Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti stabil ağırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə məlumat verib.
Onun sözlərinə görə, bu gün Tahir Əkbərin vəziyyəti ilə maraqlanmaq üçün Respublika Müalicəvi Diaqnostika Mərkəzində olub:
“Mərkəzinin baş həkimi Könül xanım Xəlilova ilə görüşdük və Tahir Əkbərin vəziyyəti barədə danışdıq. Baş həkimlə birlikdə reanimasiya şöbəsində xəstənin yanında olduq. Tahir Əkbəri müalicə edən Rövşən həkim müalicə prosesi barədə müfəssəl məlumat verdi”.
Millət vəkili bildirib ki, intensiv müalicə gedir:
“Vəziyyəti daim diqqətdə saxlanılır. Müalicənin xərclərini öz üzərinə götürmüş Heydər Əliyev Fondundan bəstəkarın vəziyyəti barədə mütəmadi maraqlanırlar”.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərə dəstək olub. Bəstəkar 1 saylı Kliniki Tibbi Mərkəzdən Respublika Müalicəvi Diaqnostika Mərkəzinə köçürülüb.