Arvadı Xeyransa özü-özünə danışır, gedib tut ağacını qucaqlayıb ki, gəl arvadım ol.
Əmirqulu cavab verir:
- Hə, nə olsun, oldu? Arvadım oldu?
Zalda gülüş səsi alqış səsinə qarışır.
Nisəylə Ağagünü əncir ağacının altında öpüşən yerdə tutan alverçi Zibeydə deyir ki, evə niyə işıqlı yolla getmirsiz. Gəlib bu qaranlıqda sən onu març-murç, o səni març-murç.
Ağagün əsəblə:
- Ay Zibeydə xala, guya özün düz-əməli adamsan? Sən niyə işıqlı yolla getmirsən, gəlib qaranlığa soxmusan özünü?
Bu dəfə gülüşlə alqış daha da ucaya qalxır.
Zalın ortasında dekorasiya fırlanır, Zibeydənin ayağı dolaşsa da, elə edir ki, camaat hiss etmir, əksinə, gülüşlə qarşılayır.
Elşən Hacıbalayev seçilən aktyordur, elə təkcə simasının səhnədə görünməyi hamının gülüşünə səbəb olur. Arxamda bir tamaşaçı səhnədə işıqların üçüncü dəfə sönməyinə reaksiya verir.
- Deyəsən, fasilədir.
Tamaşa su kimi getdiyindən yəqin birinci hissənin bitməyini istəmir.
Ağagün içində toyuq olan zənbili gətirib Zibeydəni razı salır ki, gördüyünü heç yerdə danışmasın. Söz verən Zibeydə Ağagün gedəndən sonra zənbili də götürüb gətirib qoyur Ağagüngilin həyətindəki pilləkənin kandarına. Amma tamaşa boyu axır ki, Nisəylə rastlaşan Zibeydənin arvad hamamında onların öpüşməyini qadınlara dediyini etiraf edir. Deyir ki, amma ad çəkməmişəm.
Bayaq dedim ki, tamaşa çox aktualdı. Ona görə ki, evin yiyəsini oynayan obrazın diliylə desək, indi bu kənddə hamı evini kirayə verib yaşayır. Hə, elə şəhərdə də belədir, bir vaxtlar Moskvada da belə idi, Fransada da. Amma həqiqətən də tamaşadakı kimi kirayənişinlər həmişə mədəni, əxlaqlı olmur. Kirayənişinlərlə birgə yaşamaq həmişə rahat olmur.
Nofəl bəy, yəni Bəşir obrazı kirayənişinin əridir. Arvaddan qorxan ər tipidir. Həyatımın atkritkası deyə-deyə arvadı Əminə xanımın qəzəbini söndürən Bəşir varlı ailənin başçısıdır. Tamaşada həm də şəhərlilərlə kənd mühitində yaşayan insanlar müqayisə olunur. Bəşirin müəllimləri başına yığıb qonaqlıqda hamısına konvert paylamağı da yaxşı ştrixdir.
Kirayənişinlərin əlindən bezən, onların yeyib-içib, dağıdıb-tökdüklərini yığışdıran Ağabacı da çarəsiz qalır. Ki, ərinə desə, qan düşər. Əminənin öz sürücüləri ilə evdə Bəşirə xəyanətinin üstünə gəlib çıxan Ağababa onları evdən qovur.
Bu yerdə yadıma buna oxşar bir hadisə düşür. Yaşadığım qəsəbədə bir ailə faciəli şəkildə qəzaya düşmüşdü. O ailə ki, arvad taksi sürücüsü olan ərinə onun polis dostu ilə xəyanət edirdi. Bir gün bunlar hamısı birlikdə rayona gedəndə qəzaya düşüb dünyalarını dəyişmişdilər. İki balaca uşaqları sağ qalmışdı.
Tamaşanın sonlarıdır. Natiq Rüstəmlinin boyu nə qədər balaca olsa da, böyük xəbərlər çatdıran poçtalyon rolunu oynayır. Tamaşanı isə bu olanları artıq keçmişdə qalan bir xatirə kimi danışan evin kiçik oğlu Nuhbala bağlayır.
Və beləcə həyat davam edir. Biz hər gün həyatımızda rast gəldiyimiz, içində olduğumuz hadisəni sənətə çevirən insanları alqışlayıb zalı tərk edirik.